Lapşin Ermənistana getdi - "Lüks bir evə yerləşdim"

17.01.2019 13:05
198
Lapşin Ermənistana getdi - "Lüks bir evə yerləşdim"

Belaruslu blogger Aleksandr Lapşin Ermənistana gedib. Femida.az xəbər verir ki, o bu barədə “Facebook” səhifəsində paylaşım edib və 2 ay Ermənistanda qalmağı düşündüyünü yazıb.


“İrəvana endim. Düz şəhərin mərkəzində lüks bir evə yerləşdim. Gələcəkdə bir çox layihə var” sözlərini yazan Lapşinin Ermənistana hansı məqsədlə getdiyi məlum deyil.


 


Qeyd edək ki, 2011-ci ilin aprel və 2012-ci ilin oktyabrında Dağlıq Qarabağa qanunsuz səfər etdiyi üçün Azərbaycan XİN-in qara siyahısına daxil edilən Aleksandr Lapşin 2016-cı ilin dekabrında Bakının tələbiylə Minskdə saxlanılmışdı. 2017-ci il fevralın 7-də Azərbaycana ekstradisiya edilən blogger həbs edilmiş və barəsində məhkəmə işi başlamışdı. Bakı Ağır Cinayətlər Məhkəməsinin 2017-ci il 20 iyul tarixli hökmü ilə 3 il azadlıqdan məhrum edilmişdi. Həmin ilin sentyabrında Prezident İlham Əliyev onun azadlığa buraxılması barədə sərəncam imzalamışdı.


Xatırladaq ki, Lapşin internet sosial şəbəkəsində özünə məxsus "http//puerrtto.livejournal.com" səhifəsində səyahət etdiyi dövlətlər arasında Azərbaycan və Ermənistanla yanaşı, Dağlıq Qarabağı da müstəqil dövlət kimi qeyd etməklə, həmçinin 6 aprel və 29 iyun 2016-cı il tarixli müraciətlərində işğal olunmuş ərazilərdə qanunsuz fəaliyyət göstərən rejimin "müstəqilliyini" dəstəkləməklə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar etmişdi.


Ekspress.az

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND