• 6 °C Bakı
  • -2 °C Quba
  • 5 °C Gəncə
  • 4 °C Yevlax
  • 3 °C Naxçıvan

Sükan arxasında yatırlar...

05.09.2018 13:59
437
Sükan arxasında yatırlar...

Ekspertlər: Azərbaycanda avtobus sürücülərinin iş rejiminin düzgün təşkil olunmayıb


Bakı avtobuslarında sərnişinlərin tez-tez təhlükəli anlar yaşaması, avtobusların aşması, sərnişin və sürücülər arasında davalar sanki adət halını alıb. Ekspertlərin bir qismi bunu sürücülərin ağır və yorucu iş qrafikilə işləməsilə bağlayırlar. Elə ictimai nəqliyyat istifadəçiləri də eyni marşrutlarda səhər, axşam, gecə eyni sürücülərin işlədiyini deyirlər.


Qeyd edək ki, bu günlərdə Bakıda avtobusda sərnişinlər təhlükəli anlar yaşayıblar. Buna səbəb 39 nömrəli avtobusun sürücüsünün özünü qəribə aparması olub. Sərnişinlərdən biri isə həmin anları videoya çəkib. Belə ki, görüntülərdən göründüyü kimi, sürücü sanki sükan arxasında yataraq avtobusu idarə edir.


Bakı Nəqliyyat Agentliyinin (BNA) İctimaiyyətlə əlaqələr şöbəsinin sektor müdiri Mais Ağayev məsələyə aydınlıq gətirib. Onun sözlərinə görə, sözügedən avtobusun sürücüsü sükan arxasında yuxulayıb: “39 nömrəli müntəzəm marşrut xəttində sürücünün sükan arxasında yuxulaması ilə bağlı videogörüntü BNA tərəfindən nəzarətə götürülərək araşdırılıb. Daşıyıcı agentliyə çağırılıb və bu cür xoşagəlməz halların təkrarlanmaması ilə bağlı ciddi xəbərdarlıq edilib. Bildirilib ki, bundan sonra fəaliyyətində sərnişindaşıma tələblərinə uyğun olmayan hal olacağı təqdirdə daşıyıcı ilə marşrut xəttinin istismarına dair bağlanan müqavilələr ləvğ ediləcək”.


Ağayev deyib ki, müntəzəm marşrut xətti üzrə daşıyıcılar sürücülərin iş və istirahət saatı ilə bağlı qaydalara ciddi şəkildə əməl etməlidirlər: “Hazırda müntəzəm marşrut xətləri üzrə sürücülərin işə qəbulu daşıyıcılar tərəfindən həyata keçirildiyindən sürücülərin iş və istirahət vaxtları ilə bağlı məsələlər də məhz onlar tərəfindən tənzimlənir. Nağdsız ödəniş sistemi ilə fəaliyyət göstərən marşrut xətlərində sürücülərin iş və istirahət saatlarına əməl edilməsində hər hansı bir problem müşahidə edilmir. Lakin plan sistemi ilə fəaliyyət göstərən xətlərdə isə bu qaydalara riayət edilməsində ciddi çatışmazlıqlar mövcuddur”.


Onun sözlərinə görə, BNA dəfələrlə daşıyıcılar qarşısında sürücülərlə bağlı məsələni də qaldırıb ki, onların iş rejimi və istirahət məsələsinə xüsusilə diqqət yetirsinlər, bu sahədə olan çatışmazlıqları qısa vaxt ərzində aradan qaldırsınlar. “Problemi aradan qaldıranlar var, lakin işinə məsuliyyətsiz yanaşan daşıyıcılar da az deyil. Avtobus parkının yenilənməsi işləri çərçivəsində yeni, müasir komfortlu avtobuslar alınıb gətiriləcək, o zaman həmin marşrut xətləri müsabiqəyə çıxarılacaq. Sürücü bazası, avtobuslarının texniki vəziyyəti standarta cavab verməyən daşıyıcılar xətdən kənarlaşdırılacaq və bu kimi məsələlər də öz həllini tapmış olacaq”.


Yol təhlükəsizliyi üzrə ekspert Azər Allahverənov “Ekspress”ə bildirib ki, avtobus sürücülərinin iş qrafiki və tibbi müayinəsi çox problemli məsələdir: “Bu günlərdə yayılan videodan da aydın görünür ki, sürücünün ya səhhətində problem olduğu üçün avtobusu bu formada idarə edir, yaxud da videonu sosial şəbəkədə yayan şəxsin dediyinə görə, həmin sürücü avtobusu hər dəfə bu cür sürür. Təbii ki, bu, çox ciddi məsələdir və xüsusi nəzarətə götürülməlidir”.


Müsahibimiz bildirib ki, qaydaya görə, hər bir sürücü xəttə buraxılan zaman istər-istəməz tibbi müayinədən keçməlidir. Avtobus sürücülərinin sağlamlığı xüsusi olaraq sərnişin daşınma xidmətlərini həyata keçirən qurumların nəzarətində saxlanılmalıdır. “Çünki avtobus sürücüsü kifayət qədər məsuliyyətli işdir. Gün ərzində yüzlərlə, minlərlə insan avtobusa minir və onların daşınması təhlükəsiz şəkildə həyata keçirilməlidir. Sürücünün sağlamlığı həmin təhlükəsizliyin bir aspektidir”.


Allahverənov qeyd edib ki, bizdə avtobus sürüclərinin iş rejimi düzgün təşkil olunmur: “Beynəlxalq praktikada belə qəbul olunub ki, bir avtobus sürücüsü gün ərzində 4-5 saat ərzində avtobusu idarə edə bilər. Digər tərəfdən, biz onun şahidi oluruq ki, bizim avtobus sürücüləri 6 və ya 8 saat, bəzi hallarda daha uzun müddət avtobusu idarə edir. Bəlli məsələdir ki, avtobusu bu formada və bu iş qrafikində idarə etmək sürücünün səhhətinə birbaşa mənfi təsir göstərən haldır. Sürücülük qabiliyyətinin aşağı düşməsi onda sağlamlıq probleminin yaranmasından irəli gəlir və bu da təbii ki, avtobusdakı insanların həyatını təhlükəyə atır”.


Dediyinə görə, olduqca vacib məsələdir ki, sərnişin daşınma ilə məşğul olan şirkətlər avtobus sürücülərinin iş qrafikinə nəzarət etməli, qrafiki tənzimləməlidir. “Sürüclərin iş qrafikinin düzgün təşkil olunmamasını bütün avtobus şirkətlərinə şamil etmirik”.


Təhlükəsiz Yol Alyansının koordinatoru Şahin Camalovun “Ekspress”ə bildirdiyinə görə, sürücünün avtobusu idarə edərkən yuxulaması ilə bağlı sosial şəbəkələrdə sürücünün narkotik istifadəçisi və ya içkili olduğunu yazırlar: “Ümumiyyətlə, sərnişin daşınması ilə əlaqədar məsələlər qanunvericiliklə tənzimlənir və bununla bağlı Nazirlər Kabinetinin ümumi istifadədə olan nəqliyyat ilə ölkədaxili sərnişin və yük daşınmalarını yerinə yetirən sürücülərin iş və istirahət rejiminə, iş şəraitinə, xüsusiyyətinə dair qaydalar mövcuddur. Bu qaydalarda konkret olaraq şəhərdaxili, şəhər və rayonlararası, rayondaxili sərnişin və yük daşınmaları həyata keçirən şəxslərin riayət etməli olduqları və ya həmin şəxslərin çalışdıqları şirkətlərin sürücülərə münasibətdə riayət etməli olduqları qaydalar müəyyən olunur”.


Onun dediyinə görə, rayonlararası uzaq yol gedərkən avtobus iki sürücü ilə təmin olunmalıdır: “Onlar bu avtobusları növbəli idarə etməlidirlər. Qanun bu məsələləri tənzimləyir. Təəssüf ki, sərnişindaşınma həyata keçirən şirkətlər bu qaydalara riayət etmir, ya da bir hissəsinə riayət edirlər. Qaydaları ciddi şəkildə pozan şirkətlər var. Buna nəzarət etmək dövlət qurumlarının səlahiyyətindədir”.


Camalov qeyd edib ki, qaydalara görə, Bakı şəhərində avtobus sürücüləri üçün iş rejimi günlük maksimum 10 saat nəzərdə tutulubsa, bu, çox böyük rəqəmdir: “Növbəli olsa belə, uzun müddətdir. Bu, Bakıdakı bitmək bilməyən tıxaclar və yol infrastrukturu ilə uzlaşmır. Bu məsələlərə təkrarən baxılmalıdır”.


Aynurə MƏMMƏDOVA

  • SON XƏBƏR
  • TREND