Yıldırım-İmamoğlu teledebatının tarixi müəyyənləşib

10.06.2019 19:53
92
Yıldırım-İmamoğlu teledebatının tarixi müəyyənləşib

Türkiyədə İstanbul böyük şəhər bələdiyyə sədrliyinə namizədlər Əkrəm İmamoğlu ilə Binəli Yıldırımın teledebatının detalları məlum olub.


Cümhuriyyət Xalq Partiyasının (CHP) və hakim Ədalət və İnkişaf Partiyasının (AKP) təmsilçiləri arasında bu gün növbəti dəfə telefon danışığı aparılıb. AKP sədrinin müavini Mahir Ünal və CHP qrup sədrinin əvəzedicisi Engin Altay arasında aparılan danışıqda debatla bağlı qərar qəbul edilib. Daha sonra Mahir Ünal və Engin Altay birgə mətbuat konfransı keçirərək qərarı açıqlayıblar.


Qərara əsasən, iyunun 16-da keçiriləcək debat konkret bir kanalda yayınlanmayacaq. Ortaq yayım olacaq, istəyən televiziya kanalı proqramı yayımlaya biləcək.


Debatın moderatoru FOX TV-nin aparıcı İsmayıl Küçükkaya olacaq.


Qeyd edək ki, martın 31-də Türkiyədə bələdiyyə seçkisi keçirilib. İstanbul Böyük Şəhər Bələdiyyəsi sədrliyi uğrunda ən çox səsi Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Əkrəm İmamoğlu və hakim Ədalət və İnkişaf Partiyasının (AKP) namizədi Binəli Yıldırım toplayıb (APA). Ali Seçki Qurumu (YSK) Əkrəm İmamoğlunun 26 min səs fərqi ilə qalib gəldiyini açıqladıqdan sonra AKP seçkinin nəticələrinə etiraz edib və bir çox rayonda səslər yenidən sayılıb. Aprelin 17-də səslərin təkrar sayılması prosesi başa çatıb və səs fərqi 12 min nəfərədək düşüb.


AKP İstanbulda keçirilmiş bələdiyyə seçkilərinin nəticələrinin ləğvi və yenidən keçirilməsi tələbi ilə bağlı YSK-ya müraciət edib.


YSK aprelin 17-də İstanbul bələdiyyə sədri mandatını Əkrəm İmamoğluna təqdim edib, mayın 6-da isə İstanbulda seçkinin nəticələrinin ləğvinə qərar verib. İmamoğlunun mandatı geri alınıb.


Təkrar seçkinin iyunun 23-də keçirilməsinə qərar verilib.


YSK CHP və İYİ Partiyanın İstanbulda keçirilmiş bələdiyyə seçkilərinin nəticələrinin bütövlükdə ləğv olunması ilə bağlı şikasyətini isə təmin etməyib.


Xatırladaq ki, paytaxt Ankara və ölkənin üçüncü ən böyük şəhəri olan İzmirdə CHP-nin namizədləri qalib gəlib. Mansur Yavaş Ankara, Mustafa Tunç Soyer İzmirin bələdiyyə sədrləri olub.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND