Bu il çinli turistlərin sayında 50% artım müşahidə olunub

15.05.2019 20:44
154
Bu il çinli turistlərin sayında 50% artım müşahidə olunub


Ölkənin turizm potensialının genişmiqyaslı təbliği məqsədilə Azərbaycan nümayəndə heyəti may ayının 15-dən 17-dək Çinin Şanxay şəhərində keçirilən “ITB China” beynəlxalq sərgisində iştirak edir.


Dövlət Turizm Agentliyindən verilən məlumata görə, Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə ölkənizi sərgidə Heydər Əliyev Beynəlxalq Hava Limanı, Azərbaycan Hava Yolları, Bakı Konqres Mərkəzi, “Silkway Travel”, “Flame Travel”, “HIS”, “China Travel” və “Turizm.az” şirkətləri təmsil edirlər.


Azərbaycanın ilk dəfə rəsmi olaraq təmsil olunduğu sərgidə Çin bazarı üçün ölkəmizin turizm potensialı ilə yanaşı, yeni turizm məhsulları da təqdim olunur.

“ITB China” Çinin səyahət sənayesinə yönəlmiş beynəlxalq sərgi olaraq dünya turizm sənayesinin çoxsaylı iştirakçılarını bir araya toplayaraq ölkələrə turizm imkanlarını Çin bazarına nümayiş etdirmək imkanı tanıyır. 84 ölkədən 800-dən çox şirkətin iştirak etdiyi sərgidə turizm sahəsində tətbiq oluna biləcək ən son innovasiya və informasiya texnologiyaları da təqdim edilir.


Qeyd edək ki, 2018-ci ilin dekabrından etibarən Çində fəaliyyət göstərən rəsmi turizm nümayəndəliyi tərəfindən Pekin, Şanxay və Quançjou kimi əsas böyük şəhərlərdə Azərbaycanın turizm potensialının tanıdılması üzrə aktiv iş aparılır.


Cari ilin yanvar ayında Azərbaycan Turizm Bürosu, Azərbaycan Hava Yolları və ÇXR-nin aparıcı turizm şirkəti olan “ETI-Holidays” arasında üçtərəfli anlaşma memorandumu, mart ayında isə “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi və Çin Xalq Respublikası Mədəniyyət və Turizm Nazirliyi arasında çinli turistlərin Azərbaycan Respublikasına qrup səfərlərinin sadələşdirilməsi haqqında Anlaşma Memorandumu” imzalanıb.


İmzalanmış sənədlərə əsasən, yaxın illərdə Azərbaycana gələcək çinli turistlərin sayının 200 min nəfərə çatacağı proqnozlaşdırılır.


Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid deyib ki, ilin ilk 4 ayı ərzində keçən illə müqayisədə çinli turistlərin sayında 50% artım müşahidə olunub: “Azərbaycanın yeni turizm strategiyasına uyğun olaraq hədəf ölkələrdən biri seçilən Çinin əsas şəhərlərində marketinq və təbliğat işləri aparılır və “ITB China” sərgisində iştirak bu prosesin tərkib hissəsidir”.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND