Rəsulzadənin silahdaşının məzarı tapıldı- FOTOLAR

06.02.2019 11:33
104
Rəsulzadənin silahdaşının məzarı tapıldı- FOTOLAR

Azərbaycan Cümhuriyyəti Parlamentinin üzvü, Müsavat Partiyasının qurucularından Abbasqulu Kazımzadənin məzarı tapılıb.

Bu barədə araşdırmaçı jurnalist Dilqəm Əhməd məlumat verib.


D.Əhməd bildirib ki, məzar yerini internet üzərindən tapıb: “Professor Ədalət Tahirzadə bu məzarı tapmağımı istəmişdi. Mən də neçə müddətdir axtarırdım. Ankarada çap olunan “Azərbaycan” jurnalında məzarın bu şəhərdə olduğu qeyd olunmuşdu. Amma məzarlığın adı qeyd olunmamışdı. Mən indiyə qədər Abbasqulu Kazımzadə ad-soyadı ilə axtarırdım, amma daha sonra Türkiyədə qəbul etdiyi soyadla axtarmağın daha doğru olacağını başa düşdüm. Ankara bələdiyyəsinin saytında məzarlıqlarla bağlı bölüm var, orada Abbas İldeniz yazdıqda bu adda məzarın olduğu çıxdı. Ölüm tarixi və ata adı da uyğun gəldiyinə görə əmin oldum ki, məzar Abbasqulu Kazımzadəyə aiddir. Bu məqsədlə Ankaraya yola düşdüm. Bu gün Əsri məzarlığına gedərək məzarı tapdım”.


D.Əhməd deyib ki, məzar baxımsız haldadır: “Mən Bakıda Abbasqulu Kazımzadənin nəvəsi Nərminə xanımla da görüşmüşdüm. O, mənə demişdi ki, anamın ən böyük arzusu atasının məzarını ziyarət etmək olub. Təəssüf ki, qismət olmayıb. Məzarlıq uzun zamandır ziyarət olunmadığına görə baxımsız halda qalıb. Üzərindəki yazılar çətinliklə oxunur. Biz bu bu şəkildə oxuya bildik: Abbasqulu Kazımzadə İldəniz. Milli Azərbaycan Cümhuriyyəti məbuslarından” (teleqraf.com).


Abbasqulu Kazımzadənin fəaliyyətinə gəldikdə isə, D.Əhməd bunları söyləyib: “Abbasqulu Kazımzadə 1882-ci ildə Bakının Maştağa kəndində doğulub. İlk təhsilini mollaxanada alıb, sonralar üçüncü rus-türk məktəbində oxuyub. 1904-cü ildə çar hökuməti tərəfindən həbs edilib. Bu dövrlərdə onun indiki İstiqlaliyyət küçəsində, Sabirin heykəlinin qarşı tərəfində kitab-dəftər mağazası vardı. Bu mağaza həm də gizli yığıncaq yeri idi. 1911-ci il mayın 15-də Abbasqulu bəy pantürkist ideyaları yaymaqda təqsirləndirilərək yenidən tutulub, həmin ilin iyulun 14-də azad edilib. 1911-ci ilin oktyabrında isə Bakıda Məhəmmədəli Rəsulzadə, Tağı Nağıoğlu və Abbasqulu Kazımzadə Müsavatı Partiyasını yaradıblar. Cümhuriyyət dönəmində, 1918-ci il oktyabrın 7-də Bakı qubernatoru müavininin icazəsi ilə Kazımzadənin rəhbərliyi altında “Türk ocağı” adlı mədəni-maarif cəmiyyəti yaradılıb. 1918-ci il dekabrın 7-də Azərbaycan Parlamenti formalaşdıqdan sonra o, Bakıdan millət vəkili seçilib. Cümhuriyyətin işğalından sonra mühacirətə gedib, İstanbulda dolanışıq üçün yenidən dəftərxana mağazası açıb. Bir müddət Polşada yaşayıb. Ölənədək Məhəmməd Əmin Rəsulzadənin ən sadiq silahdaşı olub. 1947-ci ildə Ankarada vəfat edib”.

Abbasqulu Kazımzadənin Rəsulzadə ilə birlikdə çəkilən fotoşəkillərini və məzarının görüntülərini təqdim edirik.




Ekspress.az

  • SON XƏBƏR
  • TREND