Deputat etiraz etdi: “100 il əvvəl yazılmış himnin mətnini...”

18.12.2018 21:39
461
Deputat etiraz etdi: “100 il əvvəl yazılmış himnin mətnini...”

Milli Məclisin (MM) bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının Dövlət Himni haqqında” yeni qanun layihəsinin birinci oxunuşu zamanı deputat Tahir Kərimlinin bəzi fikirləri etirazlara səbəb olub.

 

Ekspress.az xəbər verir ki, himnimizin beynəlxalq səviyyədə yenidən aranjiman olunmasını təklif edən Tahir Kərimli deyib ki, Dağlıq Qarabağı işğaldan azad etməyi istəyən bir millətin himni daha əzəmətəli və keyfiyyətli olmalıdır. O, həmçinin himnin sözlərindəki “hazırız”, “qadiriz” sözlərinin dilimizə yad olduğunu deyərək bu sözlərin “hazırıq”, “qadirik” kimi yazılmasını istəyib. Deputat himnin sözlərinin Əhməd Cavada məxsus olmadığını və gerçək müəllifin Cəmo bəy Cəbrayılbəyli olduğunu iddia edib. Kərimli himndəki “Hüququndan keçən əsgər“ sözlərinin də aydın olmadığını deyib.

 

Deputat Qənirə Paşayeva isə himnin dəyişdirilməsi ilə bağlı fikirlərə etiraz edib. Onun sözlərinə görə, cəmiyyətimiz himnin sözlərinin müəllifi Əhməd Cavadın ruhunun narahat edilməsini istəmir: “İllərdir oxuduğumuz himnin sözlərinin kimə adi olub-olmaması barədə polemika var. Cəmiyyətimiz isə Əhməd Cavadın ruhunun narahat edilməsindən narahatdır. Himnimizin müəllifləri olan hər iki şəxs Azərbaycanın və ilk Cümhuriyyətimizin tanınmış simalarıdır. 

Əhməd Cavadın məzarı belə yoxdur. Onunla bağlı məsələ cəmiyyəti qıcıqlandırır. Bu məsələyə nöqtə qoymalıyıq. Bu himnin müəllifi Əhməd Cavaddır, musiqisi Üzeyir Hacıbəylinindir”.

 

Q.Paşayeva deyib ki, bu mövzunun polemikaya ehtiyacı yoxdur. “Bu himn cümhuriyyət tarixi ilə yaşıddır. “Hüququndan keçən əsgər“ kimi gözəl sözmü var? Himdə elə bir cümlə yoxdur ki, o xalqda pessimistlik doğursun. Sözlərdə Azərbaycana məhəbbət, onun uğrunda savaşmaq var. Himnimizi bu günə kimi necə sevmişiksə, bundan sonra da sevib qorumalıyıq”, - deyə deputat bildirib.


Deputat Hikmət Babaoğlu isə T.Kərimlinin fikirlərinə etiraz olaraq deyib ki, himnin mətnindəki “hazırız”, “qadiriz” sözləri olduğu kimi qalmalıdır. “Dövlət himninin mətni də, musiqisi də 100 il bundan əvvəl yazılıb. O dövrün ədəbi dilinə, publisistikasına, yazılan əsərlərə diqqət yetrsək görərik ki, o dövrun ədəbi dil qaydaları elədir. 300 il ərzində bəzi xalqlarda dilin 70 faizindən çoxu dəyişir. Biz 100 il bundan əvvəl yazılmış mətni bugünkü ədəbi dil normalarına uygunlaşdıra bilmərik. Bu bizə qalan çox dəyərli mirasdır. Mətni necə var elə qəbul etməliyik. Çünki tariximizdir, ruhumuzdur”, - deyə Hikmət Babaoğlu bildirib.

 

A.ASLAN