Nazir müavininin qardaşı azadlığa buraxıldı

22.05.2019 10:56
50
Nazir müavininin qardaşı azadlığa buraxıldı

2015-ci il mayın 19-da Binəqədidəki çoxmərtəbəli yaşayış binasında baş verən yanğınla bağlı təqsirləndirilən şəxslərdən biri - Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini işləmiş Qəzənfər Novruzov azadlığa buraxılıb. Qəzənfər Novruzovun həbs müddəti başa çatdığı üçün azad edildiyi bildirilir.


Ekspress.az xəbər verir ki, Q.Novruzov həbsdəki son günlərini Penitensiar Xidmətin müalicə müəssisəsində keçirib. O, 4 il müddətinə azadlıqdan məhrum edilmişdi. Onun niyə müalicə olunduğu barədə səhih bilgi yoxdur. Amma məhkəmə proseslərinin birində Qəzənfər Novruzovun səhhətində problem yarandığı, hətta komaya düşdüyü barədə xəbərlər yayılmışdı.

Qəzənfər Novruzov əvvəllər aptek müdiri, daha sonra Səbyel Rayon İcra Hakimiyyəti başçısının müavini, sonra da Binəqədi rayon icra başçısının müavini vəzifələrində çalışıb.


Qəzənfər Novruzov 2013-cü ilin sonlarında icra başçısı Xaləddin İsgəndərov tərəfindən vəzifəsindən azad olunub. Qəzənfər Novruzovun daha bir qardaşı general-mayor Səbuhi Novruzov isə neçə illərdir Naxçıvan MR daxili işlər nazirinin müavinidir. Qəzənfər Novruzovun qardaşı Vaqif Novruzov uzun illər Bakı Şəhər Yaşıllaşdırma Birliyinin rəisi işləyib.


Bu günlərdə BŞİH başçısı Eldar Əzizovun sərəncamı ilə işdən çıxarılıb. V.Novruzov uzun illərdir ki, həmin postu tuturdu və Hacıbala Abutalıbovun komandasının ən odioz fiqurlarından biri hesab olunurdu. Q.Novruzovun daha bir qardaşı Məhərrəm Novruzovun isə bir neçə il əvvəl Abşeronun sosial müdafiə fondunun rəhbəri vəzifəsində çalışdığı deyilirdi. 


Xatırladaq ki, yanğın nəticəsində 15 nəfər ölmüş, 50 nəfər xəsarət almışdı (musavat.com).


Ekspress.az


Açar sözlər:
  • SON XƏBƏR
  • TREND