"Oğlum məndən soruşur ki, səni niyə öldürmək istəyirlər" - Messi

30.03.2019 13:46
372
"Oğlum məndən soruşur ki, səni niyə öldürmək istəyirlər" - Messi

"Barselona"nın kapitanı Lionel Messi maraqlı açıqlamalarla diqqət mərkəzinə düşüb.


Ekspress.az xəbər verir ki, argentinalı superulduz Kriştianu Ronaldonun "Real"dan gedişinə təəssüfləndiyini söyləyib.


O, portuqaliyalının sayəsində "Yuventus"un gücləndiyini vurğulayıb:


"Çətin olsa da, Ronaldoya qarşı oynamaq xoş idi. Kriştianu "Real"da olanda titullar qazanmaqdan daha çox xoşum gəlirdi. Madriddə qalsaydı, əla olardı. "Yuventus"a da böyük hörmətim var. Onların böyük oyunçuları, güclü komandaları var. Ronaldonun gəlişi ilə daha da gücləndilər. "Atletiko"nu məğlub etməklə Çempionlar Liqasının favoritinə çevriliblər".


Messi uzun illər rəqib olduğu Ronaldonu dünyanın ən yaxşı futbolçusu hesab etdiyini də deyib: "Neymar, Mbappe, Suares, Azar kimi böyük futbolçular var. Onların hər biri ən yaxşı olar bilər. Ancaq Ronaldonu bu qrupdan ayrı tuturam, təbii ki, özümlə birlikdə".


Leo karyerasının sonlarında ilk komandası "Nyuells Old Boys"a qayıtmasının real görünmədiyini deyib: "Nyuells"də oynamaq istərdim. Ancaq hazırkı vəziyyətdə Argentinaya qayıtmağım çətin görünür. Övladlarımı düşünürəm. Tiaqo artıq böyüyür və bizi qəbul edir. Onun Argentinaya qayıtmasını məcbur edən hər hansı bir səbəb yoxdu".


31 yaşlı futbolçu Argentina millisindəki çıxışına da toxunub. O, hətta tənqidlərdən oğlunun da təsirləndiyini söyləyib: "Oğlum yutubda videoları izləyir. Sonra məndən soruşur ki, səni Argentinada niyə öldürmək istəyirlər? Ancaq yenə də yığmanın formasını geyinmək xoşuma gəlir. Hələ də milli ilə uğur qazanmaq istəyirəm. Bütün vacib oyunlarda iştirak edəcəm. Dünya çempionatının finalında oynamışıq, hansı ki, bu, heç də asan deyil. Haqqımda çıxan söz-söhbətlər isə doğru deyil. Yığma üçün baş məşqçini mən seçmirəm. Belə xəbərlər ortaya çıxanda xoşbəxt olmaq çətindi. Braziliyada dünya çempionu olsaydıq, indi başqa şeydən danışardılar. Xırda detallar məğlubiyyətə səbəb oldu".


Kapitan zədəsi barədə də məlumat verib: "Qasıq nahiyəsindən zədə almaq xoş deyil. Bu, bir neçə günə müalicə olunmur. Özümü yaxşı hiss edirəm, ancaq problem həll olunmayıb. Özümə qayğı göstərməliyəm".

Açar sözlər: