Aqrar sahədə çalışanlara 370 milyon manat məbləğində dəstək verilib

12.01.2019 09:27
51
Aqrar sahədə çalışanlara 370 milyon manat məbləğində dəstək verilib

Dövlət tərəfindən sahibkarlara dəstək 2018-ci ildə də davam etdirilib. Maliyyə naziri Samir Şərifov Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı zamanı qeyd edib ki, ötən il ərzində kənd təsərrüfatı sahəsində çalışanlara 370 milyon manat məbləğində subsidiya və güzəştlər verilib, Sahibkarlığın İnkişafı Fondunun xətti ilə 999 sahibkara 160 milyon manat məbləğində güzəştli şərtlərlə kreditlər ayrılıb, İpoteka və Kredit Zəmanəti Fondu isə ölkə bankları tərəfindən kreditləşdirilən 277 milyon manat məbləğində ipoteka kreditlərini yenidən maliyyələşdirib, 17 milyon manat məbləğində kreditlərlə bağlı zəmanət dəstəyi göstərib.


Nazir vurğulayıb ki, ölkənin qeyri-neft məhsullarının ixracının təşviqi və stimullaşdırılması proqramı çərçivəsində sahibkarlara dövlət büdcəsindən 15 milyon manat məbləğində ixrac təşviqləri ödənilib.


2018-ci ildə sosial, fiziki infrastruktur və digər investisiya təyinatlı layihələrin maliyyələşdirilməsi üçün dövlət investisiya proqramı hesabına 5 milyard 64 milyon manat və Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondu hesabına 301 milyon manat – cəmi 5 milyard 365 milyon manat vəsait sərf edilib.


Açar sözlər:
  • SON XƏBƏR
  • TREND