• 19 °C Bakı
  • 15 °C Quba
  • 19 °C Gəncə
  • 15 °C Yevlax
  • 14 °C Naxçıvan

Azərbaycan və Ermənistan XİN rəhbərləri Münhendə görüşə bilərlər

29.01.2019 16:49
104
Azərbaycan və Ermənistan XİN rəhbərləri Münhendə görüşə bilərlər

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla erməni həmkarı Zohrab Mnatsakanyan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində danışıqların davam etdirilməsi üçün fevralda Almaniyada keçiriləcək 54-cü Münhen Təhlükəsizlik Konfransı çərçivəsində görüşə bilərlər.


Ekspress.az Azvision.az-a istinadən xəbər verir ki, bunu Ermənistan XİN rəhbəri Zohrab Mnatsakanyan bu gün İrəvanda səfərdə olan Avropa İttifaqının qonşuluq siyasəti və genişləndirmə üzrə komissarı Yohannes Hanla keçirdiyi birgə mətbuat konfransında jurnalistlərin “Qarabağ problemi üzrə Münhendə azərbaycanlı həmkarınızla görüş nəzərdə tutulubmu?” sualına cavabında deyib.


“Heç nəyi istisna etmək olmaz. Aydındır ki, danışıqlar prosesində biz irəliyə doğru gedirik. Ənənəyə uyğun olaraq, əgər belə bir görüş barədə razılığa gəlinsə, onda əvvəlcədən məlumat veriləcək. Görüşlərin vaxtı və digər məsələləri biz öncədən razılaşdırmağa və bu barədə ictimaiyyətə xəbər verməyə çalışırıq”, - deyə erməni nazir vurğulayıb.


Yohannes Han isə öz növbəsində bildirib ki, Avropa İttifaqı Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasındakı bu cür görüşləri yüksək qiymətləndirir.


Qeyd edək ki, Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında sonuncu görüş ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə 16 yanvarda Fransanın paytaxtı Parisdə baş tutub. 4 saatdan çox davam edən danışıqlarda bir sıra məsələlər, o cümlədən hər iki tərəfin əhalisinin sülhə, təhlükəsizliyə və dayanıqlı regional inkişafa hazırlanması yolları müzakirə edilib, ardıcıl və nəticəyönümlü danışıqların davam etdirilməsi üzrə razılığa gəlinib.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND