Ermənidən də betərlər

18.12.2018 11:10
327
Ermənidən də betərlər

Bəlkə də Nərmin Şahmarzadə adlı adamın varlığıyla yoxluğundan, o, Milli Qəhrəman Mübariz İbrahimov haqqında yazmasaydı, kimsənin xəbəri olmayacaqdı. Özünü psixoloq kimi təqdim edərək, bir şəhid haqqında ermənidən də betər fikir söyləyən bu adamcığaz adam olub adamlar cərgəsinə qoşulmaq istədi, amma alınmadı. Olmadı...

 

Özünü psixoloq kimi təqdim edən bir adamcığazın sosial şəbəkədə yazdığı status üç gündür müzakirə olunur. Nərmin Şahmarzadə adlı bu məxluq Milli Qəhrəman Mübariz İbrahimovun qəhrəmanlığını özlüyündə qəhrəmanlıq saymır. “Azərbaycan kişisi deyəndə nümunə kimi Mübariz İbrahimovu çəkdi bir dostum, amma mən belə hesab etmirəm. Döyüş zamanı olsa, özünü və vətəni müdafiə edərək insanı öldürməyə hardasa qəhrəmanlıq demək olar. Çünki dəyər hesab etdiyin insanlıq, mərhəmət hissini digər dəyər hesab etdiyin şeyə qurban verirsən, o öldürdüyün adama düşmən desən də, vicdanın sızlayar yəqin ki, buna görə dəyər hesab etdiyin şeyi qorumaq üçün digər dəyərindən imtina etməyinə bəlkə də qəhrəmanlıq demək olar.


Amma döyüş olmadan, vətəni, yaxınlarını, öz canını itirmək təhlükən olmadan birini öldürürsənsə, bu, qəddarlıqdır, mənə görə. Bəlkə də öldürdüyü erməni əsgəri bütün proseslərdən sonra doğulmuş, zərrə günahı olmayan, sərhəddə qalarkən qorxu keçirən, evə qayıtmaq üçün gün sayan biri idi. Bəlkə də yatarkən ailəsinə qovuşması üçün bir günün daha bitdiyini təsəvvür eləməmişdi. Amma kimsə onu etmədiyi bir şeyə görə günahlandırıb öldürür. Həmçinin Mübariz sağ qalıb geri qayıtsaydı, hərbi cinayət işi açılacaqdı çox güman. Çünki əmr almadan sərhədi keçmişdi. Əslində, qəhrəman dediymiz şəxs dövlətə siyasi olaraq təhlükə yaratmışdı. Bu yazı kimisə təhqir və ya gözdən salmaq məqsədilə yazılmayıb, sadəcə hər şeyi kor-koranə qəbul etmək asana qaçmaqdır”.


Milli Qəhrəman haqqında ermənidən də betər söz söyləyən bir azərbaycanlının bu statusu Azərbaycanda hər kəsin etirazına səbəb olub. Utanmadan, saytlara müsahibə verərək, dediyinin üstündə durduğunu bəyan edir, üstəlik erməni qızı ilə dostluğuna haqq qazandırır.


Bu adamı yazdıqlarına görə cinayət məsuliyyətinə cəlb etməyin lazım olduğunu deyənlər də var: “Məsələyə mütləq hüquqi qiymət verilməlidir”.


Dünənəcən dediyinin üstündə durduğunu bildirən bu adamcığaz bu gün fikrini dəyişib. Şəhidin atası Ağakərim İbrahimovdan üzr istəyən “psixoloq” Mübariz İbrahimovu heç vaxt “qatil” adlandırmadığını, heç kimin şərəf və ləyaqətini alçaltmadığını deyib.


Açığı, belələrinə cavab verməmək də olardı. Nədən ki, yel indiyədək qayadan heç nə aparmayıb. Amma o biri tərəfdən, cavab vaxtında verilməlidir ki, başqaları da ermənidən betər ermənilik iddiasına düşməsin...