Azərbaycana növbəti qızıl medalı Mariya Stadnik qazandırdı

28.06.2019 20:13
150
Azərbaycana növbəti qızıl medalı Mariya Stadnik qazandırdı

Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında qadın güləşçilərin sonuncu dörd çəkidə medal qarşılaşmalarına start verilib.


Öncə 50 kq çəki dərəcəsində mükafatçılar bəlli olublar.


Azərbaycan yığmasının lideri Mariya Stadnik qızıl medal uğrunda görüşə çıxıb. Dünya və yeddiqat Avropa çempionumuz finalda ukraynalı Oksana Livaşla görüşüb. Yarışa 1/4 finaldan başlayıb, polşalı Anna Lukasyak (10:0) və türkiyəli Evin Demirhanla (6:1) qarşılaşmalarda ciddi çətinlik çəkməyən güləşçimiz ardıcıl 3-cü qələbəsini qazanıb. M.Stadniki ilk dəqiqələrdən üstünlüyə yiyələndiyi görüşdə 7:1 hesabı ilə qalib gəlib. Bununla da təmsilçimiz dörd il əvvəl Bakıda keçirilən Avropa Oyunlarında qazandığı nailiyyəti təkrarlayıb.


Bu, Azərbaycan yığmasının Minsk-2019-da qazandığı 18-ci medal olub. Yığmamızın hesabında 3 qızıl, 5 gümüş və 10 bürünc mükafat var.

Qeyd edək ki, bu gün daha üç qadın güləşçimiz mükafat uğrunda mübarizə aparacaq. Elmira Qəmbərova (62 kq) qızıl, Alyona Kolesnik (57 kq) və Səbirə Əliyeva (76 kq) bürünc medal uğrunda görüşdə qüvvəsini sınayacaq.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND