“FaceApp” Rusiyanın planıdır? - Senator həyəcan təbili çaldı


18.07.2019 10:40
1498
“FaceApp” Rusiyanın planıdır? - Senator həyəcan təbili çaldı

Fotoşəkillərin işlənməsi üçün nəzərdə tutulmuş "FaceApp” tətbiqi ABŞ-ın milli təhlükəsizliyinə təhdid törədir.


Ekspress.az xəbər verir ki, bunu ABŞ Senatında demokratların lideri Çak Şumer deyib.


O, məsələ ilə bağlı ABŞ-ın Federal Təhqiqatlar Bürosunun direktoruna və Federal Ticarət Komissiyasına məktub göndərib.


Ç.Şumer hesab edir ki, mənzil-qərargahı Sankt-Peterburqda yerləşən şirkətin hazırladığı mobil tətbiq milli təhlükəsizliyə və milyonlarla amerikalının məxfi məlumatları üçün təhlükə törədə bilər:


"İstifadəçilər tətbiqdən istifadə etmək üçün şirkətə şəxsi fotoşəkillərinə və məlumatlarına tam və qeyd-şərtsiz giriş imkanı yaratmalıdır. Bu, o deməkdir ki, şirkət gələcəkdə istifadəçinin razılığı olmadan tətbiq vasitəsilə yüklənən fotoşəkillərdən istifadə edə bilər”.


Proqramın Rusiya şirkəti tərəfindən hazırlanması amerikalı senatorda əlavə narahatlıqlar doğurur:


"FaceApp”da şəxsi məlumatlarını yükləmiş milyonlarla amerikalının informasiyası Rusiya hökumətinin və ya onunla bağlı şirkətlərin əlinə keçə bilər”.


Qeyd edək ki, "FaceApp” tətbiqi Rusiyanın "Wireless Lab” şirkəti tərəfindən hazırlanıb. "FaceApp” süni intellekt texnologiyasından istifadə etməklə yüklənən şəkillərdə insanların üz cizgilərini dəyişərək qocalıq dövrünü təsvir edir (bakupost).


Ekspress.az