Dilim-dilim dilim…

25.11.2018 18:25
505
Dilim-dilim dilim…

Əsas məsələ

 

[email protected]

 

Deyirlər, hələ də ana dilimizi bəyənməyənlər, bu dildə danışanlara xor baxanlar var. Deyirlərsə, demək ki, var. Hələ bunu Dilçilik İnstitutu deyirsə, mütləq vardır. Düzdür, institut bu xor baxanların kimlər olduğunu açıqlamayıb. Ancaq söhbətin kimlərdən getdiyi bəllidi. Heç sözü dolandırmadan deyim ki, söhbət rusdillilərdən gedir və özü də təzə söhbət deyil.


Nə müddətdi rusdillilərin çoxalmasından, rusdilli təhsilin fəsadlarından və s. danışılır. Bəri başdan onu da deyim ki, bu yazıda heç kimi müdafiə etmək fikrim yoxdu. Ən azından, rəhmətlik Sabir demiş, mən də müsəlmanam, a şirvanlılar. Sadəcə bir neçə fakt gətirəcəyəm, bir neçə arqument qoyacağam və sonda da onların arasında məntiqi əlaqə yaratmağa çalışacağam. Bunlara keçəməmişdən öncə isə tərəfsiz olduğumu təsbitləyən arqumentlərdən ən əsasını -yazının baş sualını qoyuram: 3-5, lap 5-10, lap-lap 15-20 nəfərin xor baxmağı mənim ana dilimi sevməyimə, bu dildə yaxşı danışmağıma (hələ mükəmməl demirəm!), yaxşı yazmağıma (hələ qüsursuz demirəm!) niyə mane olur? Bax, bunu başa düşə bilmirəm! Hə, deyəcəksiniz ki, 5-10, 15-20, heç 40-50 də deyillər, çoxdular. Onda mən də soruşuram, nə qədər çoxdular? Bizdən çoxdular? Gəlin, hesablayaq.


Bu il ali məktəblərə təxminən 58 243 abituriyent sənəd verib. 4739 nəfəri rus bölməsini seçib. 8%-ə yaxını. Bu il 41 000-ə yaxın abituriyent tələbə adını qazanıb. Rus bölməsinin tələbələrinin nisbəti təxminən 10%-di.


Azərbaycanda şagirdlərin sayı 1 416 000 nəfərdi. Bunlardan 6,3%-i -90 000-ə yaxını rus bölməsində təhsil alır.


Bu il Bakı məktəblərində 404 542 şagird oxuyur. Onların 68 772-si -17%-i rus bölməsinin şagirdləridi...


Bir ölkənin paytaxtında şagirdlərin 17 faizinin başqa dildə təhsil almasının yaxşı, ya pis, düz, ya səhv olması barədə polemika açmaq istəmirəm. İndi, niyə belə olub, niyə belədi, bu, başqa söhbətin mövzusudu. Sadəcə onu deyim ki, bu məsələdə hərənin öz arqumenti var və hərə də özünə görə haqlıdı. Səbəbləri də sosial, ictimai, siyasi, maddi, mənəvi, şəxsi və s. olaraq sıralamaq olar. Lakin fakt faktlığında qalır.


O da faktdır ki, tariximizin aşağı-yuxarı son 250 ilə yaxını Rusiya ilə çox sıx bağlı olub. Və hələ də Azərbaycanda 120 000 rus yaşayır. Əksəriyyəti də təbii ki, Bakıda. Bunun üstünə qarışıq ailələri, 10 000-ə yaxın yəhudini, ukraynalıları, belorusları, malakanları, hətta qazaxları, qırğızları, sonda da Bakıda yaşayan 20 000 ermənini gəlin. Ki, bunların özləri rusca danışır, övladları da rus dilində təhsil alır. Onda, məncə, 10%-ə, 17%-ə təəccüblənmək lazım deyil. Təəccüblü odur ki, necə olur, bu 10% qalan 90%-ə dominantlıq edir? Bəlkə faizlə mənzərə yaxşı aydın olmur, sadə bir misal çəkim: təsəvvür edin ki, bir məkanda 100 adam toplaşıb. Onlardan 90-ı Azərbaycan dilində danışır, 10-u başqa dildə. Bu 10 nəfərin 90-nəfəri necə xorladığını, sıxışdırdığını, gözüqıpıq elədiyini təsəvvür edə bilirsiniz? Əgər eləyə bilirsə, bağışlayın, bu artıq onların problemi deyil, bizim problemimizdi. Və əsas məsələ də budur ki, öz gözümüzdə tiri görə bilməyəndə ən asan yolu seçirik: günahı başqasında axtarırıq. Məsələn, müşahidələr göstərir ki, orta statistik azərbaycanlı artıq öz ana dilində fikrini ifadə etməyə çətinlik çəkir. TV-lərin, qəzetlərin, saytların dili bərbaddı. Bəyəm, bu KİV-lərdə çalışanların hamısı rusdillidi? Uzaqbaşı 10%-i olsun. Bəs qalan 90%? Qalan 90% ana dilində danışa, yaza, hətta oxuya bilmirsə, bunun günahı o 10%-dədi?..


Qaldı, xorlamaq məsələsinə, inanmıram ki, kimsə kiməsə azərbaycan dilində danışdığına görə xor baxsın. Məsələ hansı dildə danışmaqda deyil, məsələ nə danışmaqda, necə danışmaqdadı. Bir ətrafınıza nəzər salın. Hamımızın hər gün rastlaşdığımız mənzərədi bir neçə kişinin eyni vaxtda bütün avtobusa reportaj verirmiş kimi dilin ağzını-gözünü əyə-əyə telefonda düşüklük eləməsi. Telefon tutan əlini qarnına dirsəkləyən qadının ağzı qulağının dibində şit-şit hırıldayaraq "Facebook" sevgilisi ilə əttökən söhbəti.


Bax, buna mən də xor baxıram. Yoxsa kimin həddi nə mənim dilimə dil uzada!