Gürcüstan Qara dənizin ortasına niyə “sürüşdü” – Xəritə

03.09.2019 11:01
130
Gürcüstan Qara dənizin ortasına niyə “sürüşdü” – Xəritə

15 il öncə Gürcüstanın indiki Prezidenti Salome Zurabişvili ölkənin xarici işlər naziri vəzifəsinə təyin olundu. Fransada doğulmuş və bu ölkənin vətəndaşı olan Zurabişvili vəzifəyə təyin olunan kimi Gürcüstan üçün yeni kimlik qurmağa girişdi, müsahibə verməyə, məqalə yazmağa başladı. O, yazdığı məqalələrdə “Gürcüstan Cənubi Qafqaz deyil, Gürcüstan Avropadır” şüarını səsləndirirdi.


Ekspress.az xəbər verir ki, bu sözləri politoloq Erkin Qədirli qeyd edib. Politoloq bildirib ki, bu, Zurabişvilinin 2004-cü ildən bu yana hər yerdə söylədiyi fikirdir:


Bu ilin avqust ayında Fransaya səfəri zamanı Zurabişvili avropalıların öz dəyərlərindən və arzularından uzaq düşdüyünü, Gürcüstanın isə əsl Avropa milləti olduğunu söylədi. Ardınca da əlavə etdi: “Gürcüstan Avropaya can atmır, Gürcüstan elə Avropadır”. Roma Papasından daha böyük katolik olmağa çalışdığı aydındır”.


Politoloq daha sonra bir xəritə paylaşıb:


“Şəkildə Gürcüstanın Cənubi Qafqazdan ayrı, Qara dənizdə bir ada olaraq göstərildiyini görə bilərsiniz. Bu, yəni Qara dəniz kimliyi Zurabişvilinin 2004-cü ildə ortaya atdığı ilk ideya olub. Zurabişvili tək deyil. Gürcüstanda həm siyasi, həm intellektual çevrələrdə Gürcüstanın Cənubi Qafqaz kimliyi olmadığını iddia edənlər var. Məqsəd şəkildə məcazi mənada göstərildiyi kimi, Gürcüstanın həm Ermənistandan, həm də Azərbaycandan üstün olduğunu göstərməkdir. Gürcüstanda bunu həqiqətən düşünənlər var”.

Politoloqun sözlərinə görə, gürcülər hesab edirlər ki, Ermənistan və Azərbaycanla qonşuluq Gürcüstanı geriyə atır, inkişafını çətinləşdirir:

“Ermənistanla işim yoxdur, amma Azərbaycanla bağlı gürcülərin belə yanaşması düşündürücüdür. Birincisi, Gürcüstanın bizim yerimizi verə biləcək alternativi yoxdur. Azərbaycan çox etibarlı tərəfdaşdır - Gürcüstanın enerji təhlükəsizliyini təmin edir, onun iqtisadiyyatına hamıdan çox pul yatırır, vergi ödəyir, infrastruktur qurur, iş yerləri açır və s. Bunun öz ölkəmiz üçün də faydası böyükdür. Biz də Gürcüstandan asılıyıq. Gürcüstan bizim açıq dənizə çıxışımızdır, iqtisadi maraqlarımızın uzantısıdır. Odur ki, Gürcüstanla Azərbaycan arasında qarşılıqlı strateji asılılıq var.


İkincisi, Azərbaycan Gürcüstan üzərində olan maliyyə və enerji üstünlüyünü Gürcüstanın xarici siyasət seçimlərinə əngəl yaratmaq üçün istifadə etmir. Müqayisə üçün Rusiya-Ukrayna kontekstinə baxın. Əksinə, Gürcüstanla Azərbaycanın xarici siyasət seçimləri eynidir. Azərbaycan Gürcüstanda iqtisadi sabitliyin əsas təminatçısı kimi, Gürcüstanın ayaqda qala bilməsinə, Qərbə doğru getməsinə yardım edir. Burada ölkəmizin öz marağı da vardır”.


E.Qədirli qeyd edib ki, Gürcüstanda keçirilmiş sorğuda iştirak edənlərin yalnız 56 faizi Azərbaycanın dost ölkə olduğunu söyləyib:


“Bu, çox narahatedici rəqəmdir. Müqayisə üçün bildirək ki, öncəki sorğularda ölkəmizi “dost” sayanların faizi 80-nin üzərində olurdu. Bu, demokratiyanın mənfi təsirlərindən biridir. Demokratiya seçicilərin stereotiplərini siyasətə gətirir, populist siyasətçilər də onlardan istifadə edirlər. Qonşularımızda demokratiya gücləndikcə, oradakı seçicilərin bizə qarşı olan stereotipləri də güclənəcək. Buna hazır olmalıyıq”. (axar)


Ekspress.az