Gürcüstan hökuməti Azərbaycanla həmsərhəd kənddə turizmi inkişaf etdirir


13.02.2019 17:09
275
Gürcüstan hökuməti Azərbaycanla həmsərhəd kənddə turizmi inkişaf etdirir

Gürcüstan hökuməti Azərbaycanla sərhəd boyunda yerləşən Saqareco rayonunun Udabno kəndində turizmi inkişaf etdirir.


Ekspress.az -ın məlumatına görə, bu gün kənddə 200-dən çox dövlət xidmətinin təqdim olunacağı ictimai mərkəzin açılışı olub.


Mərasimdə Gürcüstanın baş naziri Mamuka Baxtadze, ədliyyə naziri Tea Tsulukiani və digər rəsmi şəxslər iştirak ediblər (report). M.Baxtadze çıxışında bildirib ki, hökumətin əsas prioritetlərindən biri bölgələrin bərabər inkişafıdır: “İctimai mərkəz istənilən kənd üçün çox vacibdir. Bu cür mərkəzlərin yaradılmasının əsas ideyası ondan ibarətdir ki, bölgələrdə yaşayan vətəndaşlar bütün lazımı xidmətlərdən yararlana bilsinlər”.

Baş nazir qeyd edib ki, David Qareci məbəd kompleksi (Keşikçi dağı məbədi– red.) hər bir gürcü və xristian üçün unikal abidədir və Udabno kəndinin unikal turizm məkanına çevrilməsinə səbəb olub: “Təəssüflər olsun ki, infrastruktur baxımından kənddə müəyyən çatışmamazlıqlar olub. Bir neçə il öncə kəndin su təminatı layihəsi başa çatdırılıb. Qısa vaxt ərzində Udabnoda avtomagistralın çəkilməsi ilə bağlı işlər aparılacaq”.

T.Tsulukiani öz növbəsində Udabno kəndində inşa olunan ictimai mərkəzin formasının memarlıq baxımından digərlərindən fərqləndiyini bildirib: “Layihə əhalisi 600 nəfərdən çox olmayan yaşayış məntəqələri üçün xüsusi olaraq hazırlanıb. Udabno kəndində ictimai mərkəzin tikilməsi barədə qərar bir neçə faktorların nəzərə alınması ilə qəbul olunub. Bu kənd Gürcüstan və Azərbaycan arasında dövlət sərhədi boyunda yerləşir, etnik azlıqlar və ekomiqrantlarla məskunlaşıb və turistik baxımından cəlbedici zonadır. Bununla yanaşı, Udabno kəndi David Qareci məbəd kompleksinin yaxınlığında yerləşir”.  


Ekspress.az

Açar sözlər: