Prezident İlham Əliyev - “SOCAR Polymer” qeyri-neft ixracını 15 % artıracaq

18.02.2019 16:15
256
Prezident İlham Əliyev -  “SOCAR Polymer” qeyri-neft ixracını 15 % artıracaq


"Sumqayıt Kimya Sənaye Parkında bir çox müəssisələr fəaliyyət göstərir və onların arasında “SOCAR Polymer”in əlbəttə ki, xüsusi yeri vardır. Keçən il polipropilen zavodunun açılışı rəsmi qaydada qeyd olundu. Bu gün isə biz yüksək sıxlıqlı polietilen zavodunun açılışını qeyd edirik. Beləliklə, “SOCAR Polymer” tam gücü ilə işə başlayır".


Ekspress.az Azərbaycan Prezidenti Mətbuat Katibinin xidmətinə istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev Sumqayıtda “SOCAR Polymer”in yüksək sıxlıqlı polietilen zavodunun açılışı zamanı deyib.


Cənab Prezident qeyd edib ki, zavodun açılışı ölkəmizin inkişafını göstərir. "Bu, ölkəmizə xarici maliyyə qurumları tərəfindən inamın təzahürüdür. Çünki bildiyiniz kimi, bu zavodun tikintisində xarici banklar fəal iştirak ediblər. Bu, bütövlükdə ölkəmizdə gedən sənayeləşmə siyasətinin gözəl nəticəsidir", - deyə İlham Əliyev bildirib.


Prezident söyləyib ki, zavodun istehsal gücü 300 min ton olacaqdır:


"Bu, bizim qeyri-neft ixracımızın 15 faizinin artımı deməkdir. Bizim əsas məqsədimiz qeyri-neft ixracını artırmaq, ölkə iqtisadiyyatını şaxələndirmək, yeni iş yerləri açmaq və Azərbaycanda müasir texnologiyalı müəssisələrin yaradılmasına nail olmaqdır.


Bununla paralel olaraq, belə böyük, texnoloji cəhətdən müasir zavodların fəaliyyəti gənclərin hazırlanmasına da xidmət göstərir. Siz gənclər təlim keçmisiniz, orta əməkhaqqı çox yüksəkdir. Siz buna layiqsiniz. Siz müasir sənaye müəssisəsində çalışacaqsınız və bu müəssisənin fəaliyyəti ölkəmizi gücləndirəcək".


Cənab Prezident vurğulayıb ki, yeni iş yerlərinin yaradılması prosesi burada təmin olunur, təxminən 500-dən çox yeni iş yeri açılır:


"Bu yaxınlarda karbamid zavodunun açılışında iştirak edərkən məlumat verildi ki, orada da 500-dən çox iş yeri yaradılır. Yəni, bu iki mühüm müəssisənin əhəmiyyəti çox böyükdür. İlk növbədə, bu iki müəssisəyə 1,6 milyard dollar sərmayə qoyulub. Çox böyük rəqəmdir.


Özü də nəzərə alsaq ki, bu sərmayə qeyri-neft sektoruna qoyulur. Digər tərəfdən, burada istehsal olunan məhsullar ixracyönümlüdür və ölkəmizə valyuta gələcək. Biz təkcə neftdən, qazdan yox, eyni zamanda, hazır məhsuldan valyuta qazanacağıq. Burada müasir texnologiyalar tətbiq olunur və Azərbaycanın texnoloji inkişafına bunun müsbət təsiri var. Mindən çox iş yeri, gənclər üçün gözəl imkanlar yaradılır".


Prezident qeyd edib ki, bundan sonra da Azərbaycanın sənaye potensialı inkişaf edəcək. "Sənayeləşmə öz gözəl nəticələrini verir", - deyən İlham Əliyev keçən il qeyri-neft sektorunda sənaye istehsalının 9 faizdən çox artdığını, bu ilin birinci ayında isə 14 faizə yaxın artım olduğunu bildirib:


"Əlbəttə ki, bundan sonra da qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın şaxələndirilməsi, müasir zavodların, fabriklərin yaradılması prioritet olaraq qalacaqdır. Əminəm ki, belə müəssisələr gələcəkdə bizim sənaye imkanımızı böyük dərəcədə artıracaqdır və ölkəmiz davamlı olaraq inkişaf yolu ilə gedəcəkdir".


İlham Əliyev vurğulayıb ki, bu il Sumqayıt Kimya Sənaye Parkında bir neçə müəssisənin açılışı nəzərdə tutulur:


"Sumqayıtın həm sənaye, həm iqtisadi, sosial inkişafı daim diqqət mərkəzindədir. Sumqayıt bu gün yüksək ekoloji standartlara cavab verən şəhərlərdən biridir. Biz bu sahəyə də çox böyük önəm verirdik. Çünki bilirsiniz ki, sovet vaxtında Sumqayıtda ekoloji vəziyyət o qədər də ürəkaçan deyildi.


Sovet məkanında Sumqayıt bu baxımdan geridə qalmış şəhərlərdən biri idi. Bu da təbii idi, çünki o vaxt müasir təmizləyici qurğular mövcud deyildi və burada böyük kimya mərkəzi yaradılmışdı. Bu gün isə Sumqayıtın gözəl havası, ictimai yerləri var, istirahət üçün parklar yaradılıb, vaxtilə salınmış parklar abadlaşdırılıb, Sumqayıt bulvarı yaradılıb, özü də qısa müddət ərzində. Bu da çox gözəl hadisədir. Yəni, şəhərin ümumi inkişafı ilə bağlı çox böyük tədbirlər görülür, infrastruktur layihələri icra edilir.


Bu yaxınlarda 2 saylı şəhər xəstəxanasının təmiri ilə bağlı müvafiq Sərəncam verilmişdir. Bu xəstəxanada təxminən 200-ə yaxın çarpayı var. Ondan əvvəl biz 1 saylı xəstəxananın təmirini təmin etdik. Qazlaşdırmanın səviyyəsi təxminən 100 faizdir. Yəni, bir sözlə, belə zavodların fəaliyyətə başlaması şəhərin inkişafına da təkan verir".


Ekspress.az

  • SON XƏBƏR
  • TREND