• 13 °C Bakı
  • 8 °C Quba
  • 11 °C Gəncə
  • 7 °C Yevlax
  • 6 °C Naxçıvan

Qənirə Paşayeva jurnalistlərə çağırış etdi: "Yaxşı və pis işləyən..."

12.02.2019 23:10
104
Qənirə Paşayeva jurnalistlərə çağırış etdi: "Yaxşı və pis işləyən..."

"Bələdiyyələrin səlahiyyətləri genişləndirilməlidir".


Ekspress.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi"nin müzakirəsi zamanı deputat Qənirə Paşayeva bildirib.


"İllik məruzədə qeyd edilir ki, mədən vergi ödəyicilərinin, mehmanxana, sanatoriya, kurort və turizm xidmətləri göstərən şəxslərin uçotdan yayınmasına yol verilir. Bu isə bələdiyyə orqanlarının maliyyələşməsinə öz ciddi təsirini göstərir. Yerli özünü idarəetmə orqanlarının maliyyə vəziyyətinin yaxşılaşdırılması məqsədilə bu sahəyə diqqət yetirilməlidir. Sənəddə vurğulandığı kimi, qanunla nəzarət mexanizminin yaradılması və bu ödənişin müəyyən edilməsi və hesablanması qaydasının təkmilləşməsinə ciddi ehtiyac var və hesab edirəm ki, bu məsələ ilə bağlı müvafiq komitələrdə və Milli Məclisdə müzakirəyə çıxarılaraq bələdiyyələrin büdcə gəlirlərinə öz müsbət təsirini göstərə bilən mexanizmlərin və qaydaların yaradılması vacibdir. Məruzədən də göründüyü kimi, bələdiyyələrimizdə təşəbbüskarlıq və peşəkar kadrlar məsələsi kimi ciddi problemlər vardır. Bələdiyyələrin maliyyə vəziyyətinin yaxşılaşdırılması məqsədilə onlara sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq imkanları verilib. Lakin məruzədən görürük ki, bu müddət ərzində bələdiyyələr yalnız 50-yə yaxın kommersiya qurumu yarada bilib, onların da əksəriyyəti fəaliyyət göstərmir, bəzilərindən isə bələdiyyələrin büdcəsinə mənfəət daxil olmur. Bəziləri bu fəaliyyətdən yararlansa da, nəticə etibarı ilə bələdiyyələrin büdcəsində özünü göstərmir. Ona görə Ədliyyə Nazirliyinin keçirdiyi treninqlərdə bələdiyyə sədrləri və üzvləri daha çox bu istiqamətdə məlumatlandırılmalıdırlar. Dövlətimizin bələdiyyələr üçün yaratdığı imkanlardan istifadə etmələrinə ehtiyac var. Məruzədə qeyd edilir ki, bələdiyyələr bir sıra sosial-iqtisadi problemlərin həllində iştirak edirlər, lakin bu barədə ictimaiyyətə geniş şəkildə məlumatlar verilmir. Bütün KİV və jurnalistləri yaxşı və pis fəaliyyət göstərən bələdiyyələrin fəaliyyətini işıqlandırmağa çağırırıq. Lakin bu məsələdə bələdiyyələrin özləri də fəal olmalıdır. Bələdiyyələrin öz saytları fəal olmalıdır, Bələdiyyələrin Milli Assosiasiyası fəallıq göstərərək dövlət büdcəsindən maliyyələşən telekanallarda bələdiyyələrin fəaliyyət ilə bağlı həftədə bir verilişin keçirilməsinə nail olması mümkündür", - deyə Q.Paşayeva bildirib.


Deputat bələdiyyələr sosial şəbəkələrdə çox zəif olduğunu da diqqətə çatdırıb. Onu sözlərinə görə, bu da onların işlərinin cəmiyyətə çatdırılmasına öz təsirini göstərir: “Qardaş Türkiyədə hər bir bələdiyyənin və bələdiyyə sədrinin, sosial şəbəkələrdə, misal üçün “Feysbuk” və "tvitter"də səhifələri var. Bunun üçün hər hansı əlavə vəsait lazım deyil, ancaq bələdiyyələr üçün cəmiyyətə lazımı məlumatların ötürülməsində önəmli platformadır. Ona görə də bizim bələdiyyələr sosial şəbəkələrdə fəallıqlarını artırmalıdırlar."

  • SON XƏBƏR
  • TREND