Struktur islahatları kütləvi işsizlik yarada bilərmi?

26.01.2019 18:40
673
Struktur islahatları kütləvi işsizlik yarada bilərmi?

Prezident İlham Əliyev qlobal çağırışlara uyğun şəkildə ölkəmizi yeni tərəqqi və modern dəyişikliklər mərhələsinə daxil edir.


Hakimiyyətin gerçəkləşdirdiyi inkişaf strategiyasının başlıca istiqamətlərindən biri iqtisadi inkişaf proseslərində məşğulluq amilinin öndə tutulması, sosial müdafiə siyasətinin məhz bu amil üzərində gücləndirilməsinə nail olunmasıdır,- desək yanılmarıq.


Sirr deyil ki, müasir dövrdə iqtisadi şərait sürətlə dəyişir və əməyə olan tələbatın həcmi, eləcə də tərkibində davamlı dəyişikliklər yaşanır. Belə bir dövrdə, yəni əmək bazarının çoxamilli təsirlərə məruz qaldığı bir şəraitdə, əhalinin məşğulluğunun davamlı təmin edilməsi, işsizliyin aşağı səviyyədə saxlanılmasına nail olunması heç də asan məsələ deyil.


Gəlin, son illər qlobal miqyasda baş verən maliyyə-iqtisadi böhrandan sonra yaşananlara diqqət edək.


Bu proseslər göstərdi ki, istənilən ölkədə məşğulluğun tənzimlənməsi mexanizmi ciddi çətinliklərlə baş-başa qala bilər. Məşğulluq probleminin kəskinləşməsi yeni şəraitdə işçilərin sosial müdafiəsini təmin etməklə bərabər, əməyin tələb və təklifini səmərəli uzlaşdıra bilən daha çevik dövlət tənzimlənməsi mexanizminin formalaşdırılmasını əsas məsələrdən birinə çevirdi.


Bu baxımdan Azərbaycanda da əmək bazarında stabilliyin təmin edilməsi, onun qorunub saxlanılması daim mövcud hakimiyyətin diqqətində olan məsələdir. İlham Əliyev hakimiyyəti bu problemin öhdəsindən yetərincə gəlir. Azərbaycanda əmək bazarına hər il 100 mindən çox gənc işçi qüvvəsinin daxil olduğu bir dönəmdə, məşğulluq məsələləri səmərəli kompleks tədbirlər proqramının reallaşdırılması hesabına təmin edilir, kütləvi işsizliyin yaranması kimi hallar baş verməyir.


Son günlər isə ölkədə aparılan struktur islahatları fonunda ixtisarların olacağı və işsizliyin yarana biləcəyi narahatlıq doğuran məqam kimi önə çıxmaqdaydı. Amma Prezident İlham Əliyevin yanvarın 24-də Kənd Təsərrüfatı Nazirliyinin yenidən qurulan obyektlərinin açılışında etdiyi çıxışında bu narahatçılığa son qoyuldu: “Dövlət qurumlarında struktur islahatları aparılır. Bu islahatların bir məqsədi var ki, biz işimizi daha da yüksək səviyyədə quraq. Onu da bildirməliyəm ki, mövcud strukturlarda, ixtisar olunan strukturlarda çalışan vətəndaşlar işlə təmin olunacaqlar. Kənd təsərrüfatında heç bir ixtisar gözlənilmir və digər strukturlara da tapşırılıb ki, islahatlar ixtisarlara gətirib çıxarmasın. Yəni, o müəssisələrdə, o xidmətlərdə, agentliklərdə çalışan vətəndaşlar bilsinlər ki, onların məşğulluğu daim diqqət mərkəzindədir”.


Prezidentin bu bəyanatının sıradan bir bəyanat olmadığını ötən gün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın “Hərbiləşdirilmiş Mühafizə Dəstəsi” MMC-də çalışan və işdən ixtisar olunan əməkdaşların müvafiq işlə təmin edilməsi barədə “Azərenerji” ASC-yə verdiyi göstəriş də təsdiqlədi. Birinci vitse-prezident məsələnin işçilərin əmək hüquqlarının bərpa olunması şərti ilə operativ həllini və onların müvafiq işlə təmin olunmasını tapşırıb.


Beləliklə, baş verənlər aşağıdakı mənzərəni yaradır:


Prezident İlham Əliyev qlobal çağırışlara uyğun şəkildə ölkəmizi yeni tərəqqi və modern dəyişikliklər mərhələsinə daxil edir;


Digər tərəfdən, ölkəmizdə gerçəkləşdirilən islahatlar yanaşı, əhalinin sosial müdafiəsi tədbirlərinin həmahəngliyi uğurla reallaşdırılır;

Məhz bu kontekstdə Azərbaycanda iqtisadi inkişafla sosial rifahın əlaqələndirilməsi, ölkənin iqtisadi dividentlərinin vətəndaşın rifahına yönəldilməsi kimi prinsiplərə söykənən inkişaf strategiyasının mükəmməl əsaslara malik olduğu bir daha öz təsdiqini tapır. Belə ki, ölkədə geniş məşğulluq imkanlarının yaradılması baxımından münbit şərait yaradılıb. Əmək bazarının inkişafının vacib şərtlərindən olan makroiqtisadi sabitliyə, biznes mühitinin yaxşılaşdırılmasına nail olunub. Sahibkarlıq subyektlərinə dövlət köməyi və güzəştlərin verilməsi tədbirləri biznes və investisiya aktivliyinin yüksəlməsinə gətirib çıxarıb və əmək bazarında işçi qüvvəsinə tələbin yaranmasına imkan verib. Bundan başqa, regionlarda kənd təsərrüfatının müxtəlif sahələrinin sürətli inkişafı yeni əmək resursunu istehsal prosesinə cəlb etməyə yol açıb və s.


Tam əminliklə vurğulamaq mümkündür ki, meydana çıxan müasir çağırışlar, aparılan struktur islaharları və digər proseslər işsizlik kimi təhlükəli bəla doğurmayacaq. Məsələ prezidentin diqqətindədir və keyfiyyət, struktur, məzmun dəyişikliklərinə məruz qalan əhali gəlirləri, əhalinin sosial müdafiəsi, aktiv məşğulluq proqramlarına güc verən məqsədyönlü sosial siyasət nəticəsində səmərəli şəkildə tənzimlənəcək. Və struktur islahatları heç bur halda ciddi ixtisarlar aparmaq zərurəti yaratmayacaq.