Bakı-Gəncə sürət qatarı sınaqdan keçdi: komfort, sürət, təhlükəsiz

30.12.2018 09:00
1593
Bakı-Gəncə sürət qatarı sınaqdan keçdi: komfort, sürət, təhlükəsiz

 

Dekabrın 29-da Bakı-Gəncə-Bakı yeni sürət elektrik qatarının sınaq hərəkəti başladı.

 

Saat 09:00-da Bakıdan Gəncəyə yola düşən qatarın ilk yolçuları Azərbaycan Dövlət Dəmir Yolu QSC-nin sədri Cavid Qurbanov, Milli Məclisin deputatları, Parlament Jurnalsitləri Birliyinin üzvləri, KİV nümayəndələri, sənətçilər idi.

 

Ekspress.az xəbər verir ki, Azərbaycan Dövlət Dəmir Yolu QSC-nin sədri Cavid Qurbanov maşinist kabinəsinə girərək mikrafonla hər kəsi salamladı: “Hörmətli sərnişinlər! Bu gün tarixi bir gündür. Millətimizə və məmləkətimizə xeyirli, uğurlu olsun!” 

 

Qeyd edək ki, İsveçrənin "Stadler" şirkətinin istehsalı olan bu qatarın texniki imkanları saatda 300 km-ə qədər hərəkətə icazə verir. Qatarın vaqonları biznes sinif və ekonom vaqonlardan ibarətdir. Hər bir vaqonda kiçik mətbəx, soyuducu var. Qatar simsiz internetlə (Wi-Fi) təchiz olunub.

 

Qatarda jurnalistlərə müsahibə verən Cavid Qurbanov bildirdi ki, Baki-Gəncə sürət qatarında səhər və günorta yeməyi də veriləcək. Onun sözlərinə görə bu xidmət Birinci Klass və biznes Klass vaqonlarında göstəriləcək:

 

“Bakı-Gəncə üzrə sərnişin qatarı əvvəl 8 saata, bu gün isə 5 saat 30 dəqiqəyə gedir. Yeni sürət qatarında isə bu 4 saat 30 dəqiqədir. Gələcəkdə bu vaxt 3 saat yarıma qədər azaldıla bilər. Birdən-birə risk etmək istəmirik. Yol üstündə keçidlər olur. Piyadalar qatar yollarının üstündən keçirlər. Maşinist ya sürətini yavaşlatmalıdır, ya da piyadanın üstündən keçməlidir . Əsas məsələ təhlükəsizlikdir. Bunun üçün yol kənarında keçidlər bağlanmaldır. Konfliktsiz yol keçidlərinə keçilməlidir, yəni maşın keçidin altından, qatar isə üstündən keçir”.

 

C.Qurbanov Bakı-Gəncə sürət qatarının hərəkət sürəti barədə də məlumat verdi. QSC sədri bildirdi ki, sınaq müddətində sürət saatda 159 kilometrə qalxıb. “Bəziləri deyir "Cavid Qurbanov sözünün üstündə durmur, dediyi söz yalan çıxır". Mən onlara mesaj göndərirəm ki, mən sözümün üstündə dayanıram. Çünki mən İlham Əliyevin komandasındayam. Bu açılış da prezidentin vətəndaşlara yeni il hədiyyəsidir. Sınaq və hərəkətin tənzimlənməsi ayrı-ayrı şeylərdir. Hazırda sürət saatda 130 -135 km-dir. Qatarın texniki imkanları saatda 300 km-ə qədər hərəkətə icazə verir. Biz layihəni edəndə yolun maksimal sürətini 160 km qədər qoymuşuq. Gələcəkdə bu sürətin artımına doğru gedəcək", - deyən sədrin sözlərinə görə, sürətin artırılması üçün dəmir yolunun çəpərlənməsi avcibdir ki, bu da həm böyük vəsait və vaxt tələb edən məsələdir.

 

C.Qurbanov dedi ki, Bakı-Gəncə marşrutu üzrə 3 dayanacaq nəzərdə tutulub: “Bu da tələbata uyğun tənzimlənəcək. Yevlaxda, Goranda, Gəncədə dayanacaq. Yevlaxda Qarabağ zonası, Şəki-Balakən istiqamətində gedənlər düşəcək. Gorana yaxın Naftalan kurort mərkəzi olduğu üçün turist axını çoxdur. Ora qazaxlar, türklər, həmçinin ərəblər daha çox gəlir".

 

Qeyd edək ki, Bakı-Gəncə sürət qatarının sərnişinləri komfortlu vaqonlarda, təhlükəsiz şəraitdə 3 saat 50 dəqiqəyə Gəncəyə yetişdilər. Gəncə dəmir yolu vağzalına yığışan sakinlər sürət qatarını sevinclə, alqışlarla qarşıladılar. Burada Bakı-Gəncə sürət qatarının açılşı münasibətilə bayram tədbiri düzənlənmişdi.

 

İzdiham qarşısında çıxış edən Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov sürət qatarının işə düşməsi münasibətilə bütün gəncəliləri təbrik etdi.

 

ADY sədri Cavid Qurbanov da gəncəliləri təbrik edərək bildirdi ki, sürət qatarının ilk olaraq Gəncəyə gəlməsi böyük hadisədir. “Biz işimizi vicdanla yerinə yetirməyə çalışdıq. Biz bununla kifayətlənməyəcəyik. Bu qatarla Türkiyəyə qədər gədəcəyik", - deyə C.Qurbanov bildirdi.

 

Gəncənin deputatı Musa Quliyev də çıxış edərək gəncəlilərə gözaydınlığı verdi.

 

Daha sonra söz sənətçilərə verildi. Tanınmış müğənnilər – Tüymur Əmrah, Tünzalə Ağayeva, Aşıq Samirə, Aşıq Əli və digərləri öz mahnıları ilə gəncəlilərin könüllərini oxşadılar. Konsertə xalq artisti, sevilən sənətçimiz Brilliant Dadaşova yekun verdi. Sənətçinin səhnədə bayraqla çıxışı və ifa etdiyi mahnıda “Bir kərə yüksələn bayraq bir daha enməz” sözləri coşqu ilə qarşılandı.

 

Onu da qeyd edək ki, Bakı-Gəncə sürət qatarının açılışı gəncəlilər üçün əlamətdar günə və ilə tasadüf edir.

Belə ki, dekabrın 29-u Gəncənin tarixi adının özünə qaytarılmasından 30 il ötürdü. Sovet hakimiyyəti illərində Kirovabad adı verilmiş şəhərin adı 1988-ci ildə yenidən rəsmən Gəncə adlandırılmışdı.

Gəncəlilər Bakı-Gəncə sürət qatarının açılışını həm də Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyində öz şəhərlərinə bir hədiyyə kimi qəbul etdilər. Cümhuriyyətin ilk paytaxtı olmuş Gəncə üçün “Cümhuriyyət ili”nin son günlərində belə bir açılış etməsi doğrudan da tarixi hadisə idi.

 

Bu hadisəni Gəncə sakini Pərviz Adıgözəlov əməkdaşımzla söhbətində belə dəyərləndirdi: “Həm “Cümhuriyyət ili”ndə, həm qarşıdan gələn “Həmrəylik günü” ərəfəsində belə bir qatarın istifadəyə verilməsini müsbət dəyərləndiririk. Bu, dövlətimiz tərəfindən gəncəlilərə, vətəndaşlarımıza, o cümlədən ölkəmizə gələn turistlərə verilən bir dəyərdir. Fikrimcə, bu qatarın biz gəncəlilər üçün bir sıra üstünlükləri var. Vaqonlara girib baxdım, çox komfortludur. Bundan başqa, təhlükəsizdir. Bakıya, ordan da Gəncəyə avtobusla, taksi ilə gedib-gəlməkdənsə, sürət qatarı ilə gedib-gəlmək daha yaxşıdır. Daha bir üstünlük budur ki, bu qatar birbaşa paytaxtın mərkəzinə - “28 May” metrosuna gedir. Bir sözlə, Bakı-Gəncə sürət qatarını sərnişinlər üçün daha əlverişli hesab edirəm. Bundan sonra Bakıya gedib-gələndə bu qatardan istifadə edəcəm".

 

Beləliklə, Bakı-Gəncə-Bakı sürət qatarı eyni sürətlə də Bakıya qayıtdı.


Qeyd edək ki, dekabrın 30-dan etibarən Bakı-Gəncə-Bakı sürət qatarı sərnişinlərin ixtiyarına verilir.

 “Azərbaycan Dəmir Yolları” QSC-dən verilən məlumata görə, Bakı-Gəncə-Bakı sürət qatarı hər ayın cüt tarixlərində Bakıdan, tək tarixlərində isə Gəncə şəhərindən saat 09:00-da yola düşəcək. Qatarın yolda olma müddəti 4 saat 28 dəqiqə təşkil edir. Sərnişinlərin nəzərinə çatdırırıq ki, qatarın Biləcəri, Yevlax və Goran stansiyalarında dayanacaqları mövcuddur. 4 vaqondan ibarət qatarda Birinci klass (9 yer), Biznes (62 yer) və Standart (296 yer) olmaqla, cəmi 367 oturacaq yer var. Gediş biletləri dəmiryol kassalarında və internet saytında onlayn satılır.

Bakı ilə Gəncə arasında qiymətlər Standart yerlər üçün 15 manat, Biznes yerlər üçün 50 manat, Birinci klass yerlər üçün 100 manat təşkil edir. Bakı-Goran arasında qiymətlər - Standart 14, Biznes 47, Birinci klass 93 manat, Bakı-Yevlax arasında isə - Standart 13, Biznes 43, Birinci klass 87 manatdır.


A.ASLAN

Bakı-Gəncə-Bakı