Əflatun Amaşov jurnalist Fuad Abbasovun həbsinə münasibət bildirib

21.05.2019 18:27
203
Əflatun Amaşov jurnalist Fuad Abbasovun həbsinə münasibət bildirib

Azərbaycan Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşov jurnalist Fuad Abbasovun mayın 16-da Moskvada hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılmasına münasibət bildirib.


MŞ sədri bildirib ki, Fuad Abbasov tanınmış jurnalistdir və mövqeyində hər zaman ardıcıllığı ilə fərqlənir, Azərbaycan həqiqətlərinin Rusiya ictimaiyyətinə çatdırılmasında yaxından iştirak edir:


“Fuad Abbasov jurnalist kimi Dağlıq Qarabağ məsələsində Azərbaycanın ədalətli mövqeyini qətiyyətlə dəstəkləyir. Belə bir adamın bu cür vəziyyətlə üzləşməsi bizi ciddi şəkildə narahat etməkdədir.


Biz onun vəkili Elman Paşayevlə əlaqə saxlayırıq. Onun bildirdiyinə görə, jurnalistə qarşı fiziki təzyiq də göstərilib. Görünür, jurnalistlə bağlı müəyyən maraqlı qüvvələr var. Bu hal da narahatlıq və təəssüf doğurur. Ümumən durumu Rusiyanın jurnalist təşkilatları ilə də müzakirə edirik (ONA).


Baxmayaraq ki, F. Abbasovun deportasiyası barədə qərar verilib, inanırıq ki, yekunda məsələ ədalətli həllini tapacaq”.


Qeyd edək ki, tanınmış jurnalist Fuad Abbasov mayın 16-da Moskvada hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. Onun mayın 28-də Azərbaycana deportasiya olunması gözlənilir. F. Abbasov miqrasiya qanunvericiliyini pozmaqda təqsirli bilinir.


Ekspress.az