Əvvəlki illərin məzunları imtahanı necə verəcək?

11.10.2018 12:17
75
Əvvəlki illərin məzunları imtahanı necə verəcək?

2019-cu ildə tətbiqi nəzərdə tutulan ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsi (buraxılış) imtahanlarının və ali təhsil müəssisələrinə qəbul imtahanlarının yeni modeli (tapşırıqların sayı) açıqlanıb.


Yeni qaydalara görə, I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olunmaq üçün müsabiqə zamanı abituriyentlərin buraxılış imtahanından əldə etdikləri nəticələri də nəzərə alınacaq və qəbul imtahanından toplanılan balın üzərinə əlavə olunacaq. Yəni abituriyentlər buraxılış və qəbul imtahanlarında topladıqları balların cəminə (maksimal bal – 300+400=700 bal) əsasən ali təhsil müəssisələrinin müsabiqəsində iştirak edəcəklər.


I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olunmaq istəyən əvvəlki illərin məzunları seçdikləri ixtisas qrupuna daxil olan fənlərlə yanaşı, buraxılış imtahanı formatında əlavə qəbul imtahanı da verəcəklər və hər iki imtahandan topladıqları balların cəminə əsasən ali təhsil müəssisələrinin müsabiqəsində iştirak edəcəklər.


V ixtisas qrupu (ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları) və orta ixtisas təhsili müəssisələri üzrə müsabiqə buraxılış imtahanının nəticələrinə əsasən aparılacaq.

 

Maraqlıdır, əvvəlki illərin məzunlarının ali təhsil müəssisələrinə qəbul imtahanları hansı qaydada aparılacaq? Onlar yenidən buraxılış imtahanı verəcəklərmi?


Ekspress.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin mətbuat katibi Xanlar Xanlarzadə Modern.az-a açıqlamasında yaranan suallara aydınlıq gətirib. Qurum rəsmisi bildirib ki, əvvəlki illərin məzunları da yeni qaydalarla imtahan verəcəklər.


“Cari ilin məzunları necə imtahan verəcəksə, əvvəlki illərin də məzunları bu qaydalara əsasən imtahan verəcəklər. Bildiyimiz kimi, cari ilin, yəni, bu ilin məzunları buraxılış imtahanı verdikdən sonra qəbul imtahanında iştirak edəcəklər. Bu iki imtahanın nəticələri toplanaraq əldə etdikləri ballara uyğun olaraq müsabiqədə iştirak edəcəklər”.

 

 Xanlar Xanlarzadə qeyd edib ki, əvvəlki illərin məzunlarına buraxılış imtahanı qaydasında imtahan keçiriləcək.


“Onlar da tədris dili (Azərbaycan dili, rus dili), riyaziyyat və xarici dillər (ingilis,alman, fransız,rus, ərəb, fars dilləri) fənlərindən imtahan verəcəklər. Daha sonra isə qəbul imtahanlarında iştirak edəcəklər. Nəticədə onlar hər iki imtahandan topladıqları bal əsasında müsabiqədə iştirak edə biləcəklər”.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND