Bakıda bu avtobuslarda pulsuz Wi-Fi var

12.02.2019 20:31
245
Bakıda bu avtobuslarda pulsuz Wi-Fi var

Bakıda 18 saylı marşrut xətti üzrə hərəkət edən avtobuslar pulsuz Wi-Fi xidmətinə qoşulub.


Ekspress.az xəbər verir ki, “Xaliq Faiqoğlu” MMC-nin “Safcell” şirkəti ilə əməkdaşlıq müqaviləsi çərçivəsində 2 aylıq test mərhələsi uğurla başa çatıb və avtobuslarda pulsuz Wi-Fi xidmətinin qoşulmasına başlanılıb.


İlkin olaraq 18 saylı marşrut xətti üzrə hərəkət edən və Avro-5 standartlarına cavab verən avtobusların hamısı bu cihazlarla təmin edilib.


Sərnişinlər bir dəfə qeydiyyatdan keçməklə istənilən vaxt (qeydiyyatdan keçdikləri cihazla) ödənişsiz internet imkanından faydalana bilərlər. Belə ki, MMC-yə məxsus olan hər hansı avtobusda pulsuz Wi-Fi xidmətinə qoşulmuş şəxslər şirkətin istismarında olan digər marşrut xətlərindən istifadə edərkən qeydiyyatdan keçməli olmayacaq və mobil cihazları avtomatik olaraq internetə qoşulacaq.


Yaxın günlərdə “Xaliq Faiqoğlu” MMC-nin istismarında olan və “BakıKart” sisteminə qoşulmuş digər xətlərdə də Wi-Fi cihazları quraşdırılacaq.


Qeyd edək ki, Bakıda ilk dəvə pulsuz Wi-Fi xidmətinin "Baku Bus"a məxsus avtobuslarda istifadəyə veriləcəyi bəyan edilsə də, indiyədək verilən vədə əməl edilməyib.

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND