Uşaq evində böyüyən Ruslan: "Anam öldü, məni döyüb evdən atdılar" - FOTOLAR


11.06.2019 22:56
98
Uşaq evində böyüyən Ruslan: "Anam öldü, məni döyüb evdən atdılar" - FOTOLAR

Ruslan Əlizamanov kimsəsizlər evində böyüyən milyonlarla insandan biridir. İmişlidə anadan olan Ruslanın valideynləri o, uşaq olanda ayrılıb. Bu ayrılıq isə indi 30 yaşı olan Ruslanın yolunu uşaq evinə salıb.


Ekspress.az xəbər verir ki, kimsəsizlər evində böyüyən Ruslan Əlizamanovun həyat hekayəsini təqdim edir:


Kimsəsizlər evində böyüyən Ruslan deyir ki, o vaxtları xatırlamaqda çətinlik çəkir. Yaşamağa ev yox, sarılmağa valideyn yox... Kimsəsizlər evinə atılandan sonra valideynləri onunla heç vaxt maraqlanmayıb. Tək təsəllisi həyatını küçələrə bağlayan uşaqlardan fərqli olaraq, dövlət himayəsində olması olub:


Sevilməyən övlad olduğunu sənə hər gün hiss etdirirlər...


“Mən uşaq olduğum üçün o vaxt nə baş verdiyini anlamırdım. Valideynlərim ayrıldıqdan sonra anam Lənkərana gəlib və yenidən ailə qurmuşdu. Bir növ övlad kimi ögey atam məni qəbul etmirdi. Elə də xoşbəxt uşaqlığım olub desəm, yalan olar. Valideynlərim yanımda olanda belə onların nəvazişini hiss edə bilmədiyim üçün kimsəsizlər evində bu hissi o qədər də qəribsəmədim.


1998-ci ildə anamı itirdim. Onda mənim doqquz yaşım vardı. Ögey atam məni döyüb, əziyyət verirdi. Nəhayət, o gün gəldi və mən “ev” adlanan ocaqdan Lənkərandakı uşaq evinə verildim. İlk vaxtlarda çox çətin gəlirdi. Bizim vaxtımızda uşaq evlərində indiki kimi təmizlik, rahat şərait yox idi. Bəzən uşaqlarla yola getmirdik, bəzən də bir-birimizə sarılıb kövrəlirdik”.


Ruslan deyir ki, uşaqlar evinə onları ziyarətə gələnlər olanda hamı ən təmiz paltarını geyinib, özünü səliqəyə salırdı:


“Bizi görməyə gələnlərə baxıb düşünürdüm, görəsən, hansı mənim anam olar?”


“Hərdən bizə paltarlar, ayaqqabılar, oyuncaqlar gətirirdilər. Heç birimizin seçim hüququ yox idi. Hərdən elə oyuncaq olurdu ki, mən onu çox istəyirdim. Amma məndən qabaq başqa uşaq götürürdü və o, artıq onun olurdu. Oynamağa belə verməzdilər. Uşaq evlərinə indiki kimi çox tez-tez gedilməzdi. Kimsə gələndə qaçıb təzə palarlarımızı geyinirdik ki, bizi qəşəng geyimdə görüb sevsinlər.


Bəlkə, kimsə bizi də öz uşağı kimi sevə bilər... Saçımızı sığallayıb beş dəqiqə bağrına basar. Bilirsiniz, biz ana ətrini unudan uşaqlar olmuşuq. Mənim anam yaşasaydı, bəlkə də, uşaqlar evinə düşməzdim (oxu.az). Amma nə anamın, nə də atamın ailəsi mənə sahib çıxdı. Bu həyatı yaşamağa məcbur qaldım. Belə-belə beş il geridə qaldı.


Nəhayət, bir gün bir ailə gəldi və məni övladlığa götürmək istədiklərini dedilər. Mən qorxurdum. Yenidən döyülmək, kiməsə öyrəşmək və yenidən atılmaq qorxusundan çəkinirdim. İstəmirdim, gedim. Amma sonra məni başa saldılar ki, bu, hər uşaq üçün şansdır. Get, ailən olsun, səni sevib qayğı ilə böyüdəcək anan-atan olsun. Beləcə, məni övladlığa götürdülər və həyatım tamamilə dəyişməyə başladı”.


Ailəsi, qohumları haqqında da heç bir məlumatı olmadığını deyən Ruslan yeni ailəsinin ona qayğı ilə yanaşdığını, onun təhsil almasına şərait yaratdığını, əsgərlik dövründə ona dəstək olduğunu deyir. O qeyd edir ki, ögey anası öz anası kimi mehribandır:


“Hazırkı anam-atam məni çox sevirlər. Məndən balaca bacım var, o belə məni öz doğma qardaşı kimi sahiblənir. İllər o qədər sürətlə keçir ki, mən özüm artıq ailəliyəm. Övladlarım var. Həyat yoldaşım o qədər gözəl insandır ki, mənim bütün yaralarım onunla sağaldı. Birlikdə bütün çətinliklərin öhdəsindən gəldik. Ailəmə, uşaqlarıma münasibətimə o qədər həssas yanaşıram ki, nəvazişsiz qalıb özlərini istənməyən övlad kimi hiss etməsinlər.


İşlərimi yoluna qoymağa mənə nazirlik çox kömək oldu. Əsgərlikdən qayıtdıqdan sonra qaldığım uşaq evinə getdim. Müəllimlərimi gördüm. Ordan məni yönləndirdilər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna. Orada valideyn himayəsindən məhrum gənclər üçün “Məzun evi” Sosial Müəssisəsi yaradılıb. Həmin müəssisədə mənə kömək göstərdilər.


Həyatımda ən çətin məqamlardan biri evsizlik idi. Mənə ev hədiyyə etdilər. Ailəmlə bu gün həmin evdə yaşayıram. Sonra işlə bağlı mənə kömək etdilər. Oyun salonu işlətməyə başladım. Əziyyət çəkdim, yalnız bəhrəsini görürəm. Öz ayaqlarım üzərində durmağa nail oldum. Bu gün əlimdən gələni edirəm ki, övladlarım mənim yaşadıqlarımı nəinki yaşasınlar, heç hiss etməsinlər belə”.


Ruslan deyir ki, uşaq evlərinə gedəndə uşaqların ona baxışı hələ də ürəyini titrədir:


“Ruslan hələ də o uşaqların arasından mənə baxır...”


“Mən heç vaxt uşaq evlərindəki körpələri düşünmədən dayana bilmirəm. İmkanım olduqca onlara yardım edirəm. Ziyarət edirəm. Hər dəfə ora gedəndə elə bilirəm ki, o uşaqların arasından baxanlardan biri də mənəm. Uşaqlıq illərimin xatirələri məni tərk etmir. Amma mən o uşaqların içindən gəlmişəm. Onların məndən gözləntilərini daha yaxşı başa düşürəm. Əlimdən gəldiyi qədər onları əzizləyib, sevirəm. Həyat davam edir. Bir gün onlar da həyatda çox yaxşı yerlərə gəlib çıxacaqlar. Buna səmimi qəlbdən inanıram”.


Uşaq evində böyüyən Ruslanın həyatı: "Anam öldü, məni döyüb evdən atdılar" - FOTOLAR


Uşaq evində böyüyən Ruslanın həyatı: "Anam öldü, məni döyüb evdən atdılar" - FOTOLAR


Ekspress.az

  • SON XƏBƏR
  • TREND