"Məgər bizdə savadlılığın səviyyəsi o dərəcədə yüksəkdir?" - Deputat

12.02.2019 23:49
193
"Məgər bizdə savadlılığın səviyyəsi o dərəcədə yüksəkdir?" - Deputat

"Bu gün Azərbaycanda ən vacib məsələrdən biri kitab və mətbəə məhsulları üzərindən Əlavə Dəyər Vergisinin (ƏDV) tamamilə ortadan qaldırılmasıdır".


Ekspress.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa bildirib.


Onun sözlərinə görə, ən yüksək ƏDV bizdədir:


"Azərbaycanda ƏDV 18 faizdir. Halbuki Türkiyədə bu rəqəm 8 faiz olmasına rəğmən bunu çox hesab edərək tamamilə ortadan qaldırırlar. Qonşu Gürcüstanda bu vergi ümumiyyətlə yoxdur. Orada kitabdan, çap avadanlıqlarından, hətta ölkəyə xaricdən gətirilən kitablardan ƏDV tutulmur. Belarusda isə bütün kitab mağazaları kirayə haqqından azaddırlar. Çünki bu dövlətlərdə kitabın əlçatanlığı və oxuyan cəmiyyət hədəfi qarşıya qoyulub. Məgər bizdə savadlılığın səviyyəsi o dərəcədə yüksəkdir ki, bunu ehtiyac duymuruq? Adam həm aldığı kağıza vergi ödəyir, ardınca bu kağızdan hazırlanan kitaba vergi ödəyir. Dünyanın hər yerində ümumi istehsal prosesindən bir dəfə vergi alınır, bizdə isə hər mərhələdən vergi alınır. Üstəlik də xaricdən gətirilən kitaba görə də 9 faiz gömrük rüsumu alınır. Ölkədə kitab statistikası da ümumiyyətlə yoxdur. Nə qədər kitab nəşr olunur, tiraj nə qədərdir, nə qədər tərcümə ədəbiyyatı var, nə qədər kitab satılır, nə qədər kitab xaricdən gətirilir, bütün bunlar rəqəmıərdə ifadə olunmur. Halbuki bu statstikaya görə xaricdə konkret ölkənin mütailə səviyyəsi müəyyənləşdirilir və lazımi tədbirlər görürlər. Digər tərəfdən nəşriyyat kitabı satışa verən andan elektron qaydada vergi tutulur. Halbuki kitab satılmadığı halda vergini ödəyən nəşriyyat əvvəlcədən zərərə düşmüş olur".


F.Mustafa deyib ki, kitab üzərindən ƏDV mütləq götürülməlidir:


"Əgər cəmiyyətin intellektual inkişafını istəyiriksə, əgər normal orta təbəqənin formalaşmasını istəyiriksə! Bu kitabın satış qiymətinə ən azı 20 faiz öz təsirini göstərəcək, kitab çapını, tərcüməni, xaricdən kitab gətirilməsini stimullaşdıracaq və kitab bazarını canlandıracaq. Fikrimcə, normal dini ədəbiyyat üzərindəki ifrat qadağa ortadan qaldırılmalıdır".

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND