Bakıda əhalinin istehlak xərcləri 3,5 faiz artıb

27.12.2018 12:05
624
Bakıda əhalinin istehlak xərcləri 3,5 faiz artıb

2018-ci ilin yanvar-noyabr aylarında əhalinin tələbatlarının ödənilməsi məqsədilə paytaxtın istehlak bazarında satılan məhsulların və göstərilən xidmətlərin dəyəri 23 milyard 263 milyon manat olub. Ekspress.az Bakı Şəhər Statistika İdarəsinə istinadən xəbər verir ki, istehlak xərcləri 2017-ci ilin müvafiq dövrünə nisbətən müqayisəli qiymətlərlə 3,5 faiz artıb.

Satılan məhsulların və göstərilən xidmətlərin ümumi həcminin 95,9 faizini qeyri-dövlət sektoru təşkil edib, bu bölmə üzrə pərakəndə ticarət dövriyyəsinin və ödənişli xidmətlərin dəyəri əvvəlki ilin eyni səviyyəsini real ifadədə 3,8 faiz üstələyərək 22 milyard 320 milyon manat olub.


2018-ci ilin yanvar-noyabr aylarında pərakəndə ticarət dövriyyəsinin həcmi əvvəlki ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 3,4 faiz artaraq 17 milyard 568 milyon manat təşkil edib. Qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılan məhsulların həcmi əvvəlki ilin eyni dövrünün səviyyəsini 3,4 faiz üstələyərək 17 milyard 561 milyon manat təşkil edib.


İlk 11 ayda paytaxtın pərakəndə ticarət şəbəkəsindən bir istehlakçı məhsulların alınmasına 2017-ci ilin eyni göstəricisi ilə müqayisədə orta hesabla ayda 28,1 manat daha çox vəsait xərcləyib.


2018-ci ilin hesabat dövründə pərakəndə ticarət şəbəkəsində satılan ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri 2017-ci ilin yanvar-noyabr ayları ilə  müqayisədə 3,5 faiz artaraq 7 milyard 949 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi 3,4 faiz artaraq 9 milyard 619 milyon manata bərabər olub. Dövriyyənin ümumi həcmində qeyri-ərzaq məhsullarının xüsusi çəkisi 2017-ci ilin eyni dövrü ilə müqayisədə 0,2 faiz artaraq 54,8 faiz təşkil edib.


2018-ci ilin əvvəlindən istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 38,7 faizi ərzaq məhsullarının, 6,6 faizi içkilər və tütün məmulatlarının, 12 faizi toxuculuq məhsulları, geyim, ayaqqabıların, 4,5 faizi elektrik malları və mebelin, 2,7 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 2,3 faizi əczaçılıq və tibbi malların, 7,5 faizi avtomobil yanacağının, 25,7 faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.


Bu il elektron qaydada pərakəndə ticarət şəbəkəsində 33,1 milyon manatlıq və ya 2017-ci ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 19,3 faiz az istehlak məhsulları satılıb. Satışın bu növü vasitəsilə qeyri-ərzaq məhsulları realizə olunub.

 

Açar sözlər: