Yeniyetmələr niyə intihar edir?

09.04.2019 14:19
299
Yeniyetmələr niyə intihar edir?

Son vaxtlar, xüsusən yeniyetmələrin intihar etməsi barədə yayılan xəbərlər insanları kədərləndirir. Hər kəsi düşündürür ki, həyata yenicə başlayan, potensialı olan bu gənclər niyə yaşamağı deyil, ölümü seçirlər? Bu kədər yaxınları, əzizləri üçün əlbətdə ki, daha dözülməz olur. Ekspertlər çıxışlarında dəfələrlə vurğulayırlar ki, intihar artır, ən çox intihar edənlərsə, məhz yeniyetmə və gənclərdir. 


Ümumdünya Səhiyyə Təşkilatı ekspertlərinin fikrincə, intihar problemi artıq bütün dünyada qlobal xarakterlidir. Müxtəlif statistik məlumatlara görə, dünyada intiharlar nəticəsində ölənlər sayı müharibə nəticəsində ölənlərdən çoxdur.


Psixoloq Raminə Həsənovanın Ekspress.az –a bildirdiyinə görə, yeniyetmə və gənclərin intihar etməsinin əsas səbəbləri ailədaxili münasibətlərin düzgün olmaması, ailədə problemlərin yaşanması, cavabsız qalan sevgidir: “İntiharları cəmiyyətdə gedən dəyişikliklərlə də izah edən alimlər olur. Həmyaşıdları ilə münasibətlərin pozulması, pis vərdişlərə alüdəçilik də intihara təkan verən səbəblər arasındadır. Adətən intihar fikri insanda birdən-birə yaranmır. Bu bir neçə dəfə ağla gələn, çox vaxt depressiyanın ağırlaşması ilə nəticələnən ağır sonluqdur. Yeniyetmə və gənclərin əhvalsız olması, özünə qapanması, valideynləri ilə öz yaşadıqları, duyğuları ilə bölüşməməsi, apatiyada olması intihar haqqında fikirlərə işarədir. Valideynlər diqqətli olmalı və belə hallarda yaranmış vəziyyəti dəyişdirməyə çalışmalıdır. Mümkün deyilsə, psixoloq köməyindən faydalanmaq lazımdır”.


R.Həsənovanın sözlərinə görə, çox vaxt gəncin psixoloji durumunun mənfiyə doğru formalaşmasında valideynlər özləri günahkar olur: “Sevgisiz, diqqətsiz qalan övlad bəzən bunu yanlış yerlərdə axtarır və tapmadıqda bu, travma, bunun da aradan qaldırılmaması ilə intihara aparan depressiya ilə nəticələnir. Eləcə də, valideynlərin övladlarını başa düşməməsi, onları çox sıxması, təzyiq altında saxlaması hələ bərkiməmiş psixologiyalarını zədələmiş olur. Təəssüf ki, əksər vaxtlarda yaxınları, valideynləri şəxslərin intihar edəcəyindən xəbərsiz olur. Çünki onların uzunmüddətli depressiv vəziyyətdə görmələrinə alışıblar. Yeniyetmələrin maddi tələblərini ödəməmə, ailədə yaşanan maddi sıxıntılar da gəncin yaşamağa dair ümidlərini puç edə bilər”. 


O, bildirib ki, uşaqlar dərslərinə görə yaxşı nəticə əldə edə bilmədikdə valideynlər onları danladıqda, bəyənmədikdə də dərin kədər keçirirlər: “Çox vaxt imtahanlar zamanı da yeniyetmələr arasında intihar halları artır. İmtahandan kəsilən, pulluya üçün intihar edən gənclər az deyil. Hər imtahan qabağı belə intihar hadisələri qeydə alınır. Bəzən valideynlər övladlarından mümkün olmayanı istəyir, onu alçaldır, təhqir edir, cəzalandırırlar. Uşaqlar arasında zorakılıq halları da onları intihara sürükləyən əsas səbəblərdəndir”.

R.Həsənova qeyd edib ki, intihar edən şəxslər zəif xarakterli olurlar: “Ölməklə insan problemi həll etmir. İntihar problemlərdən qaçış yoludur. Adətən məsuliyyətsiz insanlar intihar edir. Çünki məsuliyyəti dərk edən insanlar intihar etməz. Məsuliyyətli insan bu yola üz tutmaz. Onlar daha asan yolu seçir, ölümü yaşamaqdan üstün tuturlar. İntihar edən şəxslər şəxsiyyət tiplərinə görə fərqi olurlar. Yəni özlərinə qadağa qoya bilmirlər. Özlərini idarə etməyə qadir deyillər”. 


Psixoloq məsləhət görür ki, valideynlər daim övladlarına onları çox sevdiklərini hiss etdirməli və onları olduğu kimi qəbul etməlidirlər: “Valideyn basqı olmadan övladının əhatə dairəsi, dostları ilə maraqlanmalıdır. Onun tərbiyəsi ilə məşğul olmalı, həyatında baş verən hadisələrdən xəbər tutmalıdır. Müasir zamanda valideynlər övladlarına daha az diqqət göstərməyə başlayıb. Kompüter, mobil telefon, internetdən istifadə gəncləri canlı ünsiyyətdən uzaqlaşdırır və onları qapalı edir. Bundan başqa internetdə yeniyetmə və gənc qeyri-real həyatda yaşayır. Gerçəklikdə uydurduğu həyatı yaşaya bilmədikdə stres keçirir”. 


Aynurə Məmmədova

Ekspress.az

 

  • SON XƏBƏR
  • TREND