Namizədlərim

08.01.2019 18:27
601
Namizədlərim

Hamı axtarışdadır. Gözəyarı hesablamalarıma görə, toyuq dönəri yeyənlərin tən yarısı, xaş yeyənlərin isə yarıdan çoxu millimizə baş məşqçi axtarır. Yazsam inanmazsınız, hətta AFFA da əsas yığmamızın sükanını əcnəbiyə tapşırmaq üçün baş sındırır. Son günlərə qədər mən elə bilirdim AFFA futbolumuzla ümumiyyətlə heç maraqlanmır. Futbol nazirliyimizdə maaş alanlar da əgər bu axtarışa qoşulublarsa və xaricdən mütəxəssis çağırırlarsa, deməli vəziyyət uruscadır, nəsə təcili tədbir görmək lazımdır.


Amma iş elə gətirib ki, bizim, sizin tədbirimizlə məsələ həll olunmur, yekun sözü yenə səhər-səhər AFFA-da işə gedənlər deməli olur. Nə etməli, bizim də bəxtimiz-taleyimiz belə gətirib, AFFA qazandıqca futbolumuz itirir.


İndi yaxşı ki, camaatımız vətəndaşlıq mövqeyi göstərib əsas millimizə baş məşqçi axtarır. Cəmi bir-iki il öncə cibindəki son qəpiyini də SMS-ə xərcləyib müğənni, rəqqasə, canım sizə desin, meyxanaçı axtarırdı. Azca da olsa inkişaf edirik, maşallah.


Mən də vicdanlı vətəndaş kimi xalqımıza qoşulub futbol millimizə baş məşqçi axtarıram. Hər halda köhnə azarkeşlərdən sayılıram, “Bakı”nın, “MKT Araz”ın, “Şəmkir”in, “Karvan”ın, “Turan”ın, “Viləş”in, “Xəzər-Lənkəran”ın dəfn mərasimlərində iştirak etmişəm. AFFA-nın uzaq Almaniyada futbol məktəbi açdığını eşitmişəm, bu məktəbin ölkə futboluna xeyir verəcəyi barədə 333 məqalə oxumuşam, klublarımızda Müşahidə Şurası deyilən qurumu görmüşəm, “Səbail”-“Sabah” derbisindəki basabasda əsgərlikdən qalma mazolum tapdalanıb...


Bəri başdan deyim ki, mənim namizədim yerli mütəxəssislərdi. Axı mənim AFFA kimi əlim uzaqlara yetmir. Aşağıda millinin baş məşqçisi kimi görmək istədiyim namizədlərin adlarını açıqlayacam, niyə məhz onları bu məsul postda görmək istədiyimi izah etməyə çalışacam. Görək necə alınır...


Milli Məclisin üzvü Elman Nəsirov - Bütün mövzulardan danışır, futbolu bilməmiş olmaz. Millimizin mümkün məğlubiyyətlərini çox rahat şəkildə əsaslandıra bilər. 


Xalq yazıçısı Çingiz Abdullayev - Əsərləri dünyanın müxtəlif ölkələrində çap olunur. “Neftçi”nin Müşahidə Şurasına rəhbərlik edəndə çox maraqlı fikirlər səsləndirib. Məncə baş məşqçi vəzifəsinin öhdəsindən də gəlməyi bacarar.


Fizioloq, tibb elmləri doktoru Rəşid Mahmudov - Populyar tibb mütəxəssisi. Sadə dildə və maraqlı danışmağı bacarır. Futbolumuzun belə bir həkimə ciddi ehtiyacı var.


Xalq artisti Səməd Səmədov - Zövqlə geyinir. Sənətçilər və jurnalistlərlə arada mini futbol oynayır. Yığmaya baş məşqçi təyin olunsa fikrimcə millinin geyiminə də bir düzən gələr.


“N-Brothers” qrupunun yaradıcısı, prodüser Namiq Qafarov - 3-4 nəfərdən qrup yaradıbsa 11 nəfərlik milli də formalaşdıra bilər məncə. Həmişə iddialı açıqlamalar verdiyindən diqqəti öz üzərinə cəmləyə bilir.


Polis zabiti Vaqif Əsədov - Mətbuat və ictimaiyyət üçün əlçatan səlahiyyət sahiblərindəndir. Yığmamızın sükanı arxasına keçsə, futbolçular qayda-qanuna əməl edərlər, millidə nizam-intizam da möhkəmlənər.


Müğənni Faytonçu Nazim - Sonuncu solo konsertinin adından belə başa düşdüm ki, Bakını çox sevir. Baş məşqçi kimi təsdiqlənsə millimiz ən azından öz meydanında uduzmaqdan utanar.


Gənc yazar Kəramət - İddialı gəncdir, bir anda gündəmi dəyişə bilir. Hər yerdə olduğu kimi, millidə də gənclərə imkan tanımaq lazımdır.


Müğənni Üzeyir Mehdizadə - Musiqi zövqümüzü korladı, deyirəm bəlkə futbol zövqümüzü bərpa edə bildi...


Aktyor Allahverdi Yolçiyev - Bir dublyaj filmində 28 obrazı səsləndirirsə, bir baş məşqçinin əvəzinə də danışar, nə çətin işdir ki?


Namizədlərim hələlik bu şəxslərdir. AFFA əsas futbol yığmamıza baş məşqçi axtarışını bir az da uzatsa, yeni siyahı da hazırlaya bilərəm. Bir incə detalı da qeyd edim, millimizin sükanı arxasında görmək istədiyim insanların əksəriyyətinin futbola bir o qədər də aidiyyəti yoxdur. Məncə bu, AFFA-nın işinə yaraya bilər. Futbolumuzu qaydaya salmaq adı ilə səhər-səhər ora işə gedənlər bu cür kadrları günün günorta çağı çıraqla axtarırlar. Bəlkə düz fikirləşmirəm?