Prokuror "Ağdam bandası"nın başçısına 15 il cəza istəyib


11.07.2019 21:13
37
Prokuror "Ağdam bandası"nın başçısına 15 il cəza istəyib

Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə ittiham edilən Murad Məmmədovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.


Ekspress.az xəbər verir ki, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edərək M.Məmmədovun 15 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.


Qeyd edək ki, M.Məmmədov Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105 (qəsdən adamödürmə), 209 (quldurluq), 162 (soyğunçuluq), 163 (şantaj yolu ilə mənimsəmə) və 222-ci (qanunsuz olaraq silah saxlama, daşıma, ötürmə) maddələri ilə də ittiham olunur.

O, 2010-cu ildə Rusiya tərəfindən axtarışa verilib və Bakı Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində həbs edilib.


“İnterpol”un saytında da axtarışda olduğu qeyd olunan M.Məmmədov Ağdam rayonunun Salahlı kəndində anadan olub.


Rusiya mətbuatında yazılanlara görə, M.Məmmədov Sankt-Peterburqda üç nəfərin qətlinin sifarişçisi olub. 2009-cu ildə Rusiyada silsilə qətllərdə təqsirləndirilərək saxlanılan üç azərbaycanlı – Əlibala Əliyev, Kamil Qurbanov və Zamin İsayev 24 il müddətinə azadlıqdan məhrum edilib.


Araşdırmalar zamanı məlum olub ki, “Ağdam bandası” qruplaşmasının başçısı M.Məmmədov həmin vaxt Zamin İsayevə 300 min rubl verərək başqa bir azərbaycanlını öldürməsini istəyib. Z.İsayev bu iş üçün Ə.Əliyev və K.Qurbanovla əlbir olub. Qanunsuz olaraq silah əldə edən dəstə üzvlərindən Ə.Əliyev yanlışlıqla başqa adamı öldürüb. Bir neçə ay sonra Z.İsayev özü M.Məmmədovun sifariş etdiyi şəxsi öz evində güllələyərək öldürüb.


Məlumata görə, “Ağdam bandası”nın başçısı M.Məmmədovun rəhbərlik etdiyi cinayətkar qruplaşmanın başqa dörd nəfər üzvü beş adamın qətlində günahlandırılıblar və Leninqrad Hərbi Məhkəməsi tərəfindən onlara hökm oxunub. Bandanın 4 nəfərdən ibarət olan bu dəstəsi ərzaq satışı şəbəkəsinin rəhbərinin qızı, 22 yaşlı Rumiyə Kərimovanı qətlə yetiriblər (report).


Ekspress.az

  • SON XƏBƏR
  • TREND