Vergilər Nazirliyi sahibkarları məlumatlandırır - FOTOLAR

17.01.2019 20:59
92
Vergilər Nazirliyi  sahibkarları məlumatlandırır - FOTOLAR

Vergilər Nazirliyində istehsal sahəsində fəaliyyət göstərən vergi ödəyiciləri ilə görüş keçirilib.


Nazirlikdən Ekspress.az-a verilən məlumata görə, görüşdə 2019-cu ilin yanvar ayının 1-dən Vergi Məcəlləsində qüvvəyə minmiş dəyişikliklər, vergi uçotunun şəffaflaşdırılması, “kölgə iqtisadiyyatı”nın minumuma endirilməsi, əmək münasibətlərinin leqallaşmasına dair qanunvericiliyin tələbləri ilə bağlı vergi ödəyicilərini məlumatlandırılıb və bu məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.


Tədbirdə çıxış edən vergilər nazirinin müavini Sahib Ələkbərov Nazirlər Kabinetinin son iclasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin vergi sistemində aparılan islahatlar, şəffaflığın təmin olunması və “kölgə iqtisadiyyatı”nın aradan qaldırılmasına dair fikirlərini tədbir iştirakçılarının nəzərinə çatdırıb.


Nazir müavini vergi qanunvericiliyinə edilmiş dəyişikliklərlə bağlı vergi uçotunun və sənədləşmə işlərinin düzgün aparılmasının və elektron qaimə-fakturalardan istifadə edilməsinin zəruri olduğunu vurğulayaraq vergi ödəyicilərinin nəzərinə çatdırıb ki, hər bir müəssisədə qanunvericiliyin tələblərinə tam əməl olunmalıdır, əks halda bu həmin müəssisələrin qanunda nəzərdə tutulmuş ciddi maliyyə sanksiyaları ilə üzləşməsi ilə nəticələnə bilər. Vergilər Nazirliyinin apardığı təhlilər nəticəsində məlum olub ki, mebel, alkoqolsuz içkiilər, rezin və plastik məmulatlar istehsalı sahələrində e-qaimə-fakturaların tətbiqi səviyyəsi 70-90 faiz səviyyəsində təmin olunursa, ev quşlarının yetişdirilməsi sahəsində bu göstərici 40 faiz, un istehsalı sahəsində 20 faiz, spirtli içkilər və qida sənayesi istehsalı sahələrində 10 faiz, bəzi sahələrdə isə hətta 5 faizdən aşağıdır.


Vergi ödəyicilərinn nəzərinə çatdırılıb ki, Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən, elektron qaimə-faktura və ya elektron vergi hesab-fakturası təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura və ya elektron vergi hesab-fakturası verilmədən təqdim edilməsinə görə - malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.


Digər mühüm bir tələb işçilərlə əmək münasibətlərinin leqallaşdırılması ilə bağlıdır. Qeyd edilib ki, Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi qanunla qadağandır və sahibkarlar işçilərlə əmək müqaviləsi bağlamalı, təqdim etdikləri hesabatlarda real əmək haqlarını düzgün göstərməlidirlər. Belə hallara yol verilməsi gəlirlərin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənlərə maliyyə sanksiyaları tətbiq edilə bilər. Vergi Məcəlləsinə edilmiş son dəyişikliklərə əsasən, işəgötürənə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2.000 manat, ikinci dəfə yol verdikdə 4.000 manat, üç və daha çox dəfə yol verdikdə 6.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.


Diqqətə çatdırılıb ki, qanunvericiliyə əsasən, yeni maliyyə sanksiyaları qüvvəyə mindiyi gündən 1 il müddətində belə hala birinci dəfə yol verildikdə vergi orqanı tərəfindən vergi ödəyicisinə maliyyə sanksiyası tətbiq olunmur və yalnız rəsmi (yazılı) xəbərdarlıq edilir. Xəbərdarlıq edildikdən sonra vergi ödəyicisi tərəfindən təkrarən belə hala yol verildiyi aşkarlanarsa, ona maliyyə sanksiyası tətbiq edilir.


Büdcə gəlirlərinin formalaşmasında hər bir vergi ödəyicisinin rolunun olduğunu bildirən nazir müavini qeyd edib ki, şəffaf fəaliyyət göstərən və vergi orqanları ilə partnyorluq edən, gəlir və xərclərinin uçotununu düzgün şəkildə və vaxtlı vaxtında aparan, qanunvericiliyin tələblərinə tam əməl edən vergi ödəyicilərinin fəaliyyətinin təhlili göstərir ki, şəffaflıq daha əlverişli biznes mühitinin formalaşdırılmasının, həm vergi ödəyicilərinin, həm də vergi orqanlarının fəaliyyətinin daha səmərəli olmasının əsas şərtlərindən biridir.


Vergilər Naziriyinin İqtisadi təhlil və ekspertiza Deprtamentinin baş direktoru Natiq Şirinov mal dövriyyəsinin sənədləşdirilməsi, vergi uçotunun aparılması, müəssisələrin maliyyə göstəriciləri və təqdim edilən bəyannamələrdə rast gəlinən risk faktorları barədə çıxış edib.

Sonra tədbirdə iştirak edən vergi ödəyicilərinin vergi qanunvericiliyində aparılmış dəyişikliklərlə bağlı çoxsaylı sualları cavablandırılıb. Görüşdə Bakı şəhərində və regionlarda istehsal sahəsində fəaliyyət göstərən 200-dən artıq vergi ödəyicisi və Azərbaycan Sahibkarlar Konfederasiyasının rəhbərliyi iştirak edib.


Qənirə MƏMMƏDLİ

  • SON XƏBƏR
  • TREND