Azərbaycanda vahid büdcə təsnifatı qəbul edilib

15.10.2018 09:55
384
Azərbaycanda vahid büdcə təsnifatı qəbul edilib

Azərbaycan Respublikasının Nazirlər Kabineti büdcə gəlirlərinin və xərclərinin funksional, iqtisadi və inzibati təsnifatından ibarət vahid büdcə təsnifatını təsdiq edib. Baş Nazirin oktyabrın 11-də imzaladığı Qərara əsasən Azərbaycanın dövlət büdcəsindən maliyyələşən və maliyyə yardımı alan təşkilatlar, icmal büdcə ilə əhatə olunan qurumlar vahid büdcə təsnifatının tətbiqinə 2020-ci il 1 yanvar tarixindən başlayacaqlar.


Azərbaycanın dövlət büdcəsindən maliyyələşən və maliyyə yardımı alan təşkilatlar, icmal büdcə ilə əhatə olunan qurumlar 2020-ci ilin icmal və dövlət büdcəsi layihələri ilə bağlı 2019-cu ildə tərtib edəcəkləri sifarişlərini vahid büdcə təsnifatına əsasən Maliyyə Nazirliyinə təqdim etməlidirlər.


Maliyyə Nazirliyi isə vahid büdcə təsnifatını Azərbaycanın dövlət büdcəsindən maliyyələşən və maliyyə yardımı alan təşkilatlara, icmal büdcə ilə əhatə olunan qurumlara elektron və kağız daşıyıcılarda çatdırılmasını təmin etməli, bununla bağlı tələb oluna bilən xərclərin maliyyələşdirilməsi barədə təkliflərini 1 ay müddətində Nazirlər Kabinetinə verməlidir.


Maliyyə Nazirliyi dövlət büdcəsindən maliyyələşən və maliyyə yardımı alan təşkilatlara, icmal büdcə ilə əhatə olunan qurumlara vahid büdcə təsnifatının tətbiqi ilə bağlı mütəmadi olaraq metodiki yardımlar, təlimlər və digər zəruri təlimatlar göstərilməsini həyata keçirəcək.

Açar sözlər: