Gün eynəkləri yüngül, rahat və göz çuxuruna uyğun olmalıdır

02.07.2019 21:43
150
Gün eynəkləri yüngül, rahat və göz çuxuruna uyğun olmalıdır

Gün eynəyi yayın əsas aksessuarlarından biridir. Günəşli günlərdə gözlərin sağlamlığı üçün eynəklər vacib hesab olunur. Lakin ucuz və keyfiyyətsiz eynəklər günəşin ultrabənövşəyi şüalarını əks etdirən xüsusi örtüyə malik deyillər. Bu isə gözlər üçün təhlükəlidir.


Respublika Neyrocərrahiyyə Xəstəxanasının oftalmoloqu Gültəkin Məmmədovanın verdiyi məlumata görə, gözün içərisindəki torlu qişanın zərif nöqtələri görməni təmin edir. Keyfiyyətsiz eynək taxılması həmin reseptorların zədələnməsi ilə nəticələnir və bu zaman geridönməz dəyişikliklər əmələ gəlir:


“Günəş şüaları göz dibinə, buynuz qişaya və büllura mənfi təsir edir. Ona görə də oftalmoloqlar günəşli havalarda gün eynəyindən istifadə olunmasını məsləhət görürlər. Gün eynəkləri üç qrupa bölünür: kosmetik, yüksək müdafiəli və adi gün eynəkləri. Kosmetik gün eynəklərindən adətən aksessuar kimi istifadə edilir. Yüksək müdafiəli gün eynəklərindən hündür dağlıq ərazilərdə istifadə olunması faydalıdır (Azərtac). Bəzi gün eynəkləri sürücü və idmançılar üçün nəzərdə tutulub. Xomilyon gün eynəkləri isə həssas gözlər üçün nəzərdə tutulub və işıqlandırmadan asılı olaraq rəngini dəyişir və gözün buynuz qişasını optik müdafiə edir”.


Həkimin dediyinə görə, yüksək dərəcədə tündləşdirilmiş linzalar həm də keyfiyyətli və qoruyucu keyfiyyətə malik deyil. Tünd linzalı ucuz və keyfiyyətsiz eynəklər nəinki xeyirsiz sayılır, hətta gözlər üçün ziyanlıdır. Bunun səbəbi tünd şüşə arxasında göz bəbəyinin genişlənməsidir. Nəticədə onun arasından daha çox işıq keçmiş olur.


Mütəxəssislər eynək alarkən ilk növbədə onun rəng və çəkisinə fikir verməyi məsləhət görürlər. Eynəklər nə tünd, nə də açıq rəngdə, yüngül, rahat və göz çuxuruna uyğun olmalıdır. O həmçinin qoruyucu xüsusiyyətinə malik, gün şüalarını qıran, gözü qamaşdırmayan, gözləri rahatladan və onlara istirahət verən olmalıdır. Eynəyin şüşəsi cızılanda öz keyfiyyətini itirir, çünki cızılmış yerlərdən ultrabənövşəyi şüalar gözə təsir edir.


Keyfiyyəti yoxlamağın başqa bir yolu eynəyi taxandan sonra şaquli bir xətlə baxmaqdır. Eynəyi yüngülcə yuxarı və aşağı, sağa və sola hərəkət etdirəndə həmin xətdə oynama və qaralmalar olursa, bu, eynəyin keyfiyyətində müəyyən problemlər olduğunu göstərir. Eynəyi gözə taxarkən görüntü aydın olmalıdır. Bulanıq görüntü şüşənin keyfiyyətsizliyindən xəbər verir.


Ekspress.az