""Polis qorxdu" kimi fikirlər gerçəklikdən çox uzaqdır" - Ramil Usubov

28.01.2019 23:32
289
""Polis qorxdu" kimi fikirlər gerçəklikdən çox uzaqdır" - Ramil Usubov

"Daxili işlər orqanları siyasi baxışlarından, cəmiyyətdəki mövqeyindən asılı olmayaraq bütün vətəndaşlarımızın əmin-amanlığını, ölkəmizdəki sabitliyi istənilən təhdidlərdən, fürsətçi kəslərin və macəra axtaranların təxribatçı, avantürist hərəkətlərindən qoruyub, bundan sonra da qətiyyətlə qorumaqda davam edəcək, heç kəsin qanunazidd əməllərə əl atmaq cəhdlərinə imkan verilməyəcək".


Ekspress.az xəbər verir ki, bu barədə yanvarın 28-də Daxili İşlər Nazirliyində 2018-ci ildə cinayətkarlıqla mübarizənin, ictimai qaydanın qorunmasının və ictimai təhlükəsizliyin təmin edilməsinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş Kollegiya iclasında çıxış edən nazir, general-polkovnik Ramil Usubov bildirib.


O, son günlər özlərini yenidən gündəmə gətirmək istəyən müxalifət düşərgəsinin bəzi mənsublarının səsləndirdikləri, "polis qorxdu", "hökumət geri çəkildi" kimi öz ətraflarını cürətləndirmək arzusundan doğan fikirlərin gerçəklikdən çox uzaq, heç vaxt reallaşmayacaq bir arzu olduğunu xatırladaraq hər bir şəxsin bildiyi sadə həqiqətləri diqqətə çatdırıb.


Nazir qeyd edib ki, respublikamızda əmin-amanlığın, təhlükəsizliyin daimi və davamlı olduğunu görüb qorxuya düşən, günü-gündən gözəlləşən, dünyanın ən yaraşıqlı paytaxt şəhərlərindən birinə çevrilən Bakımızın, həmçinin regionlarımızın inkişafından xoflanan, vətəndaşlarımızın, xüsusən qaçqın və məcburi köçkünlərin, şəhid ailələrinin problemlərinin ilbəil daha əhatəli həllindən rahatsızlaşan, ordumuzun qüdrətinin artmasından, onu yüksək nizam-intizamlı, vətənpərvər, torpaqlarımızı işğaldan azad etməyə hər zaman qadir və döyüş ruhunu gördükcə kədərlənən, yüz minlərlə gənclərimizin Vətənimizin işıqlı gələcəyi, müasir Azərbaycanın daha sürətli inkişafı üçün göstərdiyi böyük coşqudan və çalışqanlıqdan məyus olan, xalq-iqtidar birliyinin sarsılmazlığından, onun bəhrələri olan inkişafdan, tərəqqidən, irəliləyişlərdən, yüksəlişlərdən əndişələnən bu antimilli qüvvələr həqiqətən də qorxuya düşüblər. 


"Onlar növbəti təxribatlara əl atmaqla xalqımızı yenidən daxili çəkişmələrə, parçalamağa, ölkəmizi böhrana, bir vaxtlar yaratdıqları, indi isə xiffətini çəkdikləri özbaşınalıq və hərc-mərclik dövrünə sürükləməyə cəhdlər edirlər" - deyən R.Usubov milli maraqlarımıza zidd olan belə avantürist hərəkətlərin qarşısının xalqımızın dəstəyi, qanunlarımızın gücü, dövlətimizin hüquq mühafizə orqanlarının sıx birliyi ilə bundan sonra da alınacağını bildirib. 


Ekspress.az

Açar sözlər: