• 8 °C Bakı
  • 3 °C Quba
  • 8 °C Gəncə
  • 8 °C Yevlax
  • 6 °C Naxçıvan

Sabir Rüstəmxanlı: "İstərdim ki, Mehman Hüseynov aclığı dayandırsın"

08.01.2019 00:44
245
Sabir Rüstəmxanlı: "İstərdim ki, Mehman Hüseynov aclığı dayandırsın"

Azərbaycanın xalq şairi, keçmiş deputat Sabir Rüstəmxanlı "Azadlıq" radiosunun ona qarşı qərəzli olduğunu açıqlayıb.


Ekspress.az xəbər verir ki, S.Rüstəmxanlı özünün feysbuk hesabında yazıb ki, o Türkiyədə xəstəxanada olarkən sözügedən radionun əməkdaşı zəng edərək həbsxanada aclıq aksiyası keçirən bloger Mehman Hüseynovla bağlı münasibət öyrənmək istəyib.


""Azadlıq" radiosu jurnalistinin, mən müalicə prosesində olarkən gələn zənginə qısa cavabımı yaydığını görəndə təəccübləndim. Çünki telefonda salamlaşmaq, hal-əhval tutmaq bir şeydir, müsahibə götürmək ayrı şey. Mən qarışıq bir yerdə gələn zəngə cavab vermib demişəm ki, indi danışmaq imkanım yoxdur, xaricdəyəm. Hətta yerimi də demişəm ki, müalicədə oldugumu başa düşsün... Yaxşı başa düşüb! Görəsən bizim insanlığımız harda qaldı? Sağlıq diləmək əvəzinə, mənim əvəzimdən rəy də bildirib. Mən heç onun sualını eşitməmiş danışmaq imkanımın olmadığını bildirmişəm.

Azərbaycanda gənc fəallara münasibəti bəhanə edib ziyaliları hədəfə çevirmək olmaz. Çünki bu riyakar yolla söydürülən adamlar bütün həyatlarını milli- mənəvi, siyasi dirçəlişimizə həsr ediblər, illər uzunu hüququ pozulanların müdafiəçiləri olublar, müdafiə komitələrində və ya şəxs olaraq sözlərini deyiblər, çıxışlar ediblər, məktublar yazıblar və nəhayət çox vaxt öz hüquqları da pozulub.

Bizdə gənc fəallara münasibət gələcəyimizlə bagli məsələdir və hamımızı ciddi şəkildə narahat edir. Mən bu barədə fikrimi həmişə demişəm, bundan sonra da deyəcəyəm. Mehman Hüseynovun azadlığa çıxmasına az qalmış haqqında yeni ittiham irəli sürülməsi yolverilməzdir və mən bunu qətiyyətlə pisləyirəm. Lakin istərdim ki, o, aclığı dayandırsın və sağlamlığını qorusun. Dəfələrlə yazmışıq, bu gənclər bizim övladlarımızdır, sabahkı Azərbaycanın silah və fikir əskərləridir, onları sındırmaq xalqı, dövləti zəiflətməkdir və cinayətdir. Bu mənim mövqeyimdir və özünü milli- demokrat düşərgənin təmsilçisi sayan, mətbuatı izləyən hər kəs bunu bilir. Əlavə və yanlış rəy yaratmaq istəyənlər və bunu mənə qarşı kompaniyaya çevirənlər də bizi bu yolla mənəvi baxımdan əzməyə çalışırlar və onların Mehmanlara haqsız cəza verənlərdən heç bir fərqləri yoxdur", - deyə xalq şairi bildirib.

  • SON XƏBƏR
  • TREND