Qalib gəlməliyik ki, mühakimə edək... - Fazil Mustafanın ömür yolu

05.10.2018 11:54
667
Qalib gəlməliyik ki, mühakimə edək... - Fazil Mustafanın ömür yolu


Fazil Mustafa: Əgər doğru təqdimatımızla dünyanı maraqlandıra bilmiriksə, o zaman doğru təqdimatın yolunu dəqiq müəyyənləşdirməliyik

 

Böyük Çin filosofu Konfutsi yazırdı ki, hər bir insanın həyat yolunu onun mənəvi dünyası, xarakteri müəyyən edir. Bu dünyada hər birimiz öz ömür yolumuzla addımlayırıq. Kimisi üçün bu yol hamardır, kimisi üçün enişli-yoxuşlu. Bu yolu elə addımlamalıyıq ki, sonunda qoyduğumuz iz silinməsin, şərəflə, ləyaqətlə keçək ömür yolumuzu.

“Ekspress”in “Ömür yolu” layihəsində elə şəxslərin ömür yoluna nəzər salacağıq ki, yoldan nəsə öyrənə bilək.

 

 

Azərbaycan Milli Azadlıq Hərəkatının başlanması və bu prosesin davam etməsi, ilk etiraz mitinqi, Topxana hadisələri ilə etirazların yeni dalğası - Meydan hərəkatı, bir sözlə, yaxın keçmişdə yaşanmış tarix... Bu tarix böyük itkilər hesabına başa gəlsə də, müstəqil Azərbaycan bayrağının yüksək səmalarda dalğalanmasına səbəb oldu.

Milli Azadlıq Hərəkatının başlandığı o illərdə bir qrup tələbə - Bakı Dövlət Universitetinin hüquq fakültəsinin tələbələri etirazçılar sırasında böyük əzmkarlıq nümayiş etdirirdilər. “Ekspress”in “Ömür yolu” rubrikasında həmin etirazçılardan biri - hazırda Böyük Quruluş Partiyasının başqanı, deputat Fazil Mustafanın ömür yoluna nəzər salacağıq.

 

Azadlıq uğrunda savaş

və ya həyat əqidəsinə çevrilmiş mübarizə


- Milli azadlıq hərəkatının fəal iştirakçısı olmaq və illər keçdikcə bu hərəkatın bir parçasına çevrilərək fəaliyyətinə davam etmək Fazil Mustafanın həyat əqidəsinə çevrildi. Bu yolun çətinliyi nədən ibarət idi?


- İnsan həyatı nə qədər bütöv olaraq ələ alınsa da, yaşamın hansısa epizodları bəzən daha qabarıq dəyərlər kimi önə çəkilir. Azərbaycanın müstəqilliyi uğrunda mübarizə içində yer almaq şansı bizlərə nəsib olduğuna görə, həyatımızın mənasını da bunun üzərindən qiymətləndirmək həqiqətən qürurvericidir. İnsanın rastına çıxan şəxsiyyətlərin kim olması onun özünün kimliyi üçün başlanğıc şərtə çevrilə bilir. İlk dəfə Naxçıvandakı “Məktəblilər sarayı”ndakı şeir dərnəyində Asif Kələntərli ilə tanışlıq və davam edən dostluq yeni dünyagörüşünün qapılarını üzümüzə açdı. Ədəbiyyatı dərininə anlamağa çalışdıq, Azərbaycanın bütövləşməsi barədə xəyali proqramlar qurduq və tədricən Sovet rejimi əleyhinə gizli təşkilatın sıralarında məktəbli havası ilə yer aldıq. Məhz bu ərəfədə ikinci bir dəyişim dalğası ilə qarşılaşmalı olduq. Bu da o vaxtların məşhur dissidenti Əbülfəz Elçibəylə bir neçə saat ikitərəfli söhbət ortamından sonra başladı. Əbülfəz bəy qarşısındakı Vətənin azadlığı üçün çağırışlarla dolu inqilabi şeirlərin müəllifi olan bir məktəblini çox ciddi qarşıladı, ona olan heyrətini gizlətmədi və o məktəbli də ötən əsrin 80-ci illərin başlarından müstəqillik üçün mübarizəni həyat əqidəsinə tam ciddiliklə çevirmiş oldu. Bu yolun çətiinliyi ilk növbədə SSRİ-nin dağılacağı barədə təsəvvürlərin qeyri-müəyyənliyi ilə bağlı idi. Sırf romantizm aurasında siyasəti yaşamaq inandırıcılıqdan daha çox, arzu olunanlarla özünü aldatmaq duyğusunu aşılayırdı. Sistemin içində həmfikir tapmaq mümkün olsa da, birlikdə hərəkət edən insan qıtlığı hər zaman bir rahatsızlıq amilinə çevrilirdi. Bizdən öncəki nəslin ayrı-ayrı fərdlərinin cəsarət nümunəsi olsa da, siyasi proqram nümunəsi ortada yox idi. Mənfi tərəf o idi ki, Azərbaycan Xalq Cümhuriyyəti və onun ideyaları barədə bilgilər kütləviləşməmişdi, Məhəmməd Əmin Rəsulzadınin düşüncə sistemi barədə geniş məlumat yox idi. Hərəkatın düşüncə nüvəsi daha çox Vahid Azərbaycan modeli üzərində cəmlənirdi. Artıq bir neçə ildən sonra 1987-ci ildən başlayaraq BDU-da tələbə hərəkatını genişləndirəndə damla-damla tariximizin bu şanlı səhifəsi, cümhuriyyət qurucularının düşüncə sistemi barədə bilgilər mənimsənildikcə, yolun üfüqləri daha aydın sezilməyə başlayırdı. Müsbət cəhət odur ki, Azərbaycanın müstəqilliyə qovuşması tarixinin bütün epizodlarında faydalı rol almağa şansımız və iradəmiz oldu.


- Azadlıq uğrundakı mübarizələrdə manelər, təzyiqlər qaçılmazdır, bu durumda mübarizə aparmaq da böyük təcrübə tələb edir...


- Qeyd etdiyim kimi, öncə güc mənbəyimiz müəllimlərimiz oldu - Asif Kələntərli və Əbülfəz bəy! Ardınca həmfikir çevrəsində daha inamlı və ardıcıl yol izləmək mümkün oldu. O dövrün romantizmi əsasən ədəbiyyat çevrəsinin insanlarını siyasətə gətirirdi, bu zaman insanlar üçün gələcəklə bağlı praqmatik hesablama yox idi. Mübarizə harada qırılır-qırılsın, artıq yaşamın bir xobbisinə çevrilmişdi. Həm də böyüklərin çevrəsində söz sahibi kimi yer qazanmaq öz yaşıdlarından üstünlük duyğusu aşılayırdı və bu da insanın gördüyü işin əhəmiyyətini daha da artırırdı. Oxumaq, yazmaq, təbliğat aparmaq və yaşamı intizama salmaq mübarizənin əsas şərti idi. SSRİ-nin nə vaxtsa dağılacağına ümidimiz olmasa da, nələrin dəyişə biləcəyinə inamın olması kifayət idi ki, bu yolun üzərində addımlarını ləngitməyəsən. 1986-cı ildə BDU-nun Hüquq fakültəsinin tələbəsi kimi Leytenant Şmidt adına (sonra Səttarxan zavodu adlanırdı) yataqxanasında yaşayış buradakı etiraz hərəkatının ön mövqeyində yer almağa imkan verdi. Ardınca o dövrün məşhur “Çənlibel” birliyinin büro üzvü kimi daha geniş etirazçı auditoriyaya ayaq basdıq. Daha sonra universitetdəki məşhur “Yurd” birliyində tələbə hərəkatının möhtəşəm işləri. Ən sonda da Azərbaycan Xalq Cəbhəsinin Elmlər Akademiyası ilə yanaşı intellektual cinahını təşkil edən Universitet Dayaq Dəstəsindəki fəaliyyət mübarizənin effektli nəticələrini ortaya çıxardı və Xalq Cəbhəsinin hakimiyyətə gəlməsini təmin etdi. Maraqlıdır ki, o zaman universitetdən məzun olaraq təyinatı Xalq Cəbhəsinə almışdım və Əbülfəz Elçibəyin siyasi işlər üzrə müşaviri olaraq çalışırdım. Əslində yaşın gəncliyi siyasi təcrübənin illəri arasında tamamilə unudulmuşdu. 26 yaşda da Prezident Aparatının dövlət hüquq şöbəsinin müdiri kimi Elçibəyin komandasında yer alarkən nədənsə cəmiyyət tərəfindən də gənclik kateqoriyasına aid edilmirdik. Demək ki, bizi ayaqda tutan inandığımız dəyərlərin gücü idi və bu güc bizdən fərqli olaraq bu günədək öz gəncliyini qoruyub saxlaya bildi.


- Eyni yolu keçən, eyni əqidə sahibləri olan nəsil zamanla bir-birinə qarşı gəlir. Sizcə, bunun əsas səbəbi nədir?


- Zənnimcə, burada təəccüblü bir şey yoxdu. Düşüncə dəyişimi deyilən bir proses var. Eyni yol, eyni əqidə olur, lakin dövr eyni olmur və bu dövrə kimin necə adaptasiya olunması, yeni reallıqlara transformasiyasını hansı keyfiyyətdə çözməsi qarşıdurmanın əsas səbəblərindəndir. Böyük sosioloq Maks Veber buna siyasətdə inanc əxlaqı ilə məsuliyyət əxlaqının toqquşması kimi baxır. Biz ideologiya üzərindən siyasətə gəlmiş insanlarıq, bu, özlüyündə bir inanc əxlaqına sadiqliyi tələb edir və insanların bir qismi bu sadiqliyi həzz mənbəyinə çevirərək yaşayırlar. Siyasətin faydalılığı yerinə onun dəyişməz əqidə kimi anlaşılması düşüncə dəyişiminin qarşısında ən ciddi əngəl olur. Digər qisim isə siyasətin məsuliyyət cinahına yönəlir və faydalılıq əmsalını önə çəkməyə başlayır. Məhz bu təzadın mahiyyətində qarşıdurmanın səbəbi axtarılmalıdır.


Hüquqşünas fikri, qanuni mübarizə, doğru təqdimat...


- Müharibə şəraitindəyik. Atəşkəs, həm də mübarizə davam edir. Dünya ölkələri haqq səsimizi eşitmir, yoxsa eşitmək istəmir?


- Dünya indiyədək kimin səsini eşidib ki?! Batan “Titanik”in də səsini gec duyduqlarından xilas etməyə gecikdilər və çoxlu insan tələfatı baş verdi. Səsi duyurmaq vacibdir, eşidilmək üçün cazibəni artırmaq lazım. Azərbaycan Qarabağı son iki yüz ilin tarix zamanı boyu buraxdığı, xərclədiyi fürsətlərə görə itirib. İtirdiklərini doğru təhlil edə bilmədiyinə görə təkrar itirib. Bəhanəmiz budur ki, ruslar erməniyə kömək etməsəydi, durum fərqli olardı. Təbii ki, bu, məğlubiyyətimizdə əsas amillərdən biri sayılmalıdır. Bununla yanaşı, özümüzün millət olaraq vaxtında təşkilatlana bilməməyimiz daha ciddi amildir. Dünya onu maraqlandıranlarla maraqlanır. Biz əgər doğru təqdimatımızla dünyanı maraqlandıra bilmiriksə, o zaman doğru təqdimatın yolunu dəqiq müəyyənləşdirməliyik.


- Hüquqşünas kimi bu məsələyə hüquqi cəhətdən necə qiymət verərdiniz?


- Burada hüquqşünas kimi qiymət vermək o zaman işə yarayar ki, hərbçilər məsələni birdəfəlik çözsünlər. Məğlubiyyətin hüquqi müdafiəsini qurmaq mümkündür. Ancaq ədalətli məhkəmə olmayanda sənin qurduğun müdafiə də bir işə yaramır. Necə ki, dünyada problemə ədalətli baxış olmadığına görə illərdir beynəlxalq təşkilatların auditoriylarında gileylənməklə, ədalətə çağırışlarla məşğuluq. Biz qalib gəlməliyik ki, mühakimə edək və ən azı mühakimə olunmayaq. Məğlublara haqqını vermirlər, sadəcə təsəlli verirlər. Bir türk şairinin deyimi ilə söyləsək, “təsəlli məlhəm olmur ürəyin yarasına”.


- Zamanla öz-özünüzə belə bir sual verdinizmi: “Əgər Qarabağı azad edə bilmədiksə, o zaman bu mübarizə nəyə və kimə lazımdır?”

- Belə bir sualı vermək insanın yaşam ideyalarına zidd olardı. Dünyanın əvvəli və ya sonu Qarabağ məsələsi deyil. Qarabağ ilk növbədə bizim üçün ləyaqət məsələsidir. Qarabağ işğal olunub, demək ləyaqətimiz tapdalanıb. Ancaq biz ki millət olaraq varıq, yaşayırıq, qisas hissimizi itirmirik və bütün meydanlarda mübarizəmizi davam etdiririk. Demək ki, itirdiyimizlə razılaşmamışıq, onu qaytarmaq üçün cəhdlər edirik, ləyaqətimizin bərpası üçün çalışırıq. Bu səbəbdən pessimist olmamalıyıq. Xirosimaya, Naqasakiyə atılan atom bombasından dirçələn yapon var, dağılmış Almaniyadan dirçələn alman var, niyə Qarabağdan sonra dirçələn azərbaycanlı olmasın?!


Vicdan məsuliyyəti

hər kəsin içindən boylanır


- Parlamentə ən aktual məsələlərin müzakirə yeri kimi baxırıq. Necə bilirsiniz, deputatlar seçici, millət və dövlət qarşısında olan məsuliyyəti tam olaraq hiss edirlərmi və aktual məsələlərin müzakirəsində “hamı bir nəfər, bir nəfər hamı kimi” prinsipini rəhbət tutaraq iştirak edə bilirlərmi?


- Deputatların hansı prinsiplərlə işlədiyini ümumiləşdirib təqdim etmək doğru olmazdı. Xarakterlər, iş əmsalları, intellektual imkanlar fərqli olduğuna görə burada daha çox özünə cavabdehlik prinsipi önə çəkilir. Kim ki millət, dövlət və gələcək qarşısında məsuliyyətini anlayır, o, qətiyyən papağı günə vermir, qalıcı işlər görməyə çalışır. Xalqın problemlərini dilə gətirmək, onun həllinə nail olmağa bir borc kimi baxılmalıdır, qanunda buna laqeyd yanaşmağa görə deputat üçün hər hansı məsuliyyət nəzərdə tutulmur, ancaq vicdan məsuliyyəti də yazılı halda olmur və hər kəsin içindən boylanır. Bu səbəbdən də hər kəs öz işində faydalı olmağı bir zərurət olaraq anlamalı və millətin çətinliklərinin aradan qalxması üçün fədakarlıq etməlidir.


- Bir deputat kimi sizin seçicilərinizdən və ya seçicilərin sizdən gözlədiyi nədir. Ümumiyyətlə, onların səsini parlamentdə eşitdirə bilirsiniz?


- Seçicidən gözlədiyim fəallıqdır, hüquqlarını bilməkdir və bu hüquqların qorunmasını tələb etməkdir. Hüquqları həmişə qorumaq üçün başqasına həvalə etmək insanı tənbəlləşdirir. Hər kəs özünə aid olan kiçik bir çərçivədə bunu qorumuş olarsa, bu qədər qanunsuzluq cəmiyyətin belinə yüklənməz. Seçicilərin gözlədiyi çox şeylər ola bilər, fikrimcə, millət vəkili öz sağlam davranışı ilə nəyi gözləmək lazım olduğunu seçiciyə göstərməlidir. Onların səsini eşitdirmək üçün gərək öz səsini ilk növbədə duyurasan, bu səsi qəbul edələr, ciddiyə alalar, sonrası isə asan olur. Seçicilərin istəklərini doğru sistemləşdirib və ümumiləşdirib çatdırmaq vacib şərtdir. Biz bu istəkləri yalnız canlı ünsiyyətlə deyil, daha asan yollarla, özəlliklə də sosial şəbəkələrlə əldə edə bildiyimizə görə çevik şəkildə gündəmə gətirə bilirik.


Yazmaq zərurəti, yoxsa?..


- Önəmli mövzulara müraciət etdiniz və tarixi əsas götürərək yazıçı kimi də gücünüzü sınadınız. Yazmaq hansı zərurətdən yarandı?


- Mənim yaradıcılığım bədii janrda deyil, daha çox publisistik janrdadır. Fikrimcə, bu yolla düşüncələrin insanlara çatdırılmasının effektivliyi daha çoxdur. Millətin formalaşmasında zərərli elementlərin sıralamasını müəyyən etmək və bunu insanların vərdiş menyüsündən çıxarmaq üçün inandırıcı üslubu tapmaq çox önəmlidir. Hansı tarixi komponentlər çağdaş dəyərlərin mənimsənilməsinə əngəl yaradır, onun üzərinə getmək ilk növbədə yazı ilə faydalı ola bilər. Yazmaq zərurəti məhz bu məsuliyyəti anlamaqdan irəli gəlir.


- Yazıçı təfəkküründə hadisələrə obyektiv yanaşmaq bəlkə də elə işin sirridir. Ancaq reallıq tamam başqadır. Bəlkə yüksək səslə deyə bilmədiklərinizi yazı ilə demək istəyirsiniz?


- Çalışıram ki, deyə biləcəyimi həm də yaza bilim. Cəsarətli mövqenin şifahisi və yazılısı fərqli ola bilir, ancaq yanlışların ortadan qaldırılması zəruri olduğuna görə bütün platformalarda hücumu dayandırmamalısan. Din, tarix, ədəbiyyat, siyasət və başqa mövzularda yazdıqlarımı həm də açıq söylədiyimə görə çox vaxt qaragüruhun hücumuna məruz qalıram və bunu normal qarşılayıram. Demək ki, lazım olan duyğuları hərəkətə gətirmək mümkün olub.


- Qədim tarixə malik Azərbaycan Respublikası haqqında geniş bir roman yazmağı necə, planlaşdırırsınızmı?


- Bu barədə müəyyən düşüncələrim var, bir neçə mövzuda süjetləri də çək-çevir etmişəm, ancaq qərar vermə mərhələsinə hələlik varmamışam. Daha çox memuar janrı üzərində düşünürəm. Yaradıcılıq elədir ki, öncədən qatara, təyyarəyə bilet almırsan, vağzala, hava limanına gedib bir neçə dəqiqədən sonra yola düşəcək nəqliyyat vasitəsinə oturub gedirsən...


Ulduzə QARAQIZI

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND