Şəhid pilotun xanımı: "Oğlum dedi ki, axı haqsızlıqdır, atamı qoxulamaq istəyirəm..."


02.09.2019 22:35
64
Şəhid pilotun xanımı: "Oğlum dedi ki, axı haqsızlıqdır, atamı qoxulamaq istəyirəm..."

"2016-ci ildən sonra bu sözü həmişə deyirəm: "Atasız uşaqlar tez böyüyürlər...””


Ekspress.az xəbər verir ki, bu sözləri Panorama.Az-a müsahibəsində şəhid pilot Təbriz Musazadənin xanımı Pərişan Musazadə deyib. 


Xatırladaq ki, şəhid pilot, mayor Təbriz Musazadənin idarə etdiyi helikopter 2016-ci ilin aprelin 2-də cəbhədə baş verən döyüşlər zamanı erməni silahlı qüvvələri tərəfindən vurulub. Nəticədə pilot T.Musazadə və içərisində 2 ekipaj üzvü olan (mayor Urfan Vəlizadə və baş leytenant Bəkir İsmayılov) helikopter düşmən səngərinə çırpılaraq partlayıb. Hadisənin aprelin 2-də baş verməsinə baxmayaraq, qarşı tərəf şəhid pilotların nəşini aprelin 10-da Azərbaycan tərəfinə təhvil verib. Qəhrəman pilotlar aprelin 11-i ll Fəxri Xiyabanda dəfn olunublar. Təbriz Musazadə ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən"Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.


Panorama.Az şəhid pilot Təbriz Musazadənin xanımı Pərişan Musazadə ilə müsahibəni təqdim edir.


"Təbriz deyirdi ki, ikisindən də çox gözəl pilot olar...”


Şəhid pilotun xanımı Pərişan Musazadə: "2016-ci ildən sonra həmişə bu sözü demişəm: "Atasız uşaqlar tez böyüyürlər”. Əslində 3 il keçib, ancaq artıq mən böyük oğluma baxıram, onun hazırda 13 yaşı var, ancaq xaricdən elə görünür ki, elə bil 17-18 yaşlı bir gəncdir. Hər iki oğlum əslində pilot olmaq istəyir. Deyirlər ki, atamızın yolunu davam etdirəcəyik. Təbriz həmişə uşaqlara deyirdi ki, hansı peşənin sahibi olursunuzsa olun, əsas işinizin peşəkarı olun. Təbriz də deyirdi ki, ikisindən də çox gözəl pilot olar. Çünki Tayfun sakitliyinə görə tez özündən çıxan deyil, tez həyəcanlanan deyil. Uçuş zamanı həyəcan bəzi insanlara çox təsir edir. Bu, Tayfunda yoxdur. Kiçik oğlum Onur çox dəliqanlıdır. Qismət Allahdan, görək hansı pilot olacaq. Hələ ki, ikisi də deyir ki, pilot olacağıq”. 


"Oğlum dedi ki, axı haqsızlıqdır, atamı qoxulamaq istəyirəm...”


P.Musazadə: "Təbriz şəhid olduqdan sonra kiçik oğlum Onur bir dəfə dedi ki, atamı görmək istəyirəm. Dedim ki, ata səni onsuz da görür. Nə zaman istən, ata sənin yanındadır. Oğlum dedi ki, haqsızlıqdır, mən onu qoxulamaq istəyirəm. Artıq uşaqlar bununla barışa bilmirdilər. Təbii ki, bu itki ilə ömürlərinin sonuna qədər barışmayacaqlar. Övladlarımı başa saldım ki, insanın cismini yox, ruhunu sevmək lazımdır. Mən də bir gün sizin yanınızda olmaya bilərəm. Bir gün siz məni qucaqlamaya bilərsiz. Ruhumu sevsəniz, həmişə sizin yanınızdayam. Eləcə də atanızın ruhunu sevin. Bu baxımdan Təbriz bizim həmişə yanımızdadır. Ətrafımdakılar deyirlər ki, bu qədər işlər görürsünüz, siz ordan heç nə qazanmısınız, sizi buna vadar edən nədir? Mən insanlara öz fikrimi çatdırmaq istəyirəm ki, bu işlərdən mən rahatlıq tapıram. Təbriz özü çox xeyirpərvər insan idi. Bu işləri görəndə elə bilirəm, o məni görür”. 


"O duyğunu məndən gözəl başa düşən olmaz...”


Pərişan Musazadə: "Pilot Rəşad Atakişiyevin qırıcısının qəzaya uğraması xəbərini eşidəndə xanımı ilə əlaqə saxlamaq istədim. Sonradan düşündüm ki, hələ də Rəşadın nəşi tapılmayıb. Daha sonra bu xəbəri duyduq. Vida mərasiminə ilk gedən mən oldum. Çünki onun duyğusu başqadır. Onları məndən gözəl başa düşən olmazdı (gözləri dolur...) Könül xanımla da danışırıq, əlaqə saxlayırıq. Onun yanındayıq. Özü güclü qadındır”. 


"Təbrizin arzularını yerinə yetirirəm...”


Pərişan xanım: "2016-ci ilin aprel ayında şəhid ailəsi olduq. Təbriz Musazadənin də arzusu olaraq düşündük ki, şəhid övladlarına təmannasız təhsil vermək üçün bir mərkəz yaradaq. Məhz elə 2016-ci ilin avqustun 12-də (Təbriz Musazadənin ad günündə) biz bu mərkəzi açdıq. Təhsil mərkəzi 2 il fəaliyyət göstərdi. Burda da tam təmannasız olaraq həm qazi, həm də şəhid övladlarına dərslər verilirdi. Həmçinin həmin təhsil mərkəzində kimsəsiz uşaqlara, sığınacaqda olan uşaqlara da yardım edilirdi. Sonra müəyyən səbəblərdən, həm də özümün xəstəliyim ilə bağlı həmin mərkəzin fəaliyyəti dayandırıldı, daha doğrusu müəyyən bir vaxta kimi donduruldu. Mərkəzimizdə könüllülərdən ibarət müəllimlər yığılmışdı. Həmin müəllimlər heç nə ummadan, təmanna olmandan dərslər verirdilər. 2 ildən sonra isə biz bu fəaliyyətimizi genişləndirərək ictimai birlik yaratdıq. Adını isə "Şəhid övladları və kimsəsiz uşaqlara yardım” İctimai Birliyi qoyduq. Çox sağ olsunlar, Ədliyyə Nazirliyi tərəfindən qeydiyyatla bağlı işlərimiz həll edildi. Artıq 3 ildən çoxdur ki, biz bu işlə məşğul oluruq. Hazırda işlərimiz davam edir və könüllü müəllimlərlə işlərimizi davam etdiririk. Qeyd edim ki, artıq bizə həkimlər də qoşulublar. Ölkəmizin ən yaxşı cərrahları, həkimləri bizim işimizə dəstək verməyə hazır olduqlarını bildiriblər. Ehtiyac olarsa, əməliyyatları tam təmannasız edəcəklər. Bu birliyi yaratmaqda əsas məqsədimiz odur ki, aprel şəhidlərinin övladları ilə yanaşı, 90-cı illlərdə vətən, torpaq uğrunda canından keçən qəhrəmanlarımızın övladlarına da yardım edə bilək. 2016-ci ilin aprel döyüşləri sanki bir dönüş oldu, hamıya bir daha xatırlatdı ki, hələ də müharibə gedir və şəhidlər olur. Hazırda 90-cı ilin şəhid övladları ilə birgə çalışırıq. Bəzən deyirlər ki, həmin şəhid övladları artıq böyüyüblər, onlara necə yardım edirsiz? Qeyd edim ki, onların da özlərinə görə problemləri, qayğıları var, onlarla maraqlanırıq. Nümunə üçün deyim ki, sürücülük vəsiqəsi almaq istəyən 24 yaşlı bir gənc üçün biz kurs təşkil edib, onun hazırlaşmasıma yardım edirik. Birlik şəklində 1 ildir ki, fəaliyyət göstəririk. Artıq bu birlikdə çalışan könüllülərin sayı 100-ə yaxındır. Bu da digər birliklərdən fərqliliyimizi göstərir. Azərbaycanda şəhid övladlarına dövlət öz qayğısını əsirgəmir. Dövlətdən ziyadə şəhid övladlarına təmənnasız işləri uzun illərdən sonra 2016-cı ildə biz həyata keçirməyə başladıq. Baxmayaq ki, şəhid ailələrinə çox təşkilatlar var. Biz də öz üzərimizə düşəni etdik. Amma hər şeyi də dövlətin üzərinə atmaq olmaz. Hər kəs öz üzərinə düşəni azacıq etsə, ortaya çox böyük iş qoyular. Mən bu şəkildə işi davam etdirirəm və bu şəhid ailəsi olaraq mənim ürəyimi çox rahatladır. Birliyimizin digər özəlliyi isə ondan ibarətdir ki, bizdə uşaqların yaş kateqoriyasına görə qəbulu yoxdur. Əlimizdən gəldiyi qədər, hətta artıqlaması ilə onlara kömək etməyə çalışırıq və etməyə də hazırıq. Bir il ərzində çox iş görmüşük. Məsələn, şəhid övladları üçün rayonlara turlar təşkil etmişik. Bayramlarda çalışırıq ki, yardımlarımızı daha çox ailələrlə paylaşa bilək. Bundan başqa şəhid ailəsi olduğuna görə 7 şəhid xanımını işlə təmin olunmasına köməklik göstərmişik. Sığınacaqlara da tez-tez baş çəkirik. Ayda bir dəfə onlara əlimizdən nə kömək, yardım gəlirsə, göstəririk. Qeyd edim ki, bütün bu işləri biz könüllülərlə birləşib edirik. Birlik olaraq digər fərqliliyimiz isə bizimlə birgə qazi və ehtiyatda olan zabitlərin bizimlə birgə işləməsidir. Bunu da xüsusi olaraq qeyd edim ki, avqustun 19-da bizim Birliyin təşkilatçılığı ilə Azərbaycan Ali Hərbi məktəblərinin 1999-2003-cü illərin 3-cü kursant taborunun yetirmələri, Azərbaycan Silahlı Qüvvələrində müxtəlif rütbələrdə və vəzifələrdə, Respublikanın ayrı-ayrı bölgələrində xidmət edən zabitlər və qazilərimiz 20 illik yubileyləri ilə bağlı anım tədbiri keçiriblər. İkinci Fəxri Xiyabanda dəfn olunmuş, taborun yetirməsi "Azərbaycan Bayrağı"ordenli şəhid pilot mayor Təbriz Musazadənin qəbrinin ziyarəti ilə başlayan tədbirdə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva da iştirak edib. Şəhidin qəbrinin üzərinə gül dəstələri və əklil qoyulub, xatirə şəkli çəkilib.Tədbirin təşkilatçılığını "Şəhid övladları və kimsəsiz uşaqlara yardım" İctimai Birliyinin həmtəsisçisi ehtiyatda olan baş leytenant Mehdi Əsədullayev edib. Məhz buna görə, Mehriban xanıma çox təşəkkür edirəm, o hər zaman bizlərin yanındadır. Buna görə də, ona minnətdarıq. Bundan başqa, Müdafiə Nazirliyinə həyata keçirdiyimiz layihələrdə bizə dəstək olduqlarına görə təşəkkür edirəm. Onlar tək bizə deyil, həmçinin şəhid övladlarına da dəstək olurlar. ”


Ekspress.az

  • SON XƏBƏR
  • TREND