Novruz çadırları

15.03.2019 22:50
142
Novruz çadırları

Novruz gəlir, yaz gəlir,

Bir əlində saz gəlir…


Novruz xoş gəlib səfa gətirir, qədəmləri uğurlu olsun. Bir əlində saz gəlir ki, sözlə deyə bilmədiyini sazla desin. Bayramların gəlişi özü ilə sevinc , şadlıq, fərəh gətirir, arzu edirik , hər kəsə bu sevincdən pay düşsün. Papaqlara pay düşəndə elə sevinc də düşmüş kimi olurdu. Novruz bayramı ərəfəsindəyik, uşaqlıq xatirələri canlanır göz önündə. Mart girəndən başlayırdıq Novruza hazırlaşmağa. İlk hazırlıq səməni əkməkdən başlayırdı, sonra “əldəqayırma” fişənglərimiz (bölgələrə görə adı dəyişir: tir, partladan, part-part, porjik, pujik, bardinka və s.) üçün öncədən kibrit dənələri toplardıq. Bilən bilir o fişəngləri, kibrit dənəsinin kükürdü lazım olurdu əldəqayırma fişənglərimiz üçün.


Sonra isə, bəzi yerlərdə lopa adlandırılan şamallarımızı düzəldər və 10 gün əvvəl nöyüt çəlləklərində (bəli, nöyüt çəllək dolusu olurdu mən uşaq olanda ) nöyütün içərisinə islağa qoyurduq. Bayram günü “Çin gəldi ha, çin gəldi, Novruz bayramı gəldi” nəğməsini oxuya-oxuya həmin şamalları yandırıb fırladar və ən hündürə atmaq üçün yarışardıq. O zaman da bolluq idi, indi isə hər şeyin çeşidi daha çoxdur, hər şey indi daha boldur. Fəqət o zamankı şuxluq, hərəkət, sevinc yoxdur. Bəlkə də bizim keçirdiyimiz sevinc, bayram ab-havası indiki uşaqlar üçün də var, biz isə sadəcə duya bilmirik. Bəlkə də qayğıların çoxluğundan, bol-bol çeşidlər olsa da, qiymətlərin odluğundan həmin hisləri yaşaya bilmirik indi…


Image result for novruz yarmarkaları


Hər bir halda bayram uşaqlar üçün gözlənilən, sevinc bəxş edən olur. Böyüklər üçün isə bu sevinc maddiyyata daha çox bağlıdır. Çünki bayram keçirmək üçün maddi durumun, yaxşı olmasa belə, ən pis halda normal olması vacibdir. Maddi durumların normal olmadığı bir zamanda hər kəs istəyir ki, cibinə uyğun olan yerlərdən alış-veriş etsin. Varmı belə yerlər? Bayramlarqabağı tez-tez rastımıza çıxan alış-veriş "mərkəzləri" bu görüntünü yaradır. Haradır bu "mərkəzlər "?


Metrostansiyaların çıxışında bəzisi böyük, bəzisi kiçik olan çadırları vaxtaşırı görürük (bayramlar ərəfəsində). Nədənsə o çadırları görəndə ilk olaraq kənddə həmişə sevə-sevə, sevinə-sevinə gözlədiyimiz “palatka toyları” yadıma düşdü… Sonra xalqımızın söz abidəsi olan “Kitabi- Dədə Qorqud” dastanını xatırladım. Bayındır (Bayandur ) xan vaxtaşırı məclislər qurdurar, Oğuz bəylərini , ərənlərini məclisə dəvət edərmiş. Məclisi qurdurduğu ağ, qara , qırmızı çadırlarda keçirərmiş. Oğlu olanları ağ, qızı olanları qırmızı çadıra salarmışlar.


Övladı olmayanları isə qara çadıra salarmışlar ki, bu da məsələnin xoş olmayan tərəfidir. Bu xoş olmayan tərəflə işimiz yoxdur. İşimiz bizə qiymətli dastanımızdakı çadırları xatırladan indiki çadırlarladır. Bu çadırların rəngbərəngini deyil, ağ olanlarını görürük, bayrama uyğun olaraq, üstünün şəkilləri dəyişir sadəcə. Bu çadırları isə mən rənginə görə deyil, aylara və qurulma səbəbi olan bayramlara uyğun adlandırardım.


Sentyabrda yeni təhsil ilinin başlanması ilə əlaqədar “Məktəb” , dekabrda yeni ilin gəlişi ilə bağlı olaraq “Yeni il”, martda isə hazırda gəlişini gözlədiyimiz Novruz bayramının şərəfinə “Novruz” çadırları. Mahiyyət və nəticə çadırların üstünü bəzəyən bayram şəkilləri qədər “bəzəkli” və ürəkaçan deyil.


Çadırları qurmaqda məqsəd oğlu, qızı olanları deyil, pulu az olanları, bahalıqdan əziyyət çəkən böyük əksəriyyəti bu yarmarkalara cəlb etmək, onları sevindirməkdir. Heyhat! Ucuzluq adı ilə insanlara sırımağa çalışdıqları “Yarmarka günləri” yalnız görüntüdən ibarətdir. Hər bayram çadırının bir-ikisinə də olsa, yolum düşüb. Qiymətlərlə maraqlananda isə…. Bizdə bir ifadə işlənir belə məqamlarda: matım-qutum quruyur.


Image result for novruz yarmarkaları


“Yarmarka bunun adıdırsa, bəs ucuzluq bunun harasındadır?” deyə, dövrə vururam çadırın içində, amma tapa bilmirəm ki, bilmirəm. Yarmarkadan mənim kimi əliboş çıxanların şikayətini eşidirəm: “Alışıb-yanan” marketlərlə “Yarmarka” adlandırılan bu çadırların içərisi arasında heç bir fərq yoxdur. Digər şikayətçi isə ” Yox, fərq var , yarmarkada marketlərdən və səyyar satışlardan baha olan mallar var, bəs bu, fərq deyil ?” -deyə şikayətlənir. Başa düşürük, anlamağa çalışırıq, hamı dolanmaq istəyir, hamı pul qazanmaq istəyir, satıcı malını baha satmaq, alıcı isə aldığını ucuz almaq istəyir.


Bəs qiymətlərdə fərq olmayacaqsa, lazımdırmı əlavə basırıq yaradaraq bu yarmarkaları təşkil etmək ? Rəvadırmı ucuzluq adına “Novruz çadırı”na girib, xəyal qırıqlığına uğramış şəkildə oradan çıxmaq? Cavab olmamış olmaz, yəqin biz bilə bilmirik…


Sonda hər şeyə rəğmən Novruzumuzun, bayramımızın, gələcək olan “Yeni gün”lərimizin mübarək olması diləyi ilə!


Pervanə O-nurlu

  • SON XƏBƏR
  • TREND