Avstriyanın tibb universitetlərinə abituriyent axını güclənib

05.07.2019 14:28
43
Avstriyanın tibb universitetlərinə abituriyent axını güclənib


Son illərdə təkcə yerli abituriyentlərin deyil, eyni zamanda, xarici ölkə vətəndaşlarının, xüsusilə də alman tələbələrin Avstriyanın tibb universitetlərinə marağı artıb. Almaniya tibb universitetlərində tətbiq olunan attestat keçid balı (Numerus Clausus) bir çox abituriyentIəri qonşu ölkəyə üz tutmağa vadar edir.

AZƏRTAC xəbər verir ki, iyulun 5-də Avstriyanın tibb universitetlərinə (Vyana, İnnsbruk, Qrats və Lints) keçiriləcək mərkəzləşdirilmiş test imtahanları üçün 16443 abituriyent qeydiyyatdan keçib. 1680 yer uğrunda biliyini sınayan abituriyentlərin 75 faizi Avstriyada kamal attestatı almış şəxslər, 20 faizi digər Aİ ölkələrinin, 5 faizi isə üçüncü ölkələrin payına düşür. Ölkə üzrə bir tələbə yerinə sənəd verənlərin sayı on namizəddən ibarətdir. Vyana Tibb Universitetində rəqabət daha yüksəkdir, burada bir yerə on bir nəfər sənəd verib. İnnsburkda bu göstərici on, Qratsda doqquz, Lintsdə isə yeddi namizədə bərabərdir.

Bir neçə ildən bəri Avstriya Həkimlər Palatası Avstriya tibb universitetlərinə xarici tələbə axınını tənqid edir. Palatadan bildirilir ki, Avstriya təhsil sistemindən yararlanan və tibb təhsilini başa vurduqdan sonra öz vətəninə geri dönən əcnəbi tələbələr gələcəkdə Avstriya tibb müəssisələrində həkim azlığına səbəb ola bilər. Buna görə də Təhsil Nazirliyi qəbul qaydalarına yenidən baxmalı, eyni zamanda, Səhiyyə Nazirliyi də “beyin axını”na qarşı tədbirlər görməli, həmin məzunlara Avstriyada cəlbedici iş yerləri təklif edilməlidir.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND