2018-dən yadda qalanlar...

27.12.2018 21:33
519
2018-dən yadda qalanlar...

2018-ci il əvvəlki ildə təşəkkül tapmış ümumi iqtisadi sabitlik üzərində müsbət meyllər inkişaf

etdirildi.


Ümumi iqtisadi artımın əvvəlki illərdə olduğu kimi ikirəqəmli olmadı, amma bu inkişaf tempi də müsbət qiymətləndirilməlidir.


Ötən ilin ən mühüm iqtisadi hadisələrini bir daha yada salaq:

- Xəzər dənizinin ən böyük limanı - Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin birinxi fazası nəzərdə tutulduğu vaxtda istifadəyə verildi. 


15 milyon ton yükü aşıra biləcək kompleksin Ələtdə tikilməsi də təsadüfi deyil: bu ərazi Şimal-Cənub və Şərq-Qərb dəhlizlərinin Azərbaycan seqmentləri olan avtomobil və dəmir yolu xətlərinin kəsişməsində yerləşir və Limanın inşası ilə buraya su magistrallarının da əlavə edilməsi, ərazinin mühüm nəqliyyat qovşağına, yeni geniş logistik məkana çevrilməsinə imkan yaradır.


- “Cənub Qaz Dəhlizi”. Bu layihə 4 seqmentdən ibarətdir:


“Şahdəniz-2” qaz yatağının işlənməsi, Cənubi Qafqaz Boru Kəməri (CQBK), TANAP və TAP. Dəhlizin CQBK seqmenti artıq açılıb. İyunun 12-də isə Əskişəhərdə Azərbaycan və Türkiyə liderlərinin iştirakı ilə TANAP-ın önəmli qismi istifadəyə verildi. “Cənub Qaz Dəhlizi” layihəsi ilkin olaraq 16 milyard kubmetr qaz ötürəcək və gələcəkdə onun buraxılış qabiliyyəti 2 dəfə artırıla bilər. Ehtimal olunur ki, “Şahdəniz”in hər iki mərhələsindən gəlirlərimiz 100 milyard dollardan çox olacaq. Orta və uzaq perespektivdə Azərbaycan özü də Avropa ölkələrinə qaz ixracında tranzit ölkə kimi çıxış edə bilər. Əsas hədəflərdən biri də məhz bundan ibarətdir.


- Azərbaycandan kənarda 6,3 milyard dollarlıq vəsait yatırılmaqla Türkiyədə nəhəng emal müəssisəsi - “Star neft emalı zovudu (NEZ) açıldı. Zavod İzmir şəhərinin Əliağa rayonunda, “Petkim” neft-kimya kompleksinin ərazisində inşa edilib. “Star” NEZ-in illik ümumi neft emalı gücü 10 milyon ton təşkil edəcək. Bu, qiymətlərdən asılı olaraq ildə 300-400 milyon dollar arası təmiz gəlir deməkdir. Bundan başqa, istehsal olunacaq neft məhsullarının satışından əlavə gəlir əldə olunacaq. Və bu sahədə qardaş ölkənin daxili bazarında bir növ söz sahibi olacağıq. Türkiyə tərəfinin neft məhsulları idxalında hər il 1,5 milyard dollar məbləğində qənaətə nail olacağı bilavasitə SOCAR-ın gəlirinin artması ilə müşahidə olunacaq. Təsadüfi deyil, növbəti mərhələdə əlavə olaraq hələ 700 milyon dollar da yatırım ediləcək.


- Dünya İqtisadi Forumunun (DIF) Qlobal Rəqabətlilik Hesabatı bu dəfə tamamilə yeni metod əsasında hazırlandığından, gözlənilirdi ki, ölkəmizin mövqeləri zəifləyəcək. Lakin yeni metodoloji yanaşma Azərbaycanda aparılan iqtisadi siyasəti, dəyişiklikləri kölgə altına sala bilmədi və ölkəmiz hesabatda əksər indikatorlar üzrə yenə də kifayət qədər yaxşı yer tutdu.


Dünya Bankı tərəfindən hazırlanan “Doing Business - 2019” hesabatında isə Azərbaycan 32 pillə irəlilədi - 190 ölkə arasında 57-ci yerdən 25-ə yüksəldi.


Gələn ilə gəldikdə isə, 2019-cu ildə ölkəmizin iqtisadiyyatının yaxın keçmişdə, yəni 2015-2016-cı illərdə neftin dünya bazar qiymətlərinin düşməsiylə əlaqədar üzləşdiyi məlum böhrandan tam çıxa bildiyini şərtləndirən tamamilə yeni modelə transformasiyası uğurla başa çata bilər. Sadəcə, bundan ötrü islahatların daha da dərinləşdirilməsi, tədbiq ediləcək yeni vergi dəyişikliklərinin səmərəli nəticə verməsi, qeyri-neft sektorunu lokomotivə çevirmək işləri sürətləndirilməlidir.


Ümumiyyətlə, 2019-cu ilin islahatların birinci mərhələsinin uğurlu konkret nəticələrlə dolu bir yekun ili olacağına böyük ümid var.