İlham Əliyev Sabunçu dəmir yolu vağzalının açılışında iştirak edib - FOTOLAR

21.05.2019 15:32
101
İlham Əliyev Sabunçu dəmir yolu vağzalının açılışında iştirak edib - FOTOLAR


Prezident İlham Əliyevin 2018-ci il 22 yanvar tarixli Sərəncamına əsasən, Bakı sərnişin-Sabunçu dəmir yolu yenidən inşa olunub. Layihənin tərkib hissəsi olan Sabunçu dəmir yolu vağzalı tamamilə yenidən qurulub. İnşasına ötən ilin iyunundan başlanılan üçmərtəbəli binanın ümumi sahəsi 4,1 min kvadratmetrdir. Artıq Sabunçu dəmir yolu vağzalı kompleksi sərnişinlərə xidmət göstərməyə tam hazırdır.


Prezident İlham Əliyev Sabunçu dəmir yolu vağzalının rəmzi açılışını bildirən lenti kəsdi.


Sonra xatirə şəkli çəkdirildi.


“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov dövlətimizin başçısına layihə üzrə görülən və görüləcək işlər barədə ətraflı məlumat verdi.

Qeyd edildi ki, layihəyə əsasən Bakı dairəvi dəmir yolu xətti üzrə görülən işlərin davamı olaraq Məmmədli kəndində uzunluğu 17 metr olan yeraltı avtomobil keçidi, həmçinin Kürdəxanı kəndində uzunluqları 22 metr olan yeraltı avtomobil və yerüstü piyada keçidləri tikilib.

Prezident İlham Əliyev Sabunçu dəmir yolu vağzalında yaradılan şəraitlə tanış oldu.


Binanın birinci mərtəbəsində gözləmə zalı, bilet satışı kassaları, məlumat bürosu, server otağı, əşyaların saxlanması kamerası yerləşir. Hər üç mərtəbədə ticarət mərkəzlərinin yaxın günlərdə istifadəyə verilməsi planlaşdırılır. Burada müasir dizaynla tərtib olunan istirahət guşələri sərnişinlərin rahatlığını təmin edəcək. İşçilərin əmək fəaliyyəti üçün bütün lazımi imkanın olduğu binada, eyni zamanda, hərəkət qabiliyyəti məhdud olan insanlar üçün də xüsusi şərait yaradılıb.


Vağzalda müasir təhlükəsizlik kameraları, yanğınsöndürmə və havalandırma sistemləri, əlavə olaraq eskalator, lift, 17 turniket quraşdırılıb, iki piyada alt keçidi inşa edilib. Layihə çərçivəsində Sabunçu vağzalında iki yeni platforma salınıb, işıqlandırma dirəkləri və müasir sərnişin dayanacaqları quraşdırılıb. Stansiyadakı üç dəmir yolu xətti tamamilə yenidən qurulub. Sabunçu vağzalında dəmir yolu polisinin üçmərtəbəli binası da tikilib və zəruri avadanlıqla təchiz olunub.


Sonra Prezident İlham Əliyev Bakı sərnişin - Sabunçu dəmir yolu xətti üzrə görülən işlərlə tanış olmaq üçün qatarla Bakı Dəmir Yolu Vağzalına yola düşdü.

Qeyd edildi ki, bu marşrut üzrə dəmir yolu xəttinin uzunluğu bir istiqamət üzrə 13,5 kilometrdir. Bakı sərnişin - Sabunçu dəmir yolu xətti üzərindəki Bakıxanov, Koroğlu, Keşlə və Nərimanov dayanacaqları tamamilə yenidən qurulub.


Bu gün Azərbaycan nəqliyyatının ən böyük sahələrindən biri dəmir yolu sektorudur. Azərbaycanın nəqliyyat sisteminin əsas sahələrindən olan dəmir yolu nəqliyyatı indi özünün sürətli inkişaf mərhələsindədir. Belə ki, son zamanlar bu sahənin inkişafı, yüksək dünya standartlarına çatdırılması istiqamətində məqsədyönlü layihələr, böyük həcmli işlər həyata keçirilir. Prezident İlham Əliyevin imzaladığı sərəncamlar, qəbul olunan dövlət proqramları bu sahədə islahatların daha da sürətlənməsinə, dəmir yolu nəqliyyatı vasitələrinin müasirləşdirilməsinə müsbət təsirini göstərib. Bakı Sərnişin-Sabunçu dəmir yolu xəttinin yenilənməsi də bu işlərin davamıdır.


Dövlətimizin başçısı Bakıxanov dayanacağında yaradılan şəraitlə tanış oldu.


Dayanacağın ümumi sahəsi 7 min kvadratmetrdir. Burada iki turniket binası və platforma tikilib. Bundan başqa, 16 turniket, uzunluğu 30 metr, eni 3,9 metr olan yerüstü piyada keçidi inşa edilib. Bakıxanov dayanacağının ərazisində yaşıllıqlar salınıb, avtomobillər üçün dayanacaq yaradılıb. Müasir işıqlandırma sistemi ilə təchiz olunmuş platformalarda sərnişinlərin rahatlığı üçün hər cür şərait var.


Bildirildi ki, Bakı sərnişin - Sabunçu dəmir yolu xətti üzərində yerləşən Koroğlu dayanacağının ümumi sahəsi isə 15 min kvadratmetrdir. Dayanacaqda iki turniket binası inşa edilib, 17 turniket, müasir işıqlandırma dirəkləri, oturacaqlar quraşdırılıb.


Sonra Prezident İlham Əliyev Keşlə dayanacağında yaradılan şəraitlə tanış oldu.


Məlumat verildi ki, ümumi sahəsi 10 min kvadratmetr olan Keşlə dayanacağında da iki turniket binası tikilib. Bundan başqa, dayanacaqda iki platforma, 10 turniket, uzunluğu 39 metr, eni isə 2,5 metr olan yeraltı piyada keçidi mövcuddur. Ətrafda yaşıllıq və abadlıq işləri görülüb, avtomobillər üçün dayanacaq yaradılıb. Platformada müasir işıqlandırma və yanğınsöndürmə sistemi quraşdırılıb.


Diqqətə çatdırıldı ki, Nərimanov stansiyasının binası da əsaslı təmir edilib, platformalar və buradakı yerüstü piyada keçidi yenidən qurulub. Stansiyada yeni dəmir yolları salınıb və müasir işıqlandırma dirəkləri ilə quraşdırılıb. Bakı sərnişin - Sabunçu dəmir yolu xətti üzrə bütün rabitə və işarəvermə işləri tamamilə yenilənib, elektrik dirəkləri, rigelləri və kontakt şəbəkəsi yenidən qurulub.


Bütün bunlar son illərdə ölkəmizdə nəqliyyat infrastrukturunun davamlı inkişafı üzrə dövlət siyasətinin tərkib hissəsidir. Bu gün Azərbaycanda dəmir yolu infrastrukturunun müasirləşdirilməsi, beynəlxalq standartlara uyğun qurulması Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü iqtisadi inkişaf strategiyasının bəhrəsidir. Bu strategiya Azərbaycanı Qərb ilə Şərq, Şimal ilə Cənub arasında ən mühüm nəqliyyat qovşağına çevirir.


Prezident İlham Əliyevin görülən işlərlə tanışlığı Bakı Dəmir Yolu Vağzalında başa çatdı.



*** 11:03


Mayın 21-də Azərbaycan Prezidenti İlham Əliyev Sabunçu dəmir yolu vağzalı kompleksinin açılışında iştirak edib, yeni inşa edilən Bakı sərnişin – Sabunçu dəmir yolu xətti üzrə görülən işlərlə tanış olub.


Ekspress.az AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı əvvəlcə qəsəbə sakinləri ilə görüşüb söhbət etdi.


Sakinlər göstərdiyi yüksək diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirdilər.

Sonra xatirə şəkli çəkdirildi.


Daha sonra Prezident İlham Əliyev Sabunçu dəmir yolu vağzalının rəmzi açılışını bildirən lenti kəsdi.


“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov dövlətimizin başçısına Bakı sərnişin – Sabunçu dəmir yolu xətti üzrə görülən işlər barədə məlumat verdi.


Sonra Prezident İlham Əliyev sərnişin qatarı ilə Bakıxanov və Keşlə vağzallarına gəldi, burada yaradılan şəraitlə tanış oldu.



Ekspress.az

  • SON XƏBƏR
  • TREND