Orta əməkhaqqı 555 manata çatıb

16.04.2019 11:11
183
Orta əməkhaqqı 555 manata çatıb

Bu il martın 1-nə Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 1,2% artaraq 1,534 milyon nəfər təşkil edib. 


Dövlət Statistika Komitəsi xəbər verir ki, bunlardan 865,3 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 669 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.


Muzdla işləyənlərin 21,8%-i təhsil, 18,8%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 13,2%-i sənaye, 8,6%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,1%-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 6,8%-i tikinti, 4,6%-i nəqliyyat və anbar təsərrüfatı, 3,5%-i peşə, elmi və texniki fəaliyyət, 3,2%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,6%-i maliyyə və sığorta fəaliyyəti, 10,8%-i isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.


Bu ilin yanvar-fevral aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 8,6% artaraq 554,9 manata çatıb. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, nəqliyyat və anbar təsərrüfatı, eləcə də tikinti sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.


Ekspress.az