“Diqlas”dakı sahibkarlar dövlətdən 6,3 milyon manat güzəştli kredit istəyib

30.03.2019 14:03
213
“Diqlas”dakı sahibkarlar dövlətdən 6,3 milyon manat güzəştli kredit istəyib


Bakıdakı “Diqlas” ticarət mərkəzində baş vermiş yanğında zərər çəkmiş 142 sahibkarr İqtisadiyyat Nazirliyində yaradılmış İşçi Qrupu tərəfindən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin inzibati binasında fərdi qaydada qəbul edilib.


Məlumata görə, onların problemləri, dəymiş maddi ziyan, fəaliyyətlərinin təşkili və davam etdirilməsi ilə bağlı fikirləri öyrənilib, baş vermiş hadisə ilə əlaqədar yaranmış çətinliklər və bu istiqamətdə tələb olunan işlər müzakirə olunub.


Məlumat verildiyi kimi, İqtisadiyyat Nazirliyi tərəfindən ticarət mərkəzləri ilə aparılmış müzakirələr nəticəsində əldə olunmuş razılığa əsasən ilkin olaraq Bakı şəhərinin müxtəlif ərazilərində yerləşən ümumi sahəsi 12 000 m2 olan 350-yə yaxın ticarət obyekti 5 ay icarə haqqı ödənilməmək şərti ilə istifadə etmələri üçün sahibkarlara təklif edilib.

Bununla əlaqədar təqdim edilən təkliflər üzrə qəbul zamanı aparılmış müzakirələrin nəticəsi olaraq, 135 sahibkar tərəfindən 4934 m2 sahədə ticarət obyektinə ehtiyaclarının olduğu müəyyən edilib və bu istiqamətdə işlərə başlanılıb.


Eyni zamanda, qəbul zamanı İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun vəsaitləri hesabına güzəştli kreditlərin verilməsi imkanları da sahibkarların diqqətinə çatdırılıb və nəticədə artıq 126 sahibkar tərəfindən təxminən 6,3 milyon manatdan çox güzəştli kreditdən istifadə etmək istəklərində olduqları bildirilib. Bununla bağlı Sahibkarlığın İnkişafı Fondu tərəfindən həmin sahibkarlarla ilkin işlərə başlanılıb və zəruri məlumatlandırma aparılıb.


Qəbulun 30-31 mart tarixlərində davam etdirilməsi və başa çatdırılması planlaşdırılır, nəticələri barədə əlavə məlumat veriləcək. 


Ekspress.az


  • SON XƏBƏR
  • TREND