Braziliya Azərbaycanla enerji sahəsində əməkdaşlıqda maraqlıdır


03.05.2019 18:35
178
Braziliya Azərbaycanla enerji sahəsində əməkdaşlıqda maraqlıdır

Braziliya Azərbaycanla enerji sahəsində əməkdaşlıqda maraqlıdır. Bu məqsədlə iki ölkənin enerji sahəsində fəaliyyət göstərən müvafiq qurumları və neft-qaz şirkətləri arasında əlaqələrin inkişafına, "Petrobras"la SOCAR-ın əməkdaşlıq imkanlarının nəzərdən keçirilməsinə ehtiyac var.


Ekspress.az Energetika Nazirliyinə istinadən xəbər verir ki, bu barədə Braziliya Federativ Respublikası Milli Konqresinin Deputatlar Palatasının sədri Rodriqo Maya Azərbaycan Energetika Nazirliyində keçirilən görüş zamanı deyib.

Rodriqo Maya Braziliyanın karbohidrogen ehtiyatları, yeni yataqların kəşfi hesabına hasilatda gözlənilən artım, qaz sahəsində həyata keçirilən islahatlar, eləcə də bərpa olunan enerjidən istifadə barədə məlumatları diqqətə çatdırıb.


Öz növbəsində Azərbaycanın energetika naziri Pərviz Şahbazov Azərbaycanla Braziliya arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini və enerji əməkdaşlığı üçün imkanların olduğunu deyib. Nazir qədim neft diyarı Azərbaycanın keçdiyi inkişaf yolu, neft-qaz sənayesinin inkişaf mərhələləri və qlobal enerji təhlükəsizliyinin təminatı prosesində rolundan danışıb (ONA). SOCAR tərəfindən bu ölkə istiqamətində xam neftin, eləcə də Braziliya mənşəli xam neft və neft məhsullarının dünya bazarına təchiz edildiyini deyən nazir bildirib ki, neft-qaz şirkətləri arasında əməkdaşlığın genişləndirilməsi üçün Energetika Nazirliyi lazımi dəstəyi verməyə hazırdır.


Nazir Pərviz Şahbazov eyni zamanda iki ölkə arasında əməkdaşlıq üçün mümkün istiqamətlərdən biri kimi bərpa olunan enerji sahəsini qeyd edib: "Hazırda Azərbaycanda bərpa olunan enerji mənbələrindən istifadə üzrə yeni mərhələ başlanıb. Bu sahədə qanun və təşviqedici mexanizmlər hazırlanır. İndi əməkdaşlıq üçün münasib məqamdır və Braziliya şirkətlərini bərpa olunan enerji sahəsində iştiraka dəvət edirik".

Söhbət zamanı ölkələr arasında əlaqələrin möhkəmlənməsinə xidmət edən digər istiqamətlər üzrə də imkanlar nəzərdən keçirilib.


Ekspress.az

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND