Pantomima Teatrı 25 yaşını qeyd edir

15.05.2019 18:26
150
Pantomima Teatrı 25 yaşını qeyd edir

2019-cu il may ayının 16-da Azərbaycan Dövlət Pantomima Teatrının yaranmasının 25 ili tamam olur.


Bununla bağlı 16 may tarixində 19:00 da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Pantomima Dövlət Teatrının yaranmasının 25 illiyi qeyd olunacaq.


Tamaşadan əvvəl Teatrın foyesində onun 25 illik fəaliyyətinə həsr olunmuş sərgi keçiriləcək.


1994-cü ildə Xalq artisti Bəxtiyar Xanı-zadənin rəhbərliyi ilə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının nəzdində “Dəli yığıncağı” Pantomima Teatr studiyası yaradıldı. 2000-ci ildə studiyaya “dövlət teatrı” statusu verildi (trend).


25 illik fəaliyyəti dövründə teatrda müxtəlif yaş dövrünə məxsus aktyor nəsli yetişmişdir. Respublikanın Xalq artisti Pərviz Məmmədrzayev, Əməkdar artistlər Elman Rəfiyev, Nargilə Qəribova, Bəhruz Əhmədli, Səbinə Hacıyeva, aktyorlar Nurlan Rüstəmov, Səbirə Həsənova, Solmaz Bədəlova, Leyla Atayeva və b. bu gün Azərbaycan teatrının istedadlı sənətçilərindəndir.


Azərbaycan Dövlət Pantomima Teatrı 35-dən artıq xarici və yerli teatr festivallarında çıxış etmişdir. Gürcüstanda (1998, 1999, 2000, 2009, 2016), Rusiyada (1999, 2002, 2007, 2014), Fransada (1999, 2008), Türkiyədə (1999, 2001, 2002, 2006), Bolqarıstanda (2000), İranda (2000, 2002), Almaniyada (2001, 2008), Hollandiyada (2002), Avstriyada (2003, 2007), Ukraynada (2003), Tatarıstanda (2005), Misirdə (2005, 2008), Finlandiyada (2007), Ərəbistanda (2007) Azərbaycan teatrını və mədəniyyətini yüksək səviyyədə təmsil etmişdir.


Hazırda teatrda 1 nəfər Prezident mükafatçısıdır, 5 nəfər Respublikanın fəxri adlarını daşıyır.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND