XİN: Avropada bir çoxları Azərbaycanla əməkdaşlıqda maraqlıdırlar


13.05.2019 18:13
46
XİN: Avropada bir çoxları Azərbaycanla əməkdaşlıqda maraqlıdırlar

"Gürcüstan, Ukrayna, Polşa, Rumıniya, Avstriya, Almaniyadan olan bəzi özəl logistika şirkətləri artıq Azərbaycanla birlikdə regional ticarət dəhlizlərində təmsil olunublar".


Ekspress.az xəbər verir ki, bunu xarici İşlər naziri Elmar Məmmədyarov "Şərq Tərəfdaşlığı" (ŞT) xarici işlər nazirlərinin bu gün Brüsseldə (Belçika) keçirilən görüşündə deyib.


Onun sözlərinə görə, öz coğrafiyası və strategiyasına görə Asiya ilə Avropa arasında təbii körpü olan Azərbaycan həmişə regional və trans-regional bağlılıq təşəbbüslərinin fəal iştirakçısı və onların gerçəkləşdirilməsinə töhfə verən başlıca oyunçulardan olub: “Bu səbəbdən, Azərbaycan üçün uzlaşma imkanları həm Avropa İttifaqı ilə ikitərəfli gündəlikdə, həm də ŞT çərçivəsindəki çoxtərəfli müstəvidə mühüm yer tutmaqdadır”.

Nazir vurğulayıb ki, nəqliyyat sahəsində Trans-Avropa Şəbəkəsinin indikativ xəritələrinin Azərbaycana və sonra Asiyaya qədər genişləndirilməsi regional ticarət dəhlizlərinin birlikdə təşviq edilməsi üçün möhkəm zəmin yarada bilər: “Əslində, liman və dəmir yolları administrasiyaları, habelə Gürcüstan, Ukrayna, Polşa, Rumıniya, Avstriya, Almaniyadan olan bəzi özəl logistika şirkətləri artıq Azərbaycanla birlikdə bu regional ticarət dəhlizlərində təmsil olunublar. Bu siyahı artmaqda davam edir”.


E.Məmmədyarov qeyd edib ki, Avropada bir çoxları bu strateji ticarət sahəsində Azərbaycanla əməkdaşlıqda maraqlıdırlar: “Azərbaycan təqdim etdiyi fürsətləri və infrastrukturu qonşularla, eləcə də Asiya və Avropa ölkələri ilə bölüşür (report). Burada Şərq-Qərb, Şimal-Cənub və müəyyən sinergiya effekti də mümkündür, xüsusilə əgər biz Aİ-nin bəzi Asiya ölkələri ilə müxtəlif əməkdaşlıq strategiyalarını nəzərə alsaq. Açıq dənizə çıxışı olmayan ölkə olaraq, Azərbaycan öz quru sərhədlərindən kənara çıxıb geniş bölgə ərazisində daha böyük ticarət dinamikasının yaradılmasına çalışır. Beləliklə, yalnız bəzi misalları çəkərək deyə bilərəm ki, biz Niderland, Belçika, İtaliya, Rumınıyadan olan limanlarla etibarlı tərəfdaşlıq qurduq”.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND