Ermənilər İstanbulda telekanal açdı, biz isə Qarabağ TV aça bilmirik

12.01.2019 13:44
301
Ermənilər İstanbulda telekanal açdı, biz isə Qarabağ TV aça bilmirik

Ermənilər İstanbulda yeni "Luys"adlı telekanal açırlar. "Luys" işıq deməkdir. "Luys"u açan Aram Kuran bildirir ki, onlar bu kanalla xalqların qardaşlığına işıq salacaqlar.


Ekspress.az xəbər verir ki, bu barədə Türkiyədə yaşayan azərbaycanlı jurnalist Məhsəti Şərif məlumat verib.


"Luys" kanalı 5 ildir fəaliyyət göstərən “Luys” adlı maqazın qəzetinin balansında açılır.

Yanvarın 6-dan test yayımına başlayan telekanal fevralın 6-dan sonra rəsmi fəaliyyətə başlayacaq.

Kanal rəhbərliyi televiziyanın beynəlxalq media orqanı olacağını rəsmi Ttwitter hesabından açıqlayıb. Eyni zamanda bildiriblər ki, bu kanal Türkiyədə yaşayan ermənilərin səsi olacaq.


“"Agos” və bir neçə kiçik qəzetdən başqa mediada böyük layihəmiz yox idi” deyən Aram Kuran hesab edir ki, bu kanal vasitəsilə erməni xalqının mədəniyyətini də tanıtmaq imkanları qazanacaqlar.


“Luys” qəzeti və televiziyası Türkiyədə 35 ildir qəzetçilik edən Aram Kuran və keçmiş televiziya işçisi Şahnur Kazançının layihəsi əsasında açılır. Telviziyaya Aram Kuranın oğlu Hartuyun Kuran başçılıq edəcək.


“Luys qəzeti kimi yeni televiziyanın da maliyyə dəstəlçisinin Feriköy Surp və Kumkapı Məryəm ana Kilsəsi, eyni zamanda erməni iş adamlarının olduğu bildirilir. Televiziyanın ilk test yayımının da bu kilsələrdən olması təsadüfü deyil. Kanalın idarə heyətində Aram Kuranın qızları Belinda Kuran və Mary Kuran da yer alacaq. Ailə kanalında eyni adlı qəzetin köşə yazarı Dikran Dülgəryan da çalışacaq. 


Televiziyada erməni və türk dilində xəbərlər yayımlanacaq. Bundan başqa, siyasi proqramlar da efirə veriləcək. Ermənilərin özəl günlərində (dini bayramları, matəm və s.) müxtəlif yerlərdən canlı yayımlar ediləcək.

Hazırda TV-nin yayım hazırlığı ilə baglı “Luys” qəzetində toplantılar keçrilir. Televiziya üçün yeni bina da ayrılıb. 


Qeyd edək ki, ermənilər İstanbulda televiziya açır, Azərbaycanın özündə isə "Qarabağ" adlı televiziyanın açılışına icazə verilmir.

Xatırladaq ki, 22 saylı Xankəndi seçki dairəsindən Milli Məclisə deputat seçilən Flora Qasımova bir müddət əvvəl Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması üçün “Qarabağ TV” yaradılması təşəbbüsü ilə çıxış edib.


Flora Qasımova bildirmişdi ki, “Qarabağ TV” nin yaradılması onun arzusudur və bunun reallaşması üçün müvafiq qurumlarla əlaqələr yaradılmalı, perspektivlər öyrənilməlidir.


“Bunun reallaşması üçün müzakirələr aparılmalı, aidiyyəti təşkilatlarla əlaqələr qurulmalıdır, Rabitə, Nəqliyyat və Yüksək Texnologiyalar Nazirliyindən tezlik alınmalı, vəsait ayrılmalıdır. Mənim bir məqsədim var. Əgər həqiqətən də Dağlıq Qarabağdakı erməniləri Azərbaycan vətəndaşı hesab ediriksə, baxmayaraq ki, özləri belə demir, biz onlara Dağlıq Qarabağın tarixini, həqiqətlərini öz dillərində çatdırmalıyıq. Yaxşı haldır ki, AzTV və İctimai Televiziyada “Xəbərlər” proqramı ingiliscə, rusca da yayırlar. Amma yeni yetişən ermənilər bu dilləri bilmir. Ermənilər onların beyninə yeridir ki, Qarabağ əzəli olaraq onların torpağı olub. Biz isə öz-özümüzə danışırıq. Ölkə daxilində Qarabağ üçün telekanal yaradılmalıdır. Azərbaycanın inkişafını məhz ermənicə təqdim etməliyik. Çünki televiziya ən yaxşı təbliğat vasitəsidir. Kiminsə qəzet almaq, sayta daxil olmaq imkanı olmaya bilər. Amma televiziya hamının əli çatdığı təbliğat vasitəsidir”.


Flora Qasımova bu işdə hər kəsi birliyə çağırıb: “İşğal altında olan torpaqlar geri alınanda kimin ora getməyə mənəvi haqqı olacaq? Zənnimcə, bu suala cavab tapmaq üçün hər kəs öz-özünə hesabat verməlidir. Bu sual veriləndə nə qədər insan cavab verməyə hazır olacaq? Ən azı bunu düşünərək hər kəs əlindən gələni etməlidir”.


Milli Televiziya və Radio Şurasından isə deputat Flora Qasımovanın “Qarabağ TV” yaradılması ilə bağlı təklifinə belə cavab verilmişdi:


“Dövlət büdcəsindən maliyyələşən yayımçılar bu vəzifənin icrası ilə xüsusilə məşğuldurlar. Bundan başqa, bildiyiniz kimi, MTRŞ tərəfindən 2013-cü ildə “Caspian İnternational Broadcasting Company (CBC)” şirkətinə 6 illik lisenziya verilib. Bunun nəticəsində TV peyk vasitəsilə dünyanın müxtəlif ərazilərinə yayımlanır və ölkə həqiqətlərinin, milli mədəni irsimizin, o cümlədən Qarabağ həqiqətlərinin müxtəlif xarici dillərdə dünyaya çatdırılmasına öz töhfəsini verir”.


  • SON XƏBƏR
  • TREND