Azərbaycanda VƏTƏNDAŞ NİKAHLARI artır - SƏBƏB

24.05.2019 14:05
198
Azərbaycanda VƏTƏNDAŞ NİKAHLARI artır - SƏBƏB

Qeyri-rəsmi nikahda yaşamaq getdikcə bizdə də adi hal alır. Xanımlar buna müxtəlif səbəblər üzündən razılıq verir. Kimi “Uşaq olandan sonra dövlət nikahı bağlanılacaq” vədlərə, kimi xarici ölkələrin müasir həyat tərzinə uyaraq, kimi də sadəcə kəbinli nikahı üstün tutduğu üçün bu addımı atır. Belə ailələrdə dünyaya gələn uşaqların gələcəyi sual altında qalır.


Psixoloq Vəfa Rəşidova Ekspress.az – a bildirib ki, dırnaqarası müasir düşüncəli xanımlarımız qeyri-rəsmi nikahları üstün tutur: “Qeyri-rəsmi nikah bir müddət onlar üçün çox rahat, asan gələ bilir. Amma sonradan əksər hallarda peşmançılıq hissləri yaşanır.


Çox güman ki, qarşı tərəf münasibətlərin möhkəm olmadığı üçün narahat qalır və dövlət nikahını bağlamır. Belə nikahlar bir müddət sonra dağıldıqda da qadın özünün və övladının hüquqlarını tapdanmış kimi hiss edir”.


V.Rəşidova qeyd edib ki, dövlət nikahının bağlanması ikitərəfli razılaşma əsasında olmalıdır: “Əgər oğlan evi buna qarşı çıxırsa, bundan şübhələnmək lazımdır. Demək ki, qarşı tərəfin niyyətində, düşüncələrində, planlarında başqa şeylər dayanıb.


Nikahı qanunu qeyd etməmək üçün oğlan evi müxtəlif bəhanələr irəli sürə bilər” - deyə, psixoloq əlavə edib ki, ən önəmlisi bir-birilə ailə qurmaq istəyən şəxslərin arasındakı münasibətin möhkəmliyidir: “Amma nikah mütləq rəsmiləşdirilməlidir. Çünki sabah vəziyyət elə gətirə bilər ki, cütlük ayrılar və bundan xanım daha çox əziyyət çəkər”.


Rəşidova məsləhət görür ki, bu gün şirin sözlərə, vədlərə inanıb sabah uşaqla alimentsiz qapı dalında qalmamaq üçün xanımlar qeyri-rəsmi nikaha razılıq verməməlidir: “Buna razılıq verən xanımlar ətrafdakı insanlardan nümunə götürürlər. Düşünürlər ki, filankəs qeyri-rəsmi nikahda yaşayır, belə daha rahatdır. “Niyə mən də belə etməyim?”, - deyərək bir çox xanımlar qeyri-rəsmi nakaha razılıq verir, bu nikahdan uşaq da dünyaya gətirirlər. “Uşaq olandan sonra bağlayacaqlar” düşüncəsiylə bu addımı atanlar da olur. Yaxşı olar ki, xanımlar dövlət nikahının bağlanılmasını tələb etsinlər. Sabah nə şiş yansın, nə kabab”.


Psixoloq Lalə Əhmədovanın sözlərinə görə, indi qadınların nikahla bağlı fikirləri dəyişib: “Əvvəl dövlət nikahına üstünlük verilirdisə, indi kəbinli ailələrin sayı artıb. Artıq qadınlar başa düşür ki, bir dəfə ailə qurub ayrılıbsa, onunla dövlət nikahına girən kişi az olacaq. Əslində bu cəmiyyətdə olan böyük problemlərdən biridir. Çünki bizdə boşanmış qadınların yenidən nikaha daxil olması möcüzə kimi bir şey sayılır”.

 

Hüquqşünas Elnur Ömərov bildirib ki, son zamanlar nişan, toy olsa da, nikah rəsmiləşdirilmir: “Bu isə daha çox sənədlərdəki problem, rüsum ödəyə bilmədiklərinə görə olur. Eləcə də, rəsmi ailəli olan şəxslər başqa bir qadınla ailə həyatı yaşamaq istədikdə də bu addımı atır. Ailədən daha çox karyera və uşağa önəm verən qadınlar da qeyri-rəsmi nikahda yaşamağa üstünlük verir. Amma vətəndaş nikahları sonradan ciddi problemlər yarada bilir. Bu hallar atalığın müəyyənləşdirilməsi, alimentin ödənilməsi, əmlak bölgüsüdür”.


Məmmədova Aynurə

Ekspress.az

  • SON XƏBƏR
  • TREND