Prezident: "Polşa Trans-Xəzər daşımalar dəhlizlərində də iştirak etməkdə maraqlıdır"


31.05.2019 18:50
141
Prezident: "Polşa Trans-Xəzər daşımalar dəhlizlərində də iştirak etməkdə maraqlıdır"

"Polşa Trans-Xəzər daşımalar dəhlizlərində də iştirak etməkdə maraqlıdır". 


Ekspress.az report -a istinadən xəbər verir ki, bunu Polşa Respublikasının Prezidenti Andjey Duda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə birgə qatıldığı biznes forumda deyib. 


Onun sözlərinə görə, bu gün Polşa ilə Azərbaycan arasında bir sıra razılaşmalar imzalandı: "Bu da, əslində, bizim münasibətlərimizin yeni bir səhifəsini göstərir. Biz Polşa tərəfi olaraq uzun müddətdir Avropa İttifaqının üzvüyük və bu mövqedən çıxış edərək istərdik ki, Avropa İttifaqı öz əməkdaşlıq qapılarını daha geniş açsın və yalnız müttəfiqlər haqqında düşünməsin, həmçinin digər ölkələrlə də əməkdaşlıq imkanlarını genişləndirsin. Biz çox şadıq ki, Avropa İttifaqı və Azərbaycan əməkdaşlıq edir. Bununla biz, həmçinin ikitərəfli siyasi və iqtisadi əməkdaşlığımızı da inkişaf etdirmiş oluruq".


"Bu gün iqtisadi təşəbbüslərə gəldikdə, ölkələrimiz arasında olan gündəlik göstərir ki, xalqlarımızın rifahına xidmət edən bir çox layihələr var. Bu sırada nəqliyyat sahəsini, daşımaları qeyd etmək istəyirəm. Həmçinin müxtəlif istiqamətlərdə nəqliyyat dəhlizləri yaradılmışdır. Son illər ərzində Polşa xüsusən də dəniz limanlarına və dəmir yol xətlərinə malik olan dövlətlərlə öz əlaqələrini inkişaf etdirib. Bu baxımdan bizim ölkəmizdə logistika infrastrukturunun yaradılmasına da diqqət yetirilir. İstərdik ki, bu gün biz, həmçinin beynəlxalq hava limanları vasitəsilə bu sahədəki mübadilələri daha da artıraq. Biz ölkəmizdə bunu yaradırıq. Ölkəmizin coğrafi mövqeyindən istifadə edərək, biz yaxşı anlayırıq ki, bununla bağlı bir sıra üstünlüklər var və bu üstünlüklərdən istifadə olunmalıdır. Xüsusən də Şimal ilə Cənub, Qərb ilə Şərq, Avropa ilə Asiya arasında multimodal daşımalar əməliyyatları artmalıdır. Qeyd etmək istəyirəm ki, Polşa, həmçinin Trans-Xəzər daşımalar dəhlizlərində də iştirak etməkdə maraqlıdır. Biz, həmçinin istərdik ki, Avropanın cənub-qərb hissəsində öz əlaqələrimizi daha da genişləndirək", - deyə dövlət başçısı qeyd edib.


A.Duda bildirib ki, Azərbaycan bu gün geniş imkanlara malik olan ölkədir: "Bilirik ki, böyük layihələr həyata keçirməkdədir. Azərbaycan, həmçinin Çinin “Bir kəmər, bir yol” təşəbbüsünə qoşulmuşdur. Bunun sayəsində Çinə və Hindistana ticarət marşrutları daha da qısalacaqdır. Bu baxımdan istərdik ki, Polşa şirkətləri Azərbaycanda daha geniş şəkildə fəaliyyət göstərsinlər. İstərdik ki, Polşada da Azərbaycan şirkətləri daha geniş şəkildə çalışsınlar və məhsulların ixrac-idxalı ilə məşğul olsunlar. Qeyd etmək istəyirəm ki, biz son illər ərzində ticarət dövriyyəsində 600 milyon dollara yaxın imkanlar əldə etmişik. Bu da, həmçinin bizim ümumi daxili məhsulumuzun artımından xəbər verir. İstərdik ki, ölkələrimiz arasında ticarət mübadilələri daha da artsın. Təbii ki, bizim ötən il ərzində geniş şəkildə artan ticarət dövriyyəsi buna yaxşı misaldır. Çünki həm Azərbaycan məhsulları Polşada, həm də Polşa məhsulları Azərbaycanda təşviq olunur".


Ekspress.az