Türkdilli xalqların diaspor birliyi

20.09.2018 10:01
1027
Türkdilli xalqların diaspor birliyi

Dünya azərbaycanlılarının diaspor fəaliyyətinin səmərəliliyinin artırılması, onların dünya birliyinə inteqrasiyası prosesinin güclənməsinə türkdilli xalqların diaspora təşkilatları ilə əməkdaşlığın vəziyyəti də təsir edir.


Hər bir azərbaycanlının özünəməxsus aləmi ilə yanaşı, onun türk dünyasının bir üzvü olduğu danılmaz həqiqətdir. Buna görə də türklərə olan münasibətdən qadağa və ya imkanlardan azərbaycanlılar da öz nəsibini alır. Bu təbii hal azərbaycanlıların türkdilli xalqların diaspor təşkilatları ilə əməkdaşlığını tələb edir.


Türkdilli xalqların diaspor təşkilatları ilə əməkdaşlıq Dünya Azərbaycanlılarının Həmrəylik Xartiyasında da öz əksini tapıb. Xartiyada tövsiyə edilir ki, xarici ölkələrin televiziya kanallarında Azərbaycan və türk xalqlarının mədəniyyətindən bəhs edən filmləri nümayiş etdirilsin, domen adların qeydə alınması zamanı türk dilləri standartlarının qeydə alınması, “.turan”, “.turk”, “.azeri”, “.qarabaq” domenlərin yaradılması məsləhət görülür.


Tövsiyədə türk dünyasının birliyi ideyalarının yayılması və həyata keçirilməsi irəli sürülüb. Burada qeyd edilir ki, xarici ölkələrdə məskunlaşan türk xalqları arasında ortaq mənafe naminə əlaqələrin qurulması xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan və Türkiyəyə qarşı yönəldilən təbliğatın neytrallaşdırılması, əsassız iddia və böhtanların aradan qaldırılmasında bu birlik və diaspor təşkilatları arasında sıx əməkdaşlıq günün tələbidir. Bu tələbdən irəli gələrək Azərbaycan və Türk diasporların vahid mənafe uğrunda fəaliyyətdə yaxınlaşdırılması siyasətinin davam etdirilməsinə xarici ölkələrdə yaşayan hər azərbaycanlı əməli kömək göstərməsinin əhəmiyyəti vurğulanır.

Buradan irəli gələrək Azərbaycan diaspor təşkilatlarının əsas fəaliyyət istiqamətləri müəyyənləşdirilib.


Xartiyada qeyd edilir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2007-ci ilin martın 9-da Azərbaycan və türk diaspor təşkilatları rəhbərlərinin I forumunda qəbul edilən “Azərbaycan və türk diaspor təşkilatlarının birgə fəaliyyət strategiyası”ndan irəli gələn vəzifələr yerinə yetirilməlidir. Azərbaycan və türk diaspor təşkilatları rəhbərlərinin forumlarının təşkili təcrübəsinin davam etdirilməsi, Azərbaycan və Türk diaspor təşkilatlarının Koordinasiya Şurası ilə Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurası arasında əməkdaşlığın intensivləşdirilməsi, Türk Dövlət və Cəmiyyətlərinin XI Dostluq, Qardaşlıq və Əməkdaşlıq Qurultayının qərarlarından irəli gələn vəzifələrin yerinə yetirilməsində fəal iştirak tövsiyə olunur. Bunlardan başqa, türk dövlət və cəmiyyətlərinin dostluq, qardaşlıq və əməkdaşlıq qurultaylarının təşkilinə dəstək vermək və qurultayların işində fəal iştirak etmək, türk dünyasının birliyi ideyalarının əhəmiyyətini və türkdilli xalqların perspektivlərinə təsir ilə bağlı mütəmadi olaraq təbliğat-təşviqat işinin aparılması, xarici ölkələrin birində türk dünyası mədəniyyət mərkəzinin yaradılması ideyasının həyata keçirilməsinə dəstək vermək, türkdilli xalqların problem və qayğılarının Azərbaycan diaspor təşkilatlarının fəaliyyətində əsas istiqamətlərdən birinə çevrilməsinin təmin edilməsi məsləhət bilinir.


Xartiyada türkdilli xalqlarla, xüsusilə də Türkiyə türkləri ilə əməkdaşlığın əhəmiyyəti vurğulanır. Bu əməkdaşlığın erməni fitnəkarlığına, onların işğala haqq qazandırmaq siyasətinə qarşı güclü cəbhə olacağına işarə edilir.


Xartiyada tövsiyə edilir ki, türkdilli və digər xalqların diaspor təşkilatları ilə əməkdaşlıq çərçivəsində erməni uydurmalarının ifşa edilməsi istiqamətində tədbirlər görülməli, bu məqsədlə konfranslar, elmi simpoziumlar təşkil edilməlidir.

Bu məqsədlə xarici ölkələrin parlamentlərinin “erməni soyqırımı” ilə bağlı qəbul etdiyi qərarlara etiraz olaraq türk icmaları ilə birgə aksiyaların təşkili, beynəlxalq ictimaiyyətin bu barədə obyektiv məlumatlandırılması məqsədilə digər zəruri tədbirlərin görülməsi, hər il bir neçə dəfə xarici ölkələrin Azərbaycan və Türkiyədəki səfirliklərinə, habelə beynəlxalq təşkilatlardakı nümayəndəliklərinə Ermənistanın Azərbaycana təcavüzü, 1915-ci il hadisələri ilə bağlı erməni iddialarının əsassızlığı, erməni terrorizmi, azərbayanlılara və digər xalqlara qarşı ermənilər tərəfindən törədilmiş soyqırımı aktları barədə materialların təqdim edilməsi tövsiyə olunur.


Xatırladaq ki, 2007-ci ilin martın 9-da Bakıda Dünya Azərbaycan və türk diaspor təşkilatları rəhbərlərinin I forumu keçirilib.


Forumun keçirilməsi barədə təşəbbüsü Azərbaycan Prezidenti Ilham Əliyev 2006-ci ilin sentyabrinda Antalyada Türkdilli Dövlətlərin və Topluluqların Dostluq, Qardaşlıq və Əməkdaşlıq Qurultayında irəli sürüb.


Martın 9-da Heydər Əliyev adına Sarayda Dünya Azərbaycan və türk diaspor təşkilatları rəhbərlərinin I forumunun açılışı olub. Forumda Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan, Şimali Kiprin lideri Mehmet Əli Tələt iştirak edib. Foruma 48 ölkədən ümumilikdə 513 nəfər qatılıb. Ən böyük nümayəndə heyətləri Türkiyə, Almaniya, ABŞ, Rusiya, Ukrayna, Niderland, İsveç, Rumıniya, Norveç və Litvadan gəlmişdi.


2013-cü il iyunun 21-də isə Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin diaspor təşkilatları rəhbərlərinin birinci Forumu keçirilib. AZƏRTAC xəbər verir ki, Forumda diaspor nümayəndələri ilə yanaşı, Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə respublikalarının dövlət və hökumət strukturlarının, qeyri-hökumət təşkilatlarının, elm, mədəniyyət və digər yaradıcı qurumlarının nümayəndələri iştirak edib.


Forumu açan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) baş katibi Xəlil Akınçı qeyd edib ki, sovetlər birliyi dağıldıqdan sonra türkdilli dövlətlər arasında əməkdaşlıq güclənməyə başlanıb. Bu əlaqələrin genişləndirilməsi, türkdilli ölkələrin beynəlxalq səviyyədə tanıdılması, onların problemlərinin həlli istiqamətində diaspor təşkilatları mühüm rol oynayır.

Həmin dövrdə Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədri olan Nazim İbrahimov diqqətə çatdırıb ki, türk dünyasının siyasi coğrafiyası müstəqillik qazanan türkdilli dövlətlər hesabına genişlənib.


O, Ümummilli lider Heydər Əliyevin türkdilli dövlətlərin birliyinə yüksək dəyər verdiyi, Azərbaycan Prezidenti İlham Əliyevin hazırda bu siyasəti layiqincə davam etdirdiyi diqqətə çatdırıb. N.İbrahimov bildirmişdir ki, dünyada türkdilli ölkələrin diaspor təşkilatlarının milyonlarla üzvü vardır və türk xalqları arasında birliyin, həmrəyliyin möhkəmləndirilməsi qarşıya qoyulan əsas vəzifələrdən biridir. Türk dünyasının birliyi ideyasının yüz illərdir mövcud olduğunu diqqətə çatdıran N.İbrahimov qeyd edib ki, buna baxmayaraq, həmin ideya XX əsrin sonlarında geniş yayılmağa başlanıb. O bu gün türk dünyasının ciddi bir reallıq kimi qəbul edildiyini vurğulayıb. İbrahimov türkdilli ölkələrin siyasi və mədəni birliyi istiqamətində indiyədək həyata keçirilmiş tədbirlər, görülən işlər barədə də məlumat verərək demişdir: “Bu gün dünyanın müxtəlif ölkələrində türkdilli xalqların sayı milyonlarla olan diasporu fəaliyyət göstərir. Bu, kifayət qədər ciddi qüvvədir və bizə qüvvələrimizi birləşdirib, xalqlarımızın maraqları naminə birgə fəaliyyət göstərmək imkanı verir”.


Ümumdünya Qazaxlar Assosiasiyasının İdarə Heyəti sədrinin birinci müavini Talqat Mamaşov Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin diaspor təşkilatları rəhbərlərinin birinci Forumunun əhəmiyyətini yüksək qiymətləndirib. T.Mamaşov bütün türk xalqlarını ortaq tarix, mədəniyyət və incəsənətin birləşdirdiyini deyib. O, vurğulayıb ki, Bakıda keçirilən bu Forum türkdilli dövlətlər arasında əlaqələrin daha da möhkəmlənməsinə imkan yaradacaq. T.Mamaşov xaricdə yaşayan türkdilli xalqların nümayəndələrinin öz vətənləri ilə əlaqə yaratmaları baxımından diaspor təşkilatlarının fəaliyyətinin əhəmiyyətini qeyd edib.

Qırğız Respublikasının əmək, miqrasiya və gənclər naziri Alisbek Alımkulov da dünyada yaşayan türkdilli xalqların birliyinin vacibliyini diqqətə çatdırıb. Qırğızıstanlı nazir Bakı Forumunun bu istiqamətdə böyük rol oynayacağına deyib. O, vətəndən xaricdə yaşayan soydaşların qarşılaşdıqları problemlərin həll edilməsi, ölkələrimizin beynəlxalq arenadakı nüfuzunun daha da artması baxımından türkdilli dövlətlərin birliyinin əhəmiyyətindən danışıb. A.Alımkulov bugünkü gənclərin əcdadlarımızın yolunu uğurla davam etdirmələrini qürurverici fakt kimi qiymətləndirib.


Türkiyə Respublikası Nazirlər Kabineti yanında Xaricdə yaşayan Türklər və Əqrəba İcmaları Departamentinin sədri Kamal Yurtnaç isə qeyd edib ki, türkdilli xalqların birliyinin təmin olunması, maraqlarının qorunması, onların haqq səsinin dünyaya çatdırılması istiqamətində Forum mühüm əhəmiyyətli bir tədbirdir.


Forumun iştirakçıları türkdilli ölkələrin diasporlarının təşkilatlanması prosesinə dəstək verilməsi, türkdilli diaspor təşkilatlarının, icma və qurumlarının fəaliyyətinin koordinasiya olunması məqsədi ilə regional mərkəzlərin yaradılması, eləcə də dünya ictimaiyyətinin türk dünyasının tarixi, mədəniyyəti, müasir həyatı barədə ətraflı məlumatlandırılması istiqamətində tədbirlərin görülməsini vacib hesab ediblər. Türkdilli ölkələrin prezidentlərinə müraciətdə isə Forum iştirakçıları dövlət başçılarını əmin edirlər ki, türkdilli xalqların birliyinin təmin olunması, maraqlarının qorunması, onların haqq səsinin dünyaya çatdırılması istiqamətində üzərlərinə düşən vəzifələrin böyük məsuliyyət və yüksək peşəkarlıqla yerinə yetirilməsi üçün qüvvə və bacarıqlarını əsirgəməyəcək, bu istiqamətdə səylərini daha sıx birləşdirəcəklər.


Vasif CƏFƏROV

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap olunur

  • SON XƏBƏR
  • TREND