• 1 °C Bakı
  • -8 °C Quba
  • 1 °C Gəncə
  • 0 °C Yevlax
  • -7 °C Naxçıvan

"Xəzərdə süni adanın salınması məsələsi nəzərdən keçirilir" - SOCAR prezidenti

07.02.2019 19:42
88
"Xəzərdə süni adanın salınması məsələsi nəzərdən keçirilir" - SOCAR prezidenti

"Dünyanın ən böyük qaz-kondensat yataqlarından biri olan “Şahdəniz” yatağının işlənməsi artıq ikinci mərhələyə keçib, bu da qarşıdakı illərdə ölkəmizin qaz hasilatına ildə əlavə 16 milyard kubmetr gətirəcək".


Ekspress.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Döclət Neft Şirkətinin (ARDNŞ/SOCAR) prezidenti Rövnəq Abdullayev bildirib.


O, qeyd edib ki, “Abşeron”, “Ümid” və “Qarabağ” kimi yeni yataqlarımız Azərbaycanın karbohidrogen ehtiyatlarının əvvəl gözlənildiyindən daha böyük olduğunu göstərir:


"SOCAR-ın “Heydər Əliyev” adına yeni yarımdalma üzən qazma qurğusu artıq ötən ildən “Abşeron” yatağındakı ilk quyuda qazma işinə başlayıb. Bu quyunun dərinliyi 7400 metrdən çox olacaq.

Qazma işləri bu ilin üçüncü rübündə tamamlanacaq. Daha sonra həmin qurğu “Şəfəq-Asiman” layihəsi çərçivəsində axtarış quyusunda qazmaya başlayacaq.

“Qarabağ” yatağının neft və qaz ehtiyatları ilə bağlı gözləntilər böyükdür. Bu yataqda hasilat və qazma işlərinin aparılması üçün yeni dəniz özülü inşa edilir. Özülün dayaq blokunda işlərin 60 faizi artıq tamamlanıb.

Eyni zamanda, layihə üzrə yekun mühəndisi layihələndirmə işləri aparılır. “Abşeron” və “Qarabağ” yataqlarından ilk məhsulun 2020-2021-ci illərdə əldə olunması proqnozlaşdırılır".


R.Abdullayev deyib ki. BP şirkəti ilə müştərək işlənilən “D-230” layihəsi üzrə cari ildə qrafikə uyğun olaraq ilkin seysmik kəşfiyyat işləri aparılmalıdır.


"Həmçinin, BP ilə Abşeron yarımadasının dayazsulu hissəsində qazma işlərinin aparılması üçün süni adanın salınması məsələsi də nəzərdən keçirilir.

Azərbaycan neftçilərinin müstəqillik dövründə kəşf etdiyi “Ümid” yatağında hasilat artırılır. Yatağın tammiqyaslı işlənilməsi üçün əlavə olaraq, “Ümid-2” platformasının tikilməsi, 2020-ci ilin sonlarında isə həmin platformadan ilk quyunun qazılması planlaşdırılır.

“Babək” perspektiv strukturunda 2020-ci ildə qazılması nəzərdə tutulan axtarış quyusunun yeri artıq müəyyənləşdirilib. Bundan başqa, “Aypara” kimi perspektivli sahələrdə də axtarış qazması üçün hazırlıq işləri görülür" - deyə R.Abdullayev bildirib (Azərtac).


ARDNŞ prezidenti deyib ki, son 2 il ərzində SOCAR qazma işərinin ümumi həcmini 66 faiz artırıb:


"Bizim qazmaçılar və hasilatçılar Xəzər dənizinin geoloji baxımdan ən mürəkkəb yataqlarında işlədiklərinə baxmayaraq, 2015-ci ildən bəri “Bulla Dəniz” və “Ümid“ yataqlarında 1000 atmosferə yaxın təzyiq altında 6000 metrdən çox dərinlikdə 4 quyu qazaraq, təhvil veriblər.

“Ümid” yatağında qazılan yeni quyunun dərinliyi isə artıq 6810 metrə çatdırılıb, onun qazılması yaxın zamanda tamamlanacaq.

Sadaladığım bütün bu yeni yataq və perspektivli strukturların işlənilməsi qarşıdakı illərdə və onilliklərdə Azərbaycanda təbii qaz hasilatını qat-qat artırmağa, neft hasilatını stabilləşdirməyə imkan yaradacaq.

Gələcək illərdə strateji hədəflərimiz ölkəmizin daxili tələbatını tam ödəmək, enerji təhlükəsizliyini davamlı olaraq təmin etmək, Azərbaycanda və xarici ölkələrdə yeni investisiya imkanlarını araşdırmaq, dəyər zəncirimizi təkmilləşdirərək, gəlirləri daha da artırmaqdır.

2018-ci ildə respublikamızda təbii qaz hasilatının önəmli dərəcədə artırılması nəticəsində biz xaricdən qaz idxalından bütövlüklə imtina etdik. Qarşıdakı illərdə həyata keçiriləcək layihələr ölkənin enerji təhlükəsizliyini təmin etməklə yanaşı, Azərbaycanın iki qitənin arasında strateji enerji mərkəzinə çevrilməsinə imkan verəcək.

Müxtəlif ölkələrdə geniş vüsət alan beynəlxalq iqtisadi əməliyyatlarımız ölkəmizin iqtisadi və siyasi müstəqilliyinə güc qatacaq, onun beynəlxalq mövqelərini daha da möhkəmləndirəcək".

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND